Məhkəmə qərarları › İş №2(103)-4212/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4212/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4212/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “borcun tutulması”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1219/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı "xxxx" ASC Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 4929 manat əsas, 971,25 manat faiz, 247,54 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6147,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,48 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləni imzalamaqla "Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 28% olmaqla 5000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 noyabr 2024, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 4929 manat əsas, 971,25 manat faiz, 247,54 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6147,79 manat borcu yaranmışdır.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 01U/21 saylı, xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsi 15.04-cü bəndinə əsasən, mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür; - 4682sAHMb/22 №-li, xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, bank Cavabdeh xx.xx.2025-ci il tarixinədək, illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit vermişdir; - ”Unibank KB” ASC tərəfindən verilmiş bildirişə (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka xx.xx.2024-cü il tarixinə 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 məbləğində gecikmə yaranmışdır. Bütün borc məbləğinin ödənilməsini 3 iş günü ərzində təmin edilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; - 21 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınam haqqında qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərəçəkmiş şəxs qismində tanınması qərara alınmışdır; - 04 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərar; - 14 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 4929 manat əsas, 971,25 manat faiz, 247,54 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 6147,79 manat borcu qalmışdır.

3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1219/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Unibank KB” ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 76,10 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçı ”Unibank KB” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 739.3, 740, 742, 743, 744.1, 744.5; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad edilməklə qeyd edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Cavabdeh tərəf kartdan pulun oğurlandığını (§11) qeyd etsə də, məhkəmə araşdırması zamanı cabdehin mobil telefonuna sms xəbərdarlıq gəldiyi, təhlükəsizlik kodu göndərildiyi, cavabdehin də bundan xəbərdar olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01U/21 saylı, xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin 15.04-cü maddəsinə əsasən, mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət istifadəçinin üzərinə düşür (§8). Bu səbəbdən də cavabdehin qeyd etdiyi kimi mobil operator üzərindən hər hansı qeyri-qanuni əməliyyat aparılmış olsa belə, bu məsələdə məsuliyyət cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, borcalana bildiriş verilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirmiş olur. Mülki iş materiallarına əlavə edilmiş bildiriş-xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2024-cü il tarixinə 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 manat məbləğində borcu olduğu bildirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 manat məbləğində borc "Unibank KB” ASC -nin xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-1219/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı "xxxx" ASC-ni iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 427.3, 430.1, 442, 443.1, 445.1, 448; Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 9, 14.1, 88, 217.1, 217.2, 217.3, 254-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə 2(011)-1219/2025 saylı, xx.xx.2025-ci il tarixli qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamə prosessual hüquq normalarının kobud şəkildə pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, əslində mübahisənin predmeti olan borc pul vəsaitini o, yox, məhz onun təhlükəsizlik kodundan istifadə edilməklə X5 tərəfindən götürülmüşdür. Belə ki, məhkəmə iclasında da qeyd etdiyi kimi, kredit kartından uzun müddət istifadə etməmişdir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında istifadə etmişdir. O, mart ayının 6-da mobil tətbiqə daxil olan zaman fevral ayının 24-də 4900 manat başqa yerli karta köçürmə olduğunu görmüşdür. Bundan sonra banka müraciət etmiş və bankdan polis orqanına müraciət etməli olduğumu bildirmişlər. Sonra isə 35-ci polis bölməsinə müraciət etmişdir. Hazırda Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində faktla bağlı cinayət işi açılmış və o, zərəçəkmiş qismində tanınmışdır. X1 təqsirləndirilməsinə dair cinayət işi uzrə ibtidai araşdırma yekunlaşmış, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 21 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarı da məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə tərəfindən buna qanunsuz və əsassız olaraq hüquqi qiymət verilməmiş və istifadə etmədiyi kredit xətti üzrə borclu qismində onu tanıyaraq borcun götürülməsi ilə bağlı məsuliyyəti daşıdığı qənaətinə gəlmişdir. Halbuki, kredit müqaviləsi üzrə borc verən (kreditor) nəzərdə tutulmuş borcu borcalana (borclu) verməyi və borcalan da öz növbəsində borcu və faizini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi və öhdəliklərini lazımı qaydada yerinə yetirməyi üzərinə götürür. Hazırki xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5000 manat məbləğində borc pul vəsaiti faktiki olaraq ona verilmədiyi üçün heç bir öhdəlik və məsuliyyət daşımır. Bundan əlavə, hazırki iş üzrə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsiındə cinayət işi üzrə ibtidai istintaq davam edir. Məhkəmə belə bir vəziyyətdə MPM-nin 254-cü maddəsinə uyğun olaraq iş üzrə icraatı dayandırmalı olduğu halda bunu etməyərək prosessual pozuntuya yol vermişdir. Hazırki iş üzrə kibercinayət mövcuddur ki, məhkəmə bunu bildiyi halda borcun ödənilməsi vəzifəsini onun üzərinə qoymuşdur. Lakin maddi hüquq normasının təfsiri borcun götürülən şəxs tərəfindən ödənilməli olduğunu göstərir. Həmin vəsait də Şamxal Abbasov tərəfindən götürüldüyünə görə qeyd olunan müqavilə üzrə əsl borclu odur. Bu səbəbdən qətnamədə qeyd olunan məbləği ödəməli şəxs məhz Şamxal Abbasovdur. Göründüyü kimi məhkəmə iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən MPM-nin qeyd olunan maddisinin tələbi də pozulmuş, qətnamədə eyni predmet üzrə davam edən cinayət işində cavabdehin zərərçəkmiş şəxs qismində tanınması qeyd olunsa da, həmin hallar araşdırılaraq hazırki mülki iş üzrə icraatı dayandırmalı olduğu halda, dayandırılmayaraq, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməyərək qeyd olunan prosessual hüquq norması iş üzrə tətbiq edilməmişdir. Qətnamədə istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun təhlükəsizlik kodundan başqa bir şəxsin istifadə etməsi ilə kredit götürməsi ilə əlaqədar heç bir məlumatım olmamışdır. Bu barədə bir neçə ay sonra mobil tətbiqə daxil olan zaman xəbəri olmuşdur. Bununla bağlı da əvvəlcə banka sonra aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verməklə, şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Belə ki, 4682sAHMb/22 №-li, xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı bank Cavabdeh xx.xx.2025-ci il tarixinədək, illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit vermişdir. 01U/21 saylı, xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin 15.04cü maddəsinə əsasən, mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür ”Unibank KB” ASC tərəfindən verilmiş bildirişə əsasən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka xx.xx.2024-cü il tarixinə 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 məbləğində gecikmə yaranmışdır. Bütün borc məbləğinin ödənilməsini 3 iş günü ərzində təmin edilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. Cavabdehin mübahisənin predmeti olan borc pul vəsaitini o, yox, məhz onun təhlükəsizlik kodundan istifadə edilməklə X5 tərəfindən götürülməsinə və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində faktla bağlı cinayət işi açılması, zərəçəkmiş qismində tanınması, X1 təqsirləndirilməsinə dair cinayət işi uzrə ibtidai araşdırmanın yekunlaşdığı və işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə apellyasiya şikayətinin dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini təsdiq edən sənəd cavabdeh tərəfindən (birinci instansiya məhkəməsinə) təqdim edilməmişdir, istintaq orqanında cinayət işinin araşdırılması isə məhkəmə icraatının dayandırılması üçün əsas deyildir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004cü il tarixli Qərarında qeyd edilmişdir ki, Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə məyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz. Göründüyü kimi, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün qənaətə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Cavabdehin diqqətinə çatdırılmalıdır ki, ona dəymiş ziyanla bağlı cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınmış və təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi təqdirdə ondan reqres qaydasında dəymiş ziyanı tələb etmək hüquqları vardır.

14. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1219/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar