Məhkəmə qərarları › İş №2(103)-4219/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4219/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4219/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1953/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alınmış “Hoffmann Siac” markalı kondisionerə görə ödənilməmiş 415 manat pulun və 41 manat cərimə borcunun, cəmi 456 manat pul vəsaitinin, həmçinin 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdehə alqı-satqı qiyməti 710,4 manat olan “Hoffmann Siac” markalı kondisioner satılmışdır. Cavabdeh cəmi 295,4 manat ödəniş etmiş, 456 manat borcu qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1953/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçıdan kondisioner almış, müəyyən ödənişlər etmiş, lakin maddi vəziyyətinin aşağı olması səbəbindən ödənişləri davam etdirə bilməmiş, bu səbəbdən müqavilənin qüvvədə olduğu müddətdə iddiaçıya kondisioneri geri qaytarmaq istədiyi bildirmiş, lakin iddiaçı tərəf buna məhəl qoymamış, eləcə də işə baxılan zaman birinci instasniya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılmış, bu səbəbdən bütün bunlar barədə məhkəməyə məlumat verə bilməmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 394-1-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara əsasən - xx.xx.2020-ci il tarixli müqavilə və ona əlavəyə əsasən cavabdeh iddiaçıdan satış qiyməti 710,4 manat olan “Hoffmann Siac” markalı kondisioneri hər ay ödəniş cədvəli üzrə 29,6 manat ödəmək şərti ilə 24 ay müddətinə almış, lakin göstərilən müddət ərzində öhdəliyini tam yerinə yetirməmiş, nəticədə 415 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilənin qeyd edilən bəndinə əsasən cavabdehdən 41 manat cərimə də tələb etmişdir. Bununla yanaşı, işdə olan 23 iyun 2020-ci il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, cavabdeh alqı-satqı müqaviləsində göstərilən əşyanı qüsursuz halda təhvil almasını imzası ilə təsdiq etmişdir. İşdə olan, 31 oktyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən öhdəliyin icrası tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Beləliklə, işdə olan sübutlardan göründüyü kimi, cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan aldığı əşyanın qüsursuz olaraq təhvil götürmüş, dəyərini razılaşdırılmış müddətlərdə, hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə 415 manat borcu qalmış, həmin borca isə 41 manat cərimə (penya) hesablanmışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 567.1-ci və 597.1-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462-ci və 463.1-ci maddələrinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Cavabdeh isə, apellyasiya şikayətində maddi vəziyyətinin yaxşı olmaması səbəbindən ödəmələri vaxtında həyata keçirə bilmədiyini, əşyanı geri qaytarmaq istədiyini, lakin iddiaçı tərəfin hərəkətsizlik etdiyini bildirsə də, qeyd olunan halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh ümumiyyətlə müqaviləni mübahisələndirməmiş və ya əşyanın qüsurlu olmasını və s. bu istiqamətdə hər hansı dəlil irəli sürməmişdir. Belə olan halda isə, cavabdehin göstərdiyi dəlillər (maddi vəziyyəti ilə bağlı əşyanın dəyərini ödəməmək və s.) ona üzərinə götürdüyü öhdəliyin icrasından imtina etmək kimi qanuni əsas yaratmamışdır. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdehin bildirdikləri də özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1953/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1953/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar