Məhkəmə qərarları › İş №2(103)-4219/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4219/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4219/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-233/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 110.000 (bir yüz on min) ABŞ dolları borc məbləği (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110.000 (bir yüz on min) ABŞ dolları məbləğində əsas borc, 26.581,40 (iyirmi altı min beş yüz səksən bir dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 136.581,40 (bir yüz otuz altı min beş yüz səksən bir dollar qırx sent) ABŞ dolları məbləğində hesablanmış borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında dostluq əlaqəsi olmuş, cavabdeh qarşı onun özündə etibar yaranmışdır. Daha sonra cavabdeh ona müraciət edərək təcili olaraq ona pul lazım olduğunu bildirdi və kömək etməyini xahiş etmişdir. O da cavabdeh şəxsə etibar edib şəxsi vəsaiti olan 110.000 (bir yüz on min) ABŞ dolları məbləğində pul vəsaitini xx xxx 2016-cı il tarixdə vermişdir. Daha sonra cavabdehdən pulunu geri tələb etdiyində borcunu yaxın vaxtlarda qaytaracağını bildirmiş, bu barədə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 3 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmış və 110.000 (bir yüz on min) ABŞ dolları vəsaitin ona xx xxxxx 2017-ci il tarixinə qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdehə dəfələrlə müraciət etsə də, ona olan 110.000 (bir yüz on min) ABŞ dolları borcunu geri qaytarmamışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qsmən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-233/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının vəkilini dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, iddianın təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin məzmunundan görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 110.000 (bir yüz on min) manat məbləğində borc pul verir, borcalan Cavabdeh borc verən İddiaçı 110.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edir, borc alan isə həmin pul məbləğini xx xxxxx 2017-cı il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 110.000 (bir yüz on min) ABŞ dolları məbləğində borc pul vermiş, borcalan Cavabdeh borc verən İddiaçı 110.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş, borc alan isə həmin pul məbləğini xx xxxxx 2017cı il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilə Bakı şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən 3M-104 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Lakin cavabdeh öhdəliyi pozmuş, borcunu qaytarmamışdır. Bu səbəbdən İddiaçı Cavabdeh 110.000 (bir yüz on min) ABŞ dolları məbləğində əsas borc, 26.581,40 (iyirmi altı min beş yüz səksən bir dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 136.581,40 (bir yüz otuz altı min beş yüz səksən bir dollar qırx sent) ABŞ dolları məbləğində hesablanmış borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə faiz borcunun ödənilməsi nəzərdə tutulmadığından və müqavilənin tələblərinə zidd olduğundan iddia tələbini 26.581,40 (iyirmi altı min beş yüz səksən bir dollar qırx sent) ABŞ dolları məbləğində faiz borcun tutulması hissəsində haqlı olaraq təmin etməmişdr. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi dözgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar