Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4223/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6787nkBANK/15 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.469,1 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 865,19 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,70 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 24 faiz dərəcəsi ilə 4.219 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 60 ay müddətində Banka qaytaracaq. Bank, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun bir hissəsini Banka ödəsə də, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin 2.469,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 865,19 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə cərimə hesablamış və cavabdehin maddi vəziyyətini nəzərə alaraq cərimənin məbləğini 1 ABŞ dolları müəyyən etmişdir. Bank, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 76,70 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bankdan kredit götürsə də, həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, kredit borcunun bir qismini Banka ödəsə də, qalan borcu ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalara görə, cavabdehin Banka 2.469,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 865,19 ABŞ dolları məbləğində əsas faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtinə əsasən cavabdehə 1 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Cavabdeh, “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçı Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında 2014-cü ildə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bankdan 5.000 manat məbləğində kredit almışdır. 2015-ci ilin avqust ayında cavabdeh işdən 1 aylıq kursa göndərilmiş və bu səbəbdən Banka ödəniş edə bilməmişdir. Ödənişdə problem yarandığından Bankın əməkdaşları manatla olan kredit borcunun ABŞ dollarına çevirilməsini təklif etmiş və cavabdeh onlara inanaraq təklif ilə razılaşmış və Bankla, iddia ərizəsində qeyd edilən xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsini” bağlamışdır. Bu yeni müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmişdir. Göründüyü kimi Bankın əməkdaşları cavabdehi aldatmışlar. Daha sonra, cavabdeh, Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu Fərmanla bağlı Banka müraciət etsə də, Bankın əməkdaşları cavabdehə bildirmişlər ki, özləri onunla əlaqə saxlayacaqlar. Cavabdeh də bunu və əvvəllər etdiyi ödənişlərin ödənilməli olan məbləğdən daha artıq olmasını nəzərə alaraq güman etmişdir ki, borcu silinmişdir. Lakin 2022-ci ilin may ayında Bankın əməkdaşları cavabdeh ilə əlaqə saxlayaraq borcun ödənilməmiş qaldığını bildirmişlər. Lakin nə Bank, nə də ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışlar ki, Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli Fərman cavabdehə də şamil edilmiş və kredit borcuna görə ona güzəşt edilmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, Bank, cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia irəli sürərkən, 3 illik iddia müddətini ötürmüşdür. d) apellyasiya şikayətinə dair iddiaçı Bankın münasibəti barədə məlumat
7. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından “apellyasiya şikayətinə etiraz” verərək bildirmişdir ki, cavabdeh ilə iddiaçı Banka arasında 2014-cü ildə 2 “Kredit müqaviləsi” bağlanmış, lakin həmin müqavilələr üzrə kredit borcu tam ödənilməmiş, 957tkXLO/14 saylı “Kredit müqaviləsi” üzrə 396,04 manat, 1911nkXLO/14 saylı “Kredit müqaviləsi” üzrə isə 4.219 manat məbləğində borc qalmışdır. Cavabdeh həmin borcları ödəyə bilmədiyi üçün 2015-ci ilin sentyabr ayında Banka müraciət etmiş və yaranmış maliyyə çətinliklərini nəzərə alaraq onunla yeni “Kredit müqaviləsinin” bağlanmasını və həmin kredit məbləği hesabına qeyd edilən borcların ödənilməsini xahiş etmişdir. Bank, cavabdehin müraciətini nəzərə alaraq cavabdeh ilə razılaşmış və bu səbəbdən Bank ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” bağlanmış və həmin müqavilədə nəzərdə tutulmuş kredit məbləği qeyd edilən borcların ödənilməsinə yönəldilmişdir. Qeyd edilən (sonuncu) müqavilə cavabdehin öz xahişi ilə bağlansa da, hazırda cavabdeh, Bank tərəfindən aldadılmasını bildir. Lakin bunu təsdiq edə biləcək hər hansı sübutu təqdim etmir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ABŞ dolları ilə olan krediti Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu Fərmanın təsiri altına düşmüş və Fərmanın tələbinə görə, cavabdehə 1.440,08 ABŞ dolları kompensasiya hesablanmış, hesablanmış kompensasiya məbləği isə xx.xx.2019-cu il tarixə cavabdehin gecikən kredit borcunun silinməsinə yönəlmişdir. Bu hal etiraza əlavə edilmiş “Hesabdan çıxarışda” öz əksini tapmışdır. Bundan başqa, cavabdeh, hazırki işin icraatının başlanmasına əsas olmuş iddia üzrə 3 illik iddia müddətinin Bank tərəfindən ötürüldüyünü bildirsə də, Bank iddia müddətini ötürməmişdir. Belə ki, 60 ay müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Belə olan halda müəyyən edilir ki, iddia müddətinin axımı həmin tarixdən başlamış və xx.xx.2023-ci ildə bitir. Lakin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə verilmişdir. Göründüyü kimi iddia müddəti ötürülməyib. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
8. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə “apellyasiya şikayətinə etirazın” məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. İddiaçı Bankın verdiyi “apellyasiya şikayətinə etirazın” məzmunundan və etiraza əlavə edilmiş sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh, onunla iddiaçı Bank arasında 2014-cü ildə bağlanmış 957tkXLO/14 saylı və 1911nkXLO/14 saylı “Kredit müqavilələri” üzrə Bankdan Azərbaycan manatı ilə kredit götürmüş, lakin yaranmış maliyyə çətinlikləri səbəbindən kredit borclarını Banka qaytara bilməmişdir.
12. Bankın təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin 957tkXLO/14 saylı “Kredit müqaviləsi” üzrə 396,04 manat, 1911nkXLO/14 saylı “Kredit müqaviləsi” üzrə isə 4.219 manat məbləğində borcu yaranmışdır.
13. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən Bankdan illik 24 faiz dərəcəsi ilə 4.219 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərindən görünür ki, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit borcuna hesablanacaq faizləri hissə-hissə və aybaay, 60 ay müddətində Banka qaytaracaq.
14. Cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində göstərir ki, o, 2014-cü ildə Bakdan götürdüyü krediti qaytara bilmədiyi üçün Bankın əməkdaşları manatla olan kredit borcunun ABŞ dollarına çevirilməsini təklif etmiş və o, Bankın əmkdaşlarına inanaraq təklif ilə razılaşmış və Bankla xx.xx.2015-ci il tarixdə yeni “Kredit müqaviləsini” bağlamışdır. Bu yeni müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmişdir. Göründüyü kimi Bankın əməkdaşları onu aldadaraq bu müqavilənin bağlanmasına nail olmuşlar.
15. İddiaçı Bankın nümayəndəsinin cavabdehin qeyd etdiyi bu dəlilə qarşı olan etirazı ondan ibarətdir ki, Bankın əməkdaşları cavabdehin aldatmamışlar. Cavabdeh, 2014-cü ildə bağlanmış “Kredit müqavilələri” üzrə yaranmış borcu Banka ödəyə bilmədiyi üçün özü Banka müraciət etmiş və onunla yeni “Kredit müqaviləsinin” bağlanmasını və yeni kredit məbləği hesabına qeyd edilən borcların ödənilməsini xahiş etmişdir. Bank, cavabdehin maliyyə çətinliklərini nəzərə alaraq cavabdeh ilə razılaşmış və cavabdeh ilə xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” bağlamış, həmin müqavilədə nəzərdə tutulmuş kredit məbləğini isə əvvəlki kredit borclarının ödənilməsinə yönəldilmişdir.
16. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1). Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3).
17. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (maddə 389.2.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir (maddə 390.3.).
18. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər.
19. Tərəflər arasında bağlanılmış “Kredit müqaviləsindən” və iş materiallarından görünür ki, həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Müqavilənin bir nüsxəsi Bank tərəfindən cavabdehə iddiaçıya təqdim edilmiş, bu müqavilədə və müqaviləyə edilmiş “1 Saylı Əlavədə” Bank tərəfindən cavabdehə verilmiş kreditin ABŞ dolları ilə verilməsi aydın şəkildə qeyd edilmişdir.
20. Şərh olunanlara əsasən müəyyən edilir ki, cavabdeh, “Kredit müqaviləsinin” şərtlərinə əsasən kreditin ABŞ dolları ilə ifadə edildiyini əvvəlcədən bilmiş, müqavilənin bu şərti ilə razılaşmış və təxminən 8 il sonra Bank tərəfindən ona qarşı irəli sürülmüş iddianın təmin edilməsi barədə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra həmin qətnamədən verdiyi apellyasiya şikayətində Bankın əməkdaşları tərəfindən aldadıldığını bildirmiş, lakin bu halı təsdiq edə biləcək sübutları da Məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, sübuta söykənməyən tələb və ya tələbə qarşı etiraz əsaslı hesab edilə bilməz. Bu baxımdan Məhkəmə cavabdehin müzakirə edilən dəlilini əsassız hesab edir.
22. Bununla da müəyyən edilir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” etibarsız deyil.
23. Məhkəmə, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Bank, həmin müqaviləyə əsaslanaraq hazırki iddianı cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa malikdir.
24. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki iddia əsaslıdır. Çünki Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinə görə, isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Cavabdeh iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliklərinin olmasını mübahisələndirmir.
25. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, cavabdehin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etməsi səbəbindən cavabdehin 2.469,1 ABŞ dolları məbləğində əsas kredit borcu və 865,19 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır.
26. İddia ərizəsindən də görünür ki, Bank, cavabdehdən onun xeyrinə əsas kredit borcu olaraq 2.469,1 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcu olaraq 865,19 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir.
27. İşə baxmış Rayon Məhkəməsi qeyd edilən məbləğlərin əsaslı olub-olmamasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 9/369 saylı rəyindən görünür ki, cavabdehin iddiaçı Banka xx.xx.2020-ci il tarixə (müqavilənin müddətinin sonuna) olan əsas kredit borcu 2.470,17 ABŞ dolları, faiz borcu 1.356,45 ABŞ dolları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesabla biləcək faiz borcu (illik 5 %) isə 241,18 ABŞ dolları təşkil edir.
29. Göründüyü kimi, cavabdehin iddiaçı Banka olan əsas və faiz borcunun məbləği iddia ərizəsi ilə Bankın tutulmasını xahiş etdiyi məbləğdən daha çoxdur.
30. İşə baxmış Rayon Məhkəməsi bunu və MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq Bankın verdiyi tələb həcmdə qətnamə qəbul etmişdir.
31. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).
32. Bunla da müəyyən edilir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
33. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı Bank, cavabdehin xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinin nəzərə alaraq müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə tətbiq etmiş və cərimənin ödənilməsi məqsədi ilə 1 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
34. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi də təmin etmişdir.
35. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).
36. Göstərilənləri və iddiaçı Bank, cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsində” borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır.
37. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından verdiyi iddia ərizəsində xahiş etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Banka ödənilsin.
38. İddia ərizəsinə əlavə edilmiş “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 76,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
39. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmin məbləğin cavabdehdən tutularaq Banka ödənilməsini qət etmişdir.
40. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
41. Belə ki, MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).
42. Cavabdeh, apellyasiya şikayətində bildirir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Bank, ona münasibətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu Fərmanını tətbiq etməmişdir.
43. Məhkəmə apellyasiya şikayətinin bu dəlili əsassız hesab edir. Çünki iddiaçı Bankın Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ABŞ dolları ilə olan krediti qeyd edilən Fərmanın təsiri altına düşdüyündən, cavabdehə 1.440,08 ABŞ dolları kompensasiya hesablanmış, hesablanmış kompensasiya məbləği isə xx.xx.2019-cu il tarixə cavabdehin gecikən kredit borcunun silinməsinə yönəlmişdir.
44. Cavabdeh, apellyasiya şikayətində daha sonra bildirir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, Bank, ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia irəli sürərkən, 3 illik iddia müddətini ötürmüşdür.
45. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.).
46. İddiaçı Bank ilə cavabdeh arasında 60 ay müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Belə olan halda müəyyən edilir ki, iddia müddətinin axımı xx.xx.2023-ci ildə bitir. Lakin iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı Bank iddia müddətini ötürməmişdir.
47. Bunla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
48. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.