Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4216/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, bankla Cavabdeh1 arasında bağlanmış 19.03.2018ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 4320,28 manat əsas, 717,26 manat faiz borcu olmaqla cəmi 5037,54 (beş min otuz yeddi manat 54 qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq banka ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və borcunun hissə-hissə ödənilməsinə icazə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini borcunu maddi vəziyyətində yaranmış çətinliklər səbəbindən ödəyə bilməməsi, məhkəmənin isə bunu nəzərə almaması arqumentləri ilə əsaslandırmışlar. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə (onun mübahisələndirdiyi hissədə) yoxlanılması təşkil edir. Cavabdeh2 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, Cavabdeh1 apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh1 münasibətdə (onun mübahisələndirdiyi hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh1 (kredit alan) və İddiaçı ASC (bank) arasında 19 mart 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, borcalana 10 000 manat məbləğində pulu illik 29% olmaqla 36 ay müddətinə verməyi, borcalan krediti və ondan istifadəyə görə faizləri müəyyən olunmuş müddətlərdə banka qaytarmağı öhdələrinə götürmüş, eyni tarixli zaminlik müqaviləsi əsasında Cavabdeh2 Cavabdeh1 öhdəliklərinə görə zamin durmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borcalan kredit öhdəliklərini icra etməmiş və bu səbəblə onun iddiaçı banka 4320,28 manat əsas, 717,26 manat faiz borcu olmaqla cəmi 5037,54 (beş min otuz yeddi manat 54 qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində irəli sürdüyü hallarla bağlı qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir; borcun hissə-hissə ödənilməsinə icazə verilməsi məsələsinə isə müvafiq müraciət olduğu təqdirdə səlahiyyətli məhkəmə tərəfindən baxıla bilər. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1150/2021 saylı iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə (onun mübahisələndirdiyi hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh1 aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4216/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4216/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver