Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4222/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(009)-208/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 ədəd “Samsung” və “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə və 94 (doxsan dörd) manat cərimə borcu olmaqla, cəmi 1030 (min otuz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1060 (min altmış) manat borc Cavabdeh alınaraq, “xxxx” MMC-yə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı 12.03.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd “Samsung və “LG” markalı kondisionerlər almış və nəticədə 1030 (min otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 6800 (altı min səkkiz yüz) manat (12 ay x 484 manat + 992 manat ilkin ödəniş) 2 ədəd “Samsung” və “LG” markalı kondisioner üçün 1030 (min otuz) manat olmaqla ondan, 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5864 (beş min səkkiz yüz altmış dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanladığı üçün, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2(009)-2147/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(009)-208/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 956 (doqquz yüz əlli altı) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ümumilikdə 976 (doqquz yüz yetmiş altı) manat Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh tərəfindən 12.03.2019-cu il tarixində iddia ərizəsində göstərilən məhsullardan başqa ümumilikdə 30.000 manat civarında bir çox məhsul bir hissəsi nəğd, bir hissəsi isə kredit olmaqla alınmışdır. Kredit aldığı məhsulların ödənişlərində kobud səhvlərə yol verildiyinə görə və eyni zamanda alınan məhsulların bəzisində texniki nasazlıqlar olduğuna görə cavabdeh, dəfələrlə “Kontakt Home" şirkətin çağrı mərkəzinə şikayət etmişdir. Alınan məhsullardan biri alındığı gündən onların servisindədir və 1 il 7 aydır həmin məhsul nə yenisi ilə əvəz olunur nə də ki, ödənılmiş nağd pul geri qaytarılır. Cavabdehin dəfələrlə etdiyi zənglərə baxmayaraq şirkət satdığı heç bir məhsul üçün zəmanət öhdəliklərini yerinə yetirmək istəməmişdir. 21.05.2020 tarixində şirkətə cavabdeh tərəfindən e-mail məktubu yazılaraq onları öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə ödənişləri dayandırmaq qərarı xatırladılsa da, şirkətdən heç bir reaksiya olmamışdır. Cavabdeh, “xxxx” MMC-nin qızıl müştəri kateqoriyasında olması ilə yanaşı hər zaman ödənişləri vaxtindan 2-3 ay qabaq ödəmiş, 12 aylıq kreditləri 4-5 aya bağlamışdır. Cavabdeh tərəfindən istehlakçıların hüquqlarını kobudcasına pozan “xxxx” MMC-nin ona qarşı qaldırdığı 1030 manat məbləğində pul tələbinin 94 manat cərimənin və hazıradək iddiaçı tərəfindən servisdə saxlanılan “Panasonic MC-YL633G149” markalı tozsoranın 275,99 manat dəyərinin ümumi iddia tələbindən çıxılmasını, iddianın qalan hissədə təmin edilməsini xahiş edilmişdir. Bundan əlavə dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar cavabdehin maddi sıxıntıları olmuşdur, hal-hazırda da rəsmi olaraq heç bir yerdə işləmir. Günəmuzd işlərdə işləməsi ödənişlərinin gecikməsinin səbəbi olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Səbail rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(009)-208/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, hazırki iş üzrə iddiaçı 2 ədəd “Samsung” və “LG” markalı kondisionerlərlə bağlı tələb irəli sürmüşdür. Cavabdehin mübahisələndirdiyi “Panasonic MC- YL633G149” markalı tozsoranın hazırki işə heç bir aidiyyəti yoxdur. Cavabdehin qeyd olunan tozsovuranla bağlı mübahisəsi varsa, məhkəmə mübahisəsi aça bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(009)- 208/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından 00559678 nömrəli, 12.03.2019-cu il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə, 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerləri alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 680 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12.03.2019-cu il tarixli müqavilə üzrə cəmi 5864 manat ödəniş etmişdir. Hal-hazırda cavabdehin müqavilə üzrə 936 manat əsas, 94 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 1030 (min otuz) manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alğı-satqı) olaraq təfsir etməsi və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirməklə düzgün nəticəyə gəlmişdir. MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən kollegiya hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alğı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Kollegiya hesab edir ki, məhkəmə MM-nin 467-ci maddəsinə istinad etməklə, tənasübsüz surətdə yüksək məbləğdə olan 94 manat dəbbə pulunun azaldılaraq, 20 manat məbləğində müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə MPM-nin 119-cu maddəsinə istinad etməklə, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun, 20 (iyirmi) manat hissəsini cavabdehdən tutulub iddiaçıya ödənilməsi, 10 (on) manat hissəsinin iddiaçıya aid edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya “Panasonic MC-YL633G149” markalı tozsoranla bağlı apellyatorun dəlilini əsassız hesab edərək, qeyd edir ki, hazırki iddia tələbi müqavilə münasibətlərindən irəli gələn 2 ədəd “Samsung” və “LG” markalı kondisionerləri ilə bağlı, həmin əmlakların dəyərinin ödnilməsi ilə bağlıdır. Bundan əlavə kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar cavabdehin maddi sıxıntılarının olması, onu müqavilə öhdəliklərinin icrasından azad etmir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(009)- 208/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4222/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4222/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver