Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4218/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)-3924/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Məmmədova (Əsgərova) Nurlana Vilayət qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 416F/12 nömrəli, 21.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə 21.10.2019-cu il tarixə əsas borc üzrə 1670,89 AZN, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu 940,24 AZN, cəmi 2611,13 AZN məbləğində borcun və ləğv prosesində olan "xxxx" ASC tərəfindən ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 AZN xidmət haqqının Bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 12 saylı filialı ilə cavabdeh Məmmədova (Əsgərova) Nurlana Vilayət qızı arasında bağlanmış 416/F12 nömrəli, 21.07.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Məmmədova (Əsgərova) Nurlana Vilayət qızına illik 5 %-lə, 12 ay müddətinə 2000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh tərəfindən 07.06.2018-ci il tarixində 49 AZN məbləğində ödəniş edilmişdir. "Bank of Azerbaijan” ASC ilə cavabdeh Məmmədova (Əsgərova) Nurlana Vilayət qızı arasında bağlanmış 416/F12 nömrəli, 21.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə 21.10.2019-cu il tarixə cavabdeh Məmmədova (Əsgərova) Nurlana Vilayət qızının ləğv prosesində olan "xxxx" ASC qarşısında əsas borc üzrə 1670,89 AZN, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu 940,24 AZN, cəmi 2611,13 AZN məbləğində borcu yaranmışdır. 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81 )-1404/2016 saylı qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)- 3924/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, keçirilən məhkəmə proseslərindən xəbəri olmamışdır. Aralarında bağlanan kredit müqaviləsindən isə görünür ki, müqavilənin müddəti 08 iyul 2009-cu il tarixdə, iddia müddəti isə 08 iyul 2012-ci il tarixdə bitmiş və bank tərəfindən ona qarşı 2020-ci il tarixində iddia müddəti bitdikdən sonra iddia qaldırılmışdır. Buna görə də bankın iddiası əsassız olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Mülki işin materiallarından görünür ki, 21.07.2008-ci il tarixli, 416/F12 nömrəli kredit müqaviləsinə əsasən Məmmədova (Əsgərova) Nurlana Vilayət qızı "xxxx" ASC-dən illik faiz dərəcəsi 5% olmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 01.10.2020-ci il tarixli maliyyə arayışına əsasən Məmmədova (Əsgərova) Nurlana Vilayət qızının 416/F12 nömrəli, 21.07.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 21.07.2009-cu il tarixə 1670,89 AZN, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu 940,24 AZN, cəmi 2611,13 AZN manat məbləğində borcu qalmışdır. İddiaçı "xxxx" ASC-nin cavabdehə ünvanladığı borcun qaytarılması tələbinə dair xəbərdarlığın surətindən müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsi üzrə borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşdə olan sübutlardan göründüyü kimi cavabdehin iddiaçı qarşısında müqavilə tələblərindən irəli gələn öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında imperativ qaydada qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə Məmmədova (Əsgərova) Nurlana Vilayət qızı arasında 21.07.2008-ci il tarixdə müqavilə bağlanmış və icra müddəti 12 ay müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, 21.07.2009-cu tarixdən sonrakı gün, yəni 22.07.2009-cu il tarixdən başlamışdır. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırkı mübahisə üzrə iddia müddətinin axımı 22.07.2012-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən mübahisəyə dair iddia ərizəsi isə 23.10.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş, həmin vaxtda isə artıq iddia müddəti ötürülmüşdür. Cavabdeh tərəfindən 07 iyun 2018-ci il tarixdə 49 manat məbləğində ödəniş edilməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır. Belə ki, iddia müddəti başa çatdıqdan sonra borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Cavabdeh iddia müddətinin tətbiqini apellyasiya şikayətində xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək barədə təklifi əks etdirən məhkəmə bildirişi cavabdeh Məmmədova (Əsgərova) Nurlana Vilayət qızının ünvanına göndərilsə də, məhkəmə bildirişi geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd olunmuş iddia müddətinin tətbiqi barədə xahişini nəzərə alır. Şərh olunanlara əsasən məhkəmə, iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)- 3924/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)- 3924/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4218/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4218/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver