Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4222/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4222/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(008)-648/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62.000 manat məbləğində pulun, ödənilmiş 276 manat dövlət rüsumunun, cəmi 62.276 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uşaqlıqdan tanıyır, orta məktəbi də birlikdə oxumuşlar. Bir-birlərinə qarşı etibarlı münasibətləri olmuşdur. Cavabdeh ondan 65.000 manat pulu almış və alarkən də həmin məbləğin üzərində sonda ona xeyir verəcəyini bildirmişdir. Razılaşdırılmış müddət bitsə də cavabdeh aldığı məbləği qaytarmamışdır. Cavabdeh hər gür müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. O, anlamışdır ki, cavabdeh bu məbləği ona könüllü şəkildə qaytamaq niyyətində deyil. Cavabdehdən dəfələrlə pul məbləğini geri istəmiş, hətta cavabehin ünvanına getmiş, polisə şikayət belə yazmışdır. Cavabdeh bölməyə çağırılmış, izahatı alınmışdır. Cavabdeh barəsində etdiyi şikayətin nəticəsi olaraq Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Pərvanə Əzizova tərəfindən 23 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Nizami rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli qərarla şöbənin qərarı ləğv edilmiş yenidən araşdırmaya qaytarılmışdır. Yenidən şöbədə araşdrıma aparılmış, cavabdehin, o cümlədən, şahidlərin ifadələri alınmış, üzləşdirmə aparılmışdır. Şahid ifadələri ilə təsdiq olunmuşdur ki, qeyd etdiyi məbləğ cavabdeh tərəfindən ondan alınmışdır. İzahatı alınmış Cavabdeh izahatında ondan 65.000 manat pul alıb mənimsəməsinə baxmayaraq, guya ondan 10.000 manat məbləğində pul aldığını qeyd etmişdir. Cavabdeh ilə aralarında hazırkı mübahisə ilə bağlı bir çox yazışmalar və danışıqlar olmuş, həmin səs yazılarında Cavabdeh evini satıb 45.000 manat əldə edib pulun bir hissəsini ödəyəcəyini, qalan hissəsini isə sonradan verəcəyini bildirmişdir. Bir çox şahidlər var ki, onlar bu razılaşmadan xəbərdardırlar. Onların məhkəmə iclasında şahid qismində məhkəmə iclasına gəlmələrini təmin edə bilər. Borc razılaşmasının son icra müddətindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh həmin pul məbləğini ona qaytarmır. Sonuncu danışıqları zamanı cavabdeh onu təhqir etmiş, pulu verməyəcəyini açıq-aşkar bildirmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 62.000 manat məbləğində pulun, ödənilmiş 276 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 130 manat pulun, cəmi 62.406 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2023 saylı, 31 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 62.000 manat məbləğində pul, 276 manat dövlət rüsumu, 130 manat hüquqi yardım haqqı olmaqla, cəmi 62.406 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh 65.000 manat borc pul vermiş, cavabdeh həmin puldan 3000 manatını qaytarmış, qalan 62.000 manatı isə bu günədək iddiaçıya ödəməmiş, bununla da iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 739.1,-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88. 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun olduqca ağır və çıxılmaz vəziyyətdə olmağından istifadə edərək, onun pul axtardığını görmüş və ona 10.000 manat pul vermiş, və hər 3 gündən bir ondan əvəzində 1.000 alacağını bildirmişdir. Tərəflər arasında hətta həmin verilən 10.000 manatla bağlı yazılı müqavilə olmamış, sadəcə şifahi razılıq olmuşdur. O, iddiaçıya ona aid 10.000 manat pulu və əlavə 5000 manat faiz də olmaqla, cəmi 15.000 manat geri qaytarmışdır. Lakin, iddiaçı hər 3 günü üçün əlavə 10.000 manat hesablamaqla, ona 65.000 manat borcu olmasını bildirmişdir. Onu qorxutmaq üçün onun barəsində polisə şikayət vermiş, və bununla bağlı 24-cu PB-nə dəvət olunub orada izahat verərkən bir daha bildirmişdir ki, o, iddiaçıdan 10.000 manat almış və hissə-hissə geri qaytarmışdır. Həmçinin, izahatında onu da bildirmişdir ki, iddiaçı Hüseynova Vəfa ondan aldığı 15.000 manatı faizə silmiş, əsas borcdan yalnız 3.000 manat silmişdir. Onun sonradan ona əlavə ödəniş etməyə pulu olmamışdır. Əslində onun iddiaçıya artiq heç bir borcu qalmamışdır, lakin ödənişlər milliön vasitəsilə icra edilmiş və onun əlində qəbzlər olmadığı və iddiaçı bu borcdan yalnız 3.000 manatı etiraf etdiyini nəzərə aldıqda, onun iddiaçıya 7.000 manat borcu qalmış olmalıdır. Məhkəmə isə gəldiyi nəticəni yalnız şahid ifadələri ilə əsaslandırmışdır. Hansı ki, həmin şahidlərin əksəriyyəti yalnız iddiaçını tanımiş və məhkəmə iclasında da iddiaçının sözlərindən çıxış etmiş və şəxsən iddiaçının ona nəinki 65.000 manat, ümumiyyətlə hər hansı pul verməsini görməmişlər. Tərəflər arasında iddia olunan pul məbləğı ilə bağlı hər hansı yazılı müqavilə və ya digər imzalanmış sənəd olmadan, pul verilməsinə dair birbaşa şahid olmadan, polisdə onun verdiyi izahatlar nəzərə alınmadan, onun iddianı qəbul etməməsi və etirazı olduğu halda, məhkəmənin belə bir nəticəyə gəlməsi yanlışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış, hadisənin bir başa şahidi olmayan və iddiaçının yaxın şəxslərinin verdiyi izahatları mötəbər sübut kimi qəbul etmişdir. Halbuki iş materiallarında iddiaçının həqiqətən ona 65.000 manat verməsinə dair heç bir sübut yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər.
13. Məhkəmə proseslərində iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə onun arasında hər hansı müqavilə olmamışdır. Şifahi razılıqla iddiaçı ona 10.000 manat faizə pul vermişdir. O, da həmin puldan 15.000 manat qaytarmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
16. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
17. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
18. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
19. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
20. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
21. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
22. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
27. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
30. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. (əvvəlki redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
32. Maddə 740.1. (əvvəlki redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
33. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
36. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.
44. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
45. Bu kontekstə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
46. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1, 386.1, 442, 739-cu maddələrini tətbiq edərək İddiaçı Cavabdeh 65.000 manat borc pul verdiyi, cavabdehin həmin puldan 3.000 manatını qaytardığı, qalan 62.000 manatı isə bu günədək iddiaçıya ödəmədiyi nəticəsinə gəlmişdir. Bu səbəbdən də, iddia təmin edilmişdir
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri borc münasibəti kimi qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
48. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
49. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
50. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında şifahi borc münasibətləri olmuşdur.
51. Lakin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 31 may 2016-cı il tarixli 269-VQD№-li Azərbaycan Respublikası Qanuni ilə Mülki Məcəllənin 740-cı maddəsinə dəyişiklik edilmişdir.
52. Azərbaycan Respublikası Mülki Peosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Tərəflər arasında iddia edilən borc münasibətləri yaranan zaman (2021-ci il) qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
54. Göründüyü kimi iddiaçının cavabdehə verdiyini iddia etdiyi borcun məbləği üç min manatdan (65.000 manat) çox olduğundan tərəflər arasında borc müqaviləsi yazılı bağlanmalı idi. Lakin onlar arasında hər hansı yazılı borc müqaviləsi yoxdur.
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
56. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.
55. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.
56. Belə ki, Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. ...Mülki Məcəllənin 337.5ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.
58. İşin hallarına görə iddianın əsaslılığına qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə 65.000 manat pul verməsi iş materialları ilə təsdiq olunmur.
59. Belə ki, sübutetmə yükü, yəni Cavabdeh onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür və kollegiya hesab edir ki, o, həmin halı sübuta yetirə bilməmişdir.
60. Lakin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində iştirak edən cavabdeh iddiaçıdan 10.000 manat aldığını, əvəzində 15.000 manat qaytardığını bildirmişdir.
61. Məhkəmə kollegiyası cavabdehin iddiaçıdan 10.000 manat pul almasını iddianı həmin hissədə etirafı kimi qəbul edərək hesab edir ki, həmin hissədə iddia əsaslıdır.
62. Lakin cavabdehin aldığı 10.000 manat əvəzində iddiaçıya 15.000 manat qaytarmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
63. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
64. Kollegiya iddiaçının, cavabdehin ondan aldığı puldan 3.000 manat qaytarması barədə izahatını və bu faktın işin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 7.000 manat (10.000-3.000=7.000) alınaraq İddiaçı verilməlidir.
65. Məhkəmə kollegiyası həmçinin iş üzrə şahidlərin ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, ifadə verən şahidlər iddiaçının və cavabdehin yaxın qohumları və tanışları olduqlarından onların ifadələrinin qərəzli olmaq ehtimalı çoxdur. Digər tərəfdən müəyyən edilir ki, şahidlər pulun verilməsini görməmiş və bu prosesi təsdiq etməmişlər. Ona görə də işin obyektiv həlli baxımından həmin ifadələrin sübut kimi qəbul edilməsi işin ümumi hallarına uyğun gəlmir.
66. Həmçinin, iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş USB flaşkartdakı səs yazısı ilə bağlı araşdırma aparılmışdır. Belə ki, iddiaçı səs yazısının cavabdeh tərəfindən “WhatsApp” proqramı vasitəsilə ona (********** nömrədən ********** nömrəyə) göndərildiyini bildirmiş, cavabdeh isə öz növbəsində həmin səs yazısının onun göndərmədiyini bildirmişdir.
67. Məhkəmə tərəfindən USB flaş-kartdakı səs yazısının iddiaçının telefonuna cavabdehin telefonundan göndərilib-göndərilməməsini müəyyən etmək üçün məhkəmə kompüter-texniki ekspertizası təyin edilmişdir.
68. Məhkəmə Ekspertiza Mərkəzinin veridiyi xx.xx.2023-cü il tarixli 5/1090 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 16.2” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone 8 Plus” markalı “A1897” modelli “**********15834” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiqat zamanı tədqiq olunan mobil smartfonun yaddaşında Cavabdeh məxsus “+994 70 208 89 80” abonent nömrəsinin “Yaqut Xanağa” adı altında yadda saxlanması aşkar olundu. Daha sonra tədqiq olunan “iPhone 8 Plus” markalı “A1897” modelli mobil smartfonun yaddaşında hal-hazırda movcud olan “+994 50 348 90 61” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında “Yaqut Xanağa” adında qeydə alınan “+994 70 208 89 80” abonent nömrəsi ilə aparılmış hər hansı bir məlumat mübadiləsi müəyyən olunmadı. Tədqiqat zamanı “iPhone 8 Plus” markalı “A1897” modelli mobil smartfonun yaddaşından “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar daxilində “Yaqut Xanağa” adında qeydə “+994 70 208 89 80” abonent nömrəsi ilə “Whatsapp” proqram təminatında aparılmış bir məlumat mübadiləsi (yazışma, audio, foto və s.) müəyyən olunmadı.
69. Ekspert rəyindən də göründüyü kimi cavabdehin iddiaçıya yuxarıda qeyd olunan səs yazısının göndərməsi təsdiq olunmamışdır.
70. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
71. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
72. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
73. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. İddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı iddianın qaldırılması görə 276 manat dövlət rüsumu ödəmişdir.
75. Kollegiya hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 7000 manat pulun tutulması qənaətinə gəldiyindən tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən 31 manat (7000x276:62000=31) pul tutulmalı, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir.
76. Həmçinin, apellyasiya şikayətinə əlavə olunmuş qəbzdən görünür ki, cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 138 manat dövlət rüsumu ödəmişdir. İddianın qismən təmin edilərək, cavabdehdən 7000 manat pulun tutulması nəzərə alındıqda, kollegiya hesab edir ki, apellyasiya şikayətinə görə ödənilmiş rüsumun 16 manat hissəsi (7000x138:62000=16) cavabdehə aid edilməklə, qalan 122 manat məbləğ iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
77. Eyni zamanda hüquqi yardıma görə ödənilmiş 130 manat pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa ekspertiza xərcinin əvəzi 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
78. Beləliklə, iddia ərizəsi üçün ödənilmiş rüsuma görə cavabdehdən 31 manat, apellyasiya şikayəti üçün ödənilmiş rüsuma görə isə iddiaçıdan 122 manat məbləğin tutulması qənaətinə gəlindiyindən, həmçinin hüquqi yardıma görə ödənilmiş 130 manat pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğundan, kollegiya hesab edir ki, ümumilikdə, məhkəmə xərclərinin əvəzi kimi (130+31-122)=39 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(008)- 648/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinin əvəzi qismində 39 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizasının xərci qismində 100 (yüz) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova