Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4219/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh Cəlal oğlunun iştirakı ilə, İddiaçı “X3” MMC-nin Cavabdeh Cəlal oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3” MMC Cavabdeh “xxxx” MMC-nin xeyrinə götürdüyü borca görə 26.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 150 manat, 08.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1200 manat, 05.03.2020-ci il tarixli kredit müaqviləsinə əsasən 100 manat olmaqla, cəmi ümumilikdə 1450 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavbadeh Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, əvvəlki məhkəmə qərarları əsasında avtomobil ona qaytarılmış və sökülmüş halda olduğu üçün təmir üçün lazım olan ehtiyyat hissələrinə və ümumi təmirə 13213,95 manat xərci çıxmışdır. Bundan sonra, avtomobilin ehtiyyat hissələrinin sifarişi üçün “X3” MMC-yə müraciət etdikdə, onunla müqavilə imzalanmış, lakin iddiaçının göstərdiyi kimi pul almamış, avtomobilin ehtiyyat hissələrini sifariş etmişdir. Bu halda sual yaranır ki, iddiaçı ilə aralarında məhkəmə mübahisəsi olduğu bir vaxtda nə üçün ona pul verilmişdir. O, avtomobili “Şkoda Servis”-də təmir etdirmişdir. Bununla bağlı, qarşılıqlı iddia ilə müraciət edərək, avtomobilin ümumi təmirinə xərclədiyi 13213,95 manatın iddiaçıdan onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, cavabdehi dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, “X3” MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 3 ay müddətinə aylıq 400 manat ödəməklə 28.05.2020-ci il tarixədək 1200 manat; 05.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 3 ay müddətinə 100 manat; 26.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə, 3 ay müddətinə 150 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini icra etməmiş və 01.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə iddia tələbində göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Hazırda cavabdeh, iddiaçı ilə aralarında bağlanmış müqavilələr ürzə ona hər hansı məbləğdə borc verilmədiyini, avtomobili üçün ehtiyat hissələri sifariş verdiyini bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, cavabdehin mövqeyi ilə razılaşmır, əvvəla ona görə ki, cavabdeh qeyd olunan kredit müqavilələrini öz imzası ilə təsdiqləməklə, müqavilənin bağlanmasına dair iradə ifadəsini açıq şəkildə bəyan etmiş və məhkəməyə müqavilənin predmeti barədə yanılmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, cavabdeh iddiaçıdan borc aldığını inkar etsə də, iddiaçı MMC-dən avtomobili üçün ehtiyyat hissələri sifariş verdiyini bildirməklə aralarında müqavilə münasibətlərinin olduğunu etiraf etmişdir. Belə olan halda, yəni işin faktiki halları baxımından tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu təsdiq olunduğu halda, cavabdehin yalnız texniki və formal sayılacaq əsaslardan çıxış etməklə, müqavilə üzrə öhdəliyinin icrasından imtina etməsi hüquqi baxımdan yol verilməzdir. Kollegiya, vurgulayır ki, tərəflər arsında etibarlı müqavilə münasibətləri mövcud olduğundan, müqavilənin adının necə ifadə olunmasından asılı olmayaraq, münasibətlərin həqiqi mahiyyəti əsas götürülməlidir. Yəni, hazırkı işdə tərəflər arasındakı münasibətlər kredit müqaviləsi ilə rəsmiləşdirilsə də, münasibətin mahiyyətindən tərəflərin hansı müqavilənin bağlanması niyyətində olması aydın şəkildə müəyyən edilərsə, mübahisəyə həmin müqaviləyə dair normalar tətbiq olunmalıdır. Başqa sözlə, bu hal müqavilənin etibarsızlığı üçün əsas deyil və tərəflər bu haldan çıxış edərək, öhdəliyin icrasından yayına bilməzlər. Ona görə də, cavabdeh müqavilə üzrə istər borc kimi, istərsə də nisyə alqı-satqı kimi öhdəliyini icra etməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı dəlillərinə isə hər hansı hüquqi qiymət vermir. Ona görə ki, işdən görünür ki, Səbail Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ilə, cavabdehin qarşılıqlı iddiası üzrə icraata xitam verilmiş və bu qərardad qanunla müəyyən olunmuş müddətdə şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cəlal oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-517/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4219/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4219/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver