Məhkəmə qərarları › İş №2(103)-4215/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4215/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4215/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin mövcud olmadığının müəyyən edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Kutlu X4 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında pul barədə mübahisə var. İddiaçı iddia edir ki, Cavabdeh 750.000 avro, 110.000 ABŞ dolları və 107.000 manat borc verib. Cavabdeh həmin məbləğdə borcunun olması barədə xx.xx.2021-ci il tarixli yazılı iltizam verib (iş v. 187). İddiaçı bildirir ki, borc pul indiyə kimi geri qaytarılmayıb. Cavabdeh buna etiraz edərək bildirir ki, xx.xx.2021-ci il tarixli yazılı iltizam hədəqorxu nəticəsində tərtib olunub. İddiaçı pulu fiziki şəxs kimi ona deyil, onun direktoru olduğu "xxxx" MMC-yə verib. Pul MMC-nin normal təsərrüfat fəaliyyətinin tənzimlənməsi məqsədilə maliyyə yardımı kimi verilib və razılaşma belə olub ki, görülən işlərin müqabilində əldə ediləcək gəlirin 70 faizi İddiaçı veriləcək. 2019-cu ilin sentyabr ayında İddiaçı ilə "xxxx" MMC-nin arasında bu barədə müqavilə (iş v. 25) bağlanıb. Tələb və onun həlli: İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, 750.000 avro, 110.000 ABŞ dolları və 107.000 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələb olunub ki, tərəflərin arasında 750.000 avro, 110.000 ABŞ dolları və 107.000 manat borcun verilməsi barədə əqdin mövcud olmadığı müəyyən edilsin və xx.xx.2021-ci il tarixli iltizam etibarsız hesab olunsun. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, ilk iddia təmin edilsin, 750.000 avro, 110.000 ABŞ dolları və 107.000 manat Cavabdeh alınaraq İddiaçı verilsin, qarşılıqlı iddia təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd edilsin, qarşılıqlı iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Mülki işdə iki iddia – ilk və qarşılıqlı iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: İlk iddia barədə: Pul "xxxx" MMC-yə deyil, Cavabdeh verilib. Bu, göstərilənlərlə təsdiq olunur: Birinci, Cavabdeh özünün yazdığı xx.xx.2021-ci il tarixli iltizamla (iş v. 187). Cavabdeh bu iltizamda İddiaçı pul aldığını etiraf edib və iltizamı imzalayıb. İkinci, pulun "xxxx" MMC-nin hesabına mədaxil edildiyini təsdiq edən sənəd yoxdur, bu isə onu təsdiq edir ki, pul Cavabdeh verilib. Üçüncü, İddiaçı ilə "xxxx" MMC-nin arasında 2019-cu ilin sentyabr ayında bağlanmış müqavilənin məzmunu ilə. Bu müqaviləni MMC-nin derektoru kimi Cavabdeh imzalayıb. Müqavilənin 1.1-ci bəndində qeyd olunub ki, pul Cavabdeh pul vəsaitinə ehtiyacı yarandığına görə verilir. Müqavilənin mətninə Cavabdeh pul vəsaitinə ehtiyacının yaranmasının daxil edilməsi onu təsdiq edir ki, pul ona verilib. O cümlədən müqavilənin 1.1-ci bəndində açıq mətnlə qeyd olunub ki, pul Cavabdeh verilib. Dördüncü, səs yazısı ilə. İddiaçı məhkəməyə təqdim etdiyi səs yazısında Cavabdeh etiraf edib ki, pul ona verilib. Pul borc verilib. Pulun Cavabdeh başqa məqsədlə verildiyini təsdiq edən sübut yoxdur. Cavabdeh özünün yazdığı xx.xx.2021-ci il tarixli iltizam və onun səs yazısı pulun borc verildiyini təsdiq edir. Pulun "xxxx" MMC-yə verildiyi təsdiqini tapmadığına görə 2019cu ilin sentyabr ayında bağlanmış müqavilədə (MMC-nin tərəf olduğu müqavilədə) göstərilən məqsəd (maliyyə yardımı) pulun verilməsinin məqsədi kimi qəbul oluna bilməz. Borc pulun məbləği 750.000 avro, 110.000 ABŞ dolları və 107.000 manat olub. Bu, Cavabdeh özünün yazdığı xx.xx.2021-ci il tarixli iltizamla təsdiq olunur(iş v. 187). Həmin iltzamda Cavabdeh göstərilən məbləğdə pul aldığını etiraf edib və iltizamı imzalayıb. Bundan başqa, İddiaçı məhkəməyə təqdim etdiyi səs yazısında Cavabdeh etiraf edib ki, göstərilən məbləğdə pul ona verilib. Borc pul 2020-ci ildə hissə-hissə verilib. Belə ki, İddiaçı vəkili apellyasiya icraatı zamanı bildirib ki, pul 2020-ci ildə hissə-hissə verilib. Əks tərəf bu tarixin həqiqliyini inkar etmədiyinə görə pulun verildiyi tarix 2020-ci il kimi qəbul olunmalıdır. Borc pulun qaytarıldığı sübut olunmur. Borc pulun qaytarıladığını sübut etmə yükü borcalanın - Cavabdeh üzərinə düşür, lakin o, bu barədə sübut təqdim etməyib. Borc müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsızdır. Belə ki, xx.xx.2021-ci il tarixli iltizam yazılı müqavilə hesab olunmur, pul şifahi borc müqaviləsinə əsasən verilib. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa o, yazılı formada bağlanmalıdır. Hazırkı işdə borc verilən pulun məbləği 3.000 manatdan çoxdur. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Borc pulun əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılması qət olunmalıdır. İddia ərizəsində iddianın əsası kimi borc müqaviləsinə istinad olunsa da, iddianın təmin edilməsi barədə qətnamədə əsassız varlanmaya istinad olunması iddianın əsasının dəyişdirilməsi sayılmır. Çünki əqdin əhəmiyyətsiz sayılması üçün iddia verilməsinə zərurət yoxdur. Bunu Mülki Məcəllənin 337.3-cü maddəsinin göstərişi də təsdiq edir: “Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir”. İddianın əsaslandığı əqd (borc müqaviləsi) hüquqi fakt kimi iddianın əsasını təşkil edir. Əqd əhəmiyyətsiz olduqda yeni hüquqi fakt yaranmır, əvvəlki hüquqi fakt (əqd) iddianın əsası kimi qalmaqda davam edir, sadəcə, hüquqi fakta məhkəmə tərəfindən qanuna uyğun qiymət verilir. Yəni iddiaçı hüquqi faktı “etibarlı borc müqaviləsi” adlandırsa da, məhkəmə onu “əhəmiyyətsiz borc müqaviləsi” adlandırır. Məhkəmənin bu hərəkəti iddianın mahiyyətinin dəyişməsində səbəb olmur, iddia “öhdəliyin icrası barədə” iddia kimi həll olunur. Belə ki, pulun qaytarılması öhdəliyin icrası kimi tələb olunub, əsassız varlanma isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir, həmin əsasla eyni pulun qaytarılması qət olunur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, iddiaçının borc müqaviləsini yanlış olaraq etibarlı əqd hesab etməsi iddianın rədd edilməsinə səbəb ola bilməz. Əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalı olmasını Konstitusiya Məhkəməsi də təsdiq edib. Həmin məhkəmənin “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə görə, 354.1-ci maddə ilə müəyyən edilmiş 1 illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. İddiaçı 354.1-ci maddədə müəyyən edilmiş 1 illik müddəti ötürməyib. Həmin maddəyə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Pul 2020-ci ildə hissə-hissə verilib. Pulun verildiyi tarix dəqiq müəyyən edilmədiyinə görə həmin təqvim ilinin sonuncu günü 1 illik müddətin axımının başlandığı gün kimi qəbul olunmalıdır. Cavabdeh xx.xx.2021-ci il tarixli iltizamda borcunun olduğunu etiraf edib və qeyd edib ki, pulu 2022-ci ilin may ayına qədər ödəyəcək. Ona görə də hesab olunur ki, öhdəliyin icrasına möhlət verilib. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə, öhdəliyin icrasına möhlət verildikdə müddətin (tələb hüququna xitam verən müddətin) axımı başlanmır və müddət dayandırılır. Ona görə də müddətin axımı 2022-ci ilin may ayından başlayıb. Bundan 2 ay sonra xx.xx.2022-ci ildə hazırkı iddia verilib. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ilk iddiaya aid hissədə ləğv edilməli və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddiada 2 tələb var: borc verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi və xx.xx.2021-ci il tarixli iltizamın etibarsız hesab olunması. Borc verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, mülki hüquqda “mövcud olmayan əqd” və “əhəmiyyətsiz əqd” ayrı-ayrı anlayışlardır. Mülki Məcəllənin 324.6-cı maddəsində qeyd olunub ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Tərəflərin arasında borc müqaviləsi mövcuddur, yəni iradənin məzmunu dəqiq müəyyən olunur: borc verilməsinə və borc alınmasına yönələn iradə ifadə edilib. Lakin müqavilə əhəmiyyətsiz əqddir, çünki forma ilə bağlı tələbə əməl edilməyib. Əgər əqd əhəmiyyətsizdirsə, məhkəmə əqdin mövcud olmadığını müəyyən edə bilməz. Çünki əqdin əhəmiyyətsiz sayılması üçün əvvəlcə onun mövcud olduğu müəyyən edilməlidir, mövcud olmayan əqd əhəmiyyətsiz əqd kimi tanına bilməz. Bu zaman “əqdin mövcud olması” deyiləndə əqdin etibarlı olması nəzərdə tutulmur, iradə ifadəsi nəzərdə tutulur, elə iradə ifadəsi ki, onun məzmunu dəqiq müəyyən olunur. xx.xx.2021-ci il tarixli ltizamın etibarsız hesab olunması barədə tələb təmin oluna bilməz. Birinci, bu iltizam əqd deyil, öhdəliyin təsdiqi üçün verilən borc sənədidir. Mülki Məcəllənin 529.3-cü maddəsinə görə, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İkinci, Cavabdeh bu iltizamın hədə-qorxu nəticəsində tərtib olunduğunu iddia etsə də, hədə-qorxu tətbiq edildiyini təsdiq edən sübut təqdim olunmayıb. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı ilk iddiası təmin olunsun. 750.000 (yeddi yüz əlli min) avro, 110.000 (yüz on min) ABŞ dolları, 107.000 (yüz yeddi min) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 1.591 (min beş yüz doxsan bir) manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 159,10 (yüz əlli doqquz tam yüzdə on) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar