Məhkəmə qərarları › İş №2(103)-4223/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4223/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4223/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment miqdarının artırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1028/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı- cavabdeh X6 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2014-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay tutulan alimentin həcminin artırılaraq hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 05 iyun 2020 ci il tarixli qətnaməsi ilə 11 mart 2014-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Uşaqların təhsili, yeməyi, dərmanları və s. qarşılamır.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-1028/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın təmin edilməsi, 11 mart 2014-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsi əsasında cavabdeh X3 hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcminin artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi, 76,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən dövlət büdcəsinə xeyrinə tutulması və dənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayəti və onun dəliləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, maddi vəziyyətimin aşağı olması alimentin miqdarının azaldılmasına əsas verir. Lakin birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə bu halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, xx.xx.2019-cu ildə təkrar ailə qurmuş, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X7 dunyaya gəlmişdir və ailə vəziyyətində dəyişiklik olmuşdur. Bu səbəbdən də, hazırki qətnamə ilə qət edilmiş alimentin məbləği azaldılmalıdır. Həmçinin ailədə yeganə qazanc gətirən olduğundan ailə üzvlərinin zəruri müalicə xərclərini ödəməklə yanaşı hər ay ailəsinin yaşadığı evin kommunal xərclərini ödəyir. Ailənin ehtiyacları bununla bitmir, ailə üzvlərinin normal qidalanması və geyim xərcləri də qazancının hesabına həyata keçirilir. Qazancı özünün və ailə üzvlərinin saxlanılması üçün kifayət etmir. Göründüyü kimi onunla yaşayan uşaqları iddiaçının yanında yaşayan uşaqlarından daha az təmin olunurlar. Hal-hazırda taksi sürücüsü kimi fəaliyyət göstərir. Gəliri qeyri-sabitdir. Başqa yerdən gəliri də yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

8. Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(009)-809/2020 saylı qətnaməsinə əsasən 11 mart 2014-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 iddiaçının xeyrinə tutulan alimentin miqdarı hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

9. Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

10. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

11. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

14. 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

34. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər.

35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

40. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

41. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallara münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar onu iddiaçı ilə nikahından olan uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.

43. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

44. Hazırda baxılan iş üzrə isə iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

45. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

46. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Mərkəzləşdirilmiş Elektron Sistemindən Məşğulluq haqqında arayışa əsasən xx.xx.20240-cü il tarixdən X9 işsizdir.

47. Məhkəmə kollegiyası hazırki vəziyyətdə uşaqlarıb ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərində olmasını eləcə də cavabdehə münasibətdə iş üzrə diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği cavabdehin maddi vəziyyəti eləcə də müəyyən olunmuş diqqətəlayiq hallar baxımından ədalətli olmamışdır.

48. Belə ki, hazırkı vəziyyətdə cavabdehin himayəsində əvvəlki nikahından olan uşaqların olması eləcə də hazırda cavabdehin işsiz olması cavabdehə münasibətdə diqqətəlayiq hallar kimi nəzərə alınmalıdır.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya şikayətinin qismən əsaslı olmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissəsində dəyişdirilərək 11 mart 2014-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 iddiaçının xeyrinə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını hazırkı mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Nəticə:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 mart 2014-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 iddiaçının xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

52. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-1028/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, alimentin məbləği hissəsində dəyişdirilsin. 11 mart 2014-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 İddiaçın xeyrinə tutulmalı aliment hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabde aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar