Məhkəmə qərarları › İş №2(103)-4215/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4215/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4215/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3801/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Masallı Rayon Məhkəməsinin 2(050)-751/2019 saylı, 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 110 manat olmaqla, ümumilikdə 220 manat alimentin tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 2(050)-751/2019 saylı, 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirərək Cavabdeh 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi hər ay 470 manat sabit pul məbləğində alimentin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat pulun Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, iddiaçı övladına görə hər ay ödənilməli olan alimentin miqdarının artırılması və hər ay hər uşaq üçün 235 manat, cəmi hər ay 470 manat sabit pul məbləğində ödənilməsi ilə bağlı cavabdehə mediasiya təklifi vermiş, təklifinə cavab verilmədiyindən mediasiya şurasına ərizə ilə müraciət etmişdir. İştirak etsə də cavabdehin qəbul etməməsi səbəbindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmiş, “Mediasiya haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən iddiaçıya arayış verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3801/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsi (hakim Toğrul Axundov) ilə iddia tələbinin təmin edilərək Masallı Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(050)-751/2019 saylı qətnaməsi əsasında 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək artırılması; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 13 avqust 2012-ci il təvəllüdlü X4 və 10 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması; Cavabdeh 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbinin həcmini, uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi hallara münasibətdə qeyd edib ki, məhkəmə verilmiş iddia tələbi həcmində işə baxır. İddiaçı sabit pul məbləğində təyin edilmiş aliment məbləğinin artırılmasını tələb etdiyindən, məhkəmə verilmiş tələb həcmində işə baxılmasını qanuni hesab edir. Eyni zamanda, cavabdeh yenidən evləndiyini, övladının doğulacağını və himayəsində ata-anasının olmasını qeyd etsə də, buna dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, məhkəmə işə baxarkən iddiaçının aidiyyət qaydalarına riayət edib-etməməsini yoxlamamışdır. İddiaçı Masallı rayonunda qeydiyyatda olmasına baxmayaraq Xətai Rayon Məhkəməsi işi icraatına götürmüşdür. Belə ki, iddiaçı məhkəməyə Mənzil Kommunal Təsərfüt Birliyinin 94 saylı Mənzil Kommunal İstismar Sahəsindən qeydiyyatsız yaşaması ilə bağlı arayış almış, həmin arayışı məhkəməyə təqdim etmişdir. Halbuki, şəxs həmin ünvanda yaşamır, Mənzil Kommunal İdarəsindən isə hansısa yolla arayış alaraq məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı ümumiyyətlə həmin ünvanda olmur. İddiaçı əgər Bakı şəhərində yaşayırdısa olduğu yer üzrə qeydiyyata düşməli, bu barədə iddiaçının şəxsiyyət vəsiqəsinin elektron sisteminə düzəlişlər edilməli idi. Bu halda məhkəmə iddiaçının olduğu yer üzrə işə baxa bilərdi. Halbuki, bu hallar iddiaçıda mövcud deyil. İddiaçı yalandan yaşayış yerindən arayış almaqla pozmuş, hüququn pozulduğunu görən hakim isə buna göz yumaraq iddianı icraata qəbul etmişdir. Halbuki, iddiaçınnın məhkəməyə təqdim etdiyi arayış şəxsin müvəqqəti qeydiyyatsız Bakı şəhərində yaşamasını göstərən hüquqi sənəd deyil. Bundan əlavə, Xətai Rayon Məhkəməsinə işlədiyi iş yerindən arayış təqdim etmiş və ondan başqa gəlirinin olmamasını bildirmişdir. Xətai Rayon Məhkəməsi isə Ailə Məcəlləsinin normasını pozaraq onun gəliri olduğu halda alimentin məbləğini sabit pul məbləğində artırmışdır. Halbuki, mövcud qanunvericilik norması sabit pul məbləğində alimentin tutulmasını yalnız şəxsin qazancının konkret olmamasını, müntəzəm dəyişkən olmasını qeyd etmişdir. O isə konkret olaraq aylıq əmək haqqı alır və başqa bir yerdən gəliri də yoxdur. Hakim isə əksinə sosial hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərək maddi hüquq normalarını və prosesual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı eyni zamanda iddiasında uşağın təlabatlarının artması, uşaqın saxlanılması üçün hansı məbləğdə alimentə ehtiyacı olmasını, onun isə hansı vəziyyətinin dəyişməsini və yenidən ailə qurmağını, yaxın vaxtlarda övladının olmasını məhkəmə nəzərə almamışdır. Məhkəmə Ailə Məcələsinin 78.2-ci maddəsinə uyğun heç bir əsaslandırma etməmiş, uşağın əvvəlki təminatı səviyyəsini, digər diqqətə layiq halları araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

6. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və məhkəmədən şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh oğlu isə məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Lakin Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə göstərib ki, o, işləməklə aylıq əmək haqqı alır və iş yerindən elektron əmək müqaviləsini də məhkəməyə təqdim etmişdi. Lakin Xətai Rayon Məhkəməsi onun aylıq konkret gəlirinin olmasına baxmayaraq sabit pul məbləğində aliment kəsmişdir. Bundan əlavə, iddiaçı aidiyyət qaydalarına əməl etmədən iddianı Xətai Rayon Məhkəməsində qaldırmışdır. Halbuki, iddiaçı Masallı rayonunda qeydiyyatdadır, lakin saxta və qanunsuz olaraq Bakıda Mənzil Kommunal Təsərrüfat idarəsindən arayış almışdır ki, guya Bakı şəhərində qeydiyyatdadır və orada yaşayır. Məhkəmə bu hallara qiymət vermədən qətnamə qəbul etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

11. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

12. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv olunması xahiş edilib, şikayətin məzmunundan da görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin artırılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

22. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə rəsmi nikah münasibətlərindən olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər alimentin artırılmasının rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 235 manat olmuş və bu məbləğin azaldılması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

23. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının rədd edilməsi üçün əsas ola bilməzdi.

24. Məhkəmə tərkibi hətta qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi vurğuladığı “yenidən ailə qurması və həmin nikahdan da övladının olacağı” faktı nəinki məhkəmənin qanuni və ədalətli qətnaməsinin ləğvi üçün əsas ola bilməz, hətta mənəvi baxımdan da müsbət qarşılanmayan haldır. Belə ki, bu fakt uşağın qanuni və mənəvi haqqı olan alimentdən yayınmaq üçün vasitə olmamalıdır. Əksinə övladının təməl xərclərini qarşılamaq üçün kifayət qədər maddi imkanı olmadığını bəyan etməsi ilə cavabdehin yenidən ailə qurması bir-birinə uyğun olmayan, yəni bir-birini tamamlamayan hallar sayılır. Valideynlərin ayrılmasının uşağın psixoloji vəziyyətində yaratdığı natamamlıq hissi danılmazdır. Uşağın təməl xərclərinin cüzi hissəsini qarşılaması üçün artırılan aliment məbləğinin mübahisə predmeti olması atanın valideyn kimi öhdəliyindən yayınması təəssüratı yaradır. Ancaq cavabdeh də bilməlidir ki, iddiaçı ilə uğursuz nikah münasibətlərinin acısını uşaqlar çəkməməlidir.

25. Ərazi aidiyyəti qaydalarına riayət edilməməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, MPM-in 36.3-cü maddəsi iddiaçıya alimentlə bağlı iddianın özünün yaşadığı yerə görə də verilə bilməsi seçimini vermişdir və o, da bu hüququndan istifadə edib. Qeyd olunan normada iddiaçının qeydə alındığı yer deyil, məhz yaşadığı yer təsbit olunmuşdur. Yaşadığı yer üzrə qeydə alınıb-alınmaması isə ərazi aidiyyəti qaydalarının pozulduğunu bəyan etmək üçün əsas deyildir. Çünki iddiaçı tərəfindən qeyd olunan ünvanda yaşamasına dair dövlət orqanının rəsmi verdiyi arayış mövcuddur(bax.i.v.7). Əgər həmin arayışın həqiqiliyinə cavabdeh şübhə edirsə bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmək hüququndan istifadə edə bilər. 26.Sabit pul məbləğində təyin edilmiş alimentin sabit pul məbləğində artırılmasını tələb etmək iddiaçının seçimi və hüququ sayılır. Bu məsələ aliment ödəyən cavabdehin yaxud məhkəmənin təşəbbüsü ilə həll edilmir. Cavabdehin əmək müqaviləsi üzrə işləməsi isə alimentin sabit pul məbləğində artırılmasından imtina etmək üçün əsas ola bilməz. Çünki Ailə Məcəlləsində bu halı qadağan edən məcburi norma nəzərdə tutulmamışdır.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3801/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3801/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar