Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4225/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 hüquqi varisi Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “maddi ziyan, qonşuluq hüququ”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-22/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış 18 aprel 2016-cı il tarixli kooperativ mənzil tikintisi haqqında 1565 nömrəli müqavilə ilə Cəmiyyət ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1565 saylı mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" MTK tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 117 nömrəli məktuba görə, ünvan 2 ünvanında yerləşən 13-cü giriş, 15-ci mərtəbə, 1576 saylı mənzilə X2 ilə xx.xx.2023-cü il tarixli 1576 saylı müqavilə bağlanmış və bina komendantının verdiyi məlumata əsasən həmin mənzildə Cavabdeh2 adlı şəxs tərəfindən sahiblik edilir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən əmlaka dəymiş zərərin əvəzi olaraq 900 manatın və 30 manat dövlət rüsumu əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 İddiaçı ərizəsi ilə əsl Cavabdeh1 ilə əvəz edilmiş, Cavabdeh1 vəfat etdiyindən Cavabdeh2 onun hüquqi varisi qismində işə cəlb edilmişdir.
4. Tələbdə göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 24B, mənzil № 1565-in sahibidir. Mənzil xx.xx.2016-cı il tarixli, kooperativ mənzil tikintisi haqqında 1565 №-li müqaviləsinə əsasən ona məxsusdur. “07” sentyabr 2022-ci il tarixdə onun mənzilini bir mərtəbə yuxarıda yerləşən 1576 nömrəli mənzildən suyun axması nəticəsində su basmışdır. Bunun nəticəsində mətbəx mebelinin ümumi su xətti yerləşən hissəsi sıradan çıxmış, eləcə də mətbəxin tavanı (alçıpan), mətbəx mebelinin arxasında ümumi su xətti keçən divarı, yaranan nəmliklə əlaqədar mətbəxin 3 spot işığı xarab olmuş, mətbəxdə yerləşən elektronik əşyalar tez-tez bloka düşmüş, eləcə də sözügedən divarın digər tərəfində yerləşən uşaq otağının divarı, divar kağızı, tavan (alçıpan) istifadəyə yararsız hala düşmüşdür. Qeyd etdiyi faktlar nəticəsində tikinti materialları və usta xərcləri ilə birlikdə əmlakına maddi ziyan dəymişdir. Onun mənzilindən yuxarıda 1576 №li mənzildə Cavabdeh2 yaşayır. Baş verənlərin səbəbi Cavabdeh2 qeyd etdiyinə görə mətbəxlərinə ümumi su xətlərindən çəkilən borularda yaranmış problemlərlə bağlıdır (hadisənin hansı səbəblə bağlı yaranması haqqında cavabdehin dediklərindən əlavə tam məlumatı yoxdur, bu barədə dəfələrlə soruşmağına baxmayaraq hər dəfəsində ümumi su xətti, bağlama qurğularının sıradan çıxması, evində təmir işləri aparmış ustanın hərəkətlərinin nəticəsi olması və s. bağlı müxtəlif səbəblər irəli sürmüşdür). Cavabdehə mənzili su basmasını gecə gördüyünə görə növbəti gün, yəni “08” sentyabr 2022-ci il tarixində məlumat verdikdən sonra bütün məsuliyyətin mənzilində təmir işləri görmüş ustada olduğunu bildirmişdir. Bundan sonra usta ilə əlaqə saxlamağını bildirmişdir. Bununla belə usta ilə əlaqə saxladığı zaman usta da öz növbəsində məsuliyyəti üzərindən atmış, Bakıda olmadığını və təxminən iki həftəyə gələ biləcəyini qeyd etmişdir. Bundan sonra təxminən “20” sentyabr 2022-ci il tarixində cavabdehin mənzilində təmir işləri aparmış usta onun mənzilinə gəlmiş, dəymiş ziyanı özünün qarşılayacağını və mənzilindəki təmir işlərini özünün görəcəyini, lakin yuxarı mərtəbədəki su sızıntısının qarşısının alınmalı olduğu və yaranmış rütubətin tamamilə çəkilməsindən sonra (təqribən 2 həftə) bu işlərin öz növbəsində görülməsinin mümkünlüyünü qeyd etmişdir. Növbəti gün usta onunla əlaqə saxlayaraq yaranmış problemin onunla bağlı olmadığını, mənzil sahibinin dəymiş ziyanı qarşılayaraq, onun evində təmir işləri görmüş sözügedən ustanın, yəni özünün yuxarıda qeyd etdiyi 2 həftəlik müddət keçdikdən sonra mənzildə təmir işləri görəcəyini bildirdi. Lakin üstündən iki həftədən uzun bir müddət keçməsinə baxmayaraq heç bir xəbər çıxmamış, ziyan vurulduğu vaxtdan etibarən mənzil sahibi məsələyə tamamilə biganə yanaşmışdır. Vaxtın uzanmasından təngə gəlib bu səfərdə deyilən vaxtda cavabdeh tərəfindən fərqi yoxdu ustası ya mənzildə yaşayan ona dəymiş zərəri aradan qaldırmadıqları halda qanuni müstəvidə məsələni həll edəcəyini bildirdikdə cavabdeh də get hansı yolla həll edirsən et cavabını verdi. Burdan da belə nəticəyə gəlmək olar ki, bu qədər zaman cavabdeh sadəcə vaxtı uzadıb məsuliyyəti üzərində atmaq istəyirmiş. Bununla bağlı “04” oktyabr 2022-ci il tarixində Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq, hər hansı bir şəxsin yaxınlaşaraq hadisəni aktlaşdırmasını və ya sahə müvəkkilinə yönləndirilməsini tələb etdikdə, onlar bu məsələnin yalnız mülki qaydada məhkəmədə həll oluna biləcəyini bildirdilər. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu dəfələrlə onunla və evində təmir işləri aparmış ustası ilə apardığı telefon danışıqları, cavabdehin evində təmir işləri aparmış ustasının ona məxsus əmlaka gələrək dəymiş ziyana baxması, mənzil istismar sahəsinin nümayəndəsinə edilmiş xəbərdarlıq və dəymiş ziyanla bağlı fotoşəkillər ilə təsdiq olunur. Korlanmış əşyalar olduğu halda heç bir düzəliş olmadan onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-22/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbinin təmin edilməməsi və keçirilmiş ekspertiza xərclərinin, eləcə də ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. İddiaçıya məxsus mənzildə su sızmanın əlamətləri mövcud olması məhkəmə tərəfindən öz təsdiqini tapsa da, həmin mənzilə su sızmanın cavabdehin sahibliyində olan ünvan 2 ünvanında yerləşən 13-cü giriş, 15-ci mərtəbə, 1576 saylı mənzilindən axıdılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut tədqim olunmamışdır. Belə olan halda, vurulmuş maddi zərərin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin olunması xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətinin təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından və həmin hissədə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia qismən haqlı sayılır.
19. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə xüsusi bilik tələb edən sualların izah edilməsi məqsədilə iki dəfə məhkəmə tikinti texniki ekspertiza təyin edilmişdir. 05 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 1565 saylı mənzildə mərtəbəarası su sızmanın əlamətləri mövcuddur. Baxış zamanı mənzilin tavan hissəsində su izləri və saralmalar, həmçinin divar kağızının qopması və aralanması müşahidə olunmuşdur. Lakin iş üzrə cavabdehə məxsus mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən 1565 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətinə uyğun təqribən 585 manat məbləğində müəyyən olunur.
20. Bundan sonra, əlavə məhkəmə tikinti-texniki ekspertiza təyin olunmuş və 19 mart 2024-cü il tarixli nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 1576 saylı mənzilin sanitar qovşaq və şaxtasına baxış zamanı mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1565 saylı mənzilində mərtəbəarası su sızmanın əlamətləri mövcud olmasına baxmayaraq su sızmasının cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən 13-cü giriş, 15-ci mərtəbə, 1576 saylı mənzildən olduğu məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır.
21. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Əvvəla, iddiaçı cavabdehdən maddi zərərə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır.
22. İddiaçıya maddi zərər dəyməsi işin mübahisəsiz halına çevrilib. Mübahisəli hal bu zərərin vurulmasında cavabdehin təqsirinin olub-olmamsı ilə bağlıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmişdir. Ancaq zərər mövcuddur və bu cür zərər yalınz üst mərtəbədə yerləşən mənzildən su axıdılması nəticəsində baş verə bilir. Üst mərtəbədəki mənzil isə cavabdehin sahibliyində olmuşdur.
23. Apellyasiya baxışı zamanı da tərəflərin izahatından bəlli oldu ki, iddiaçı ilə cavabdehə məxsus mənzil üst-üstə yerləşir. Başqa sözlə, iddiaçının mənzilinin su axıdılan hissəsinin üst mərtəbədəki eyni hissəsi və onun kənar(yan)otaqları(hissələri) cavabdehə məxsus mənzilin tərkib hissəsinə aiddir. Bu cür vəziyyətdə suyun axıdılması cavabdehə məxsus mənzildən kənarda baş verə bilməzdi. Ağalaban mühakimə də bunun başqa cür olmasını istisna edir.
24. O başqa məsələ ki, cavabdeh bəyan edə bilər ki, onun mənzilinə də üst mərtəbədən su axıdılmış, nəticədə iddiaçının mənzilinə də onun mənzilindən su sızmışdır. Ancaq cavabdeh bunu iddia etmir, ekspert də cavabdehin mənzilinə üst mərtəbədən su axmasını müəyyən etməmişdir. Demək ki, cavabdehin mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya zərər dəyməsi özü-özlüyündə sübuta yetirilmiş hesab edilir.
25. Bundan əlavə, birinci instansiya məhkəməsi ekspert rəylərini də düzgün qiymətləndirməmişdir. Belə ki, birinci rəydə ekspert su sızma nəticəsində zərərin dəyməsini və məbləğini müəyyən etmiş, yalnız cavabdehə məxsus mənzilə baxış keçirilməsi mümkün olmadığına suyun axıdılmasının texniki səbəbini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Əlavə ekspertiza rəyində isə cavabdehə məxsus mənzilin sanitar qovşaq və şaxtasına baxış zamanı mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Əvvəla, ekspertin su sızıntısının texniki səbəbinin müəyyən edə bilməməsi suyun cavabdehin sahibliyində olan mənzildən axıdılmasını istisna etmir. İkincisi, cavabdehə aid mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur aşkar edilməməsi də həmin mənzildən suyun axıdılmamasına dəlalət etmir. Yəni, su və kanalizasiya borularında yaxud sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur olmadan da suyun fiziki olaraq axması və ya axıdılması mümkün ola bilər. Başqa sözlə suyun axması, sızması yaxud axıdılması yalnız sanitar qovşaq avadanlıqlarda qüsur olduğu zaman baş vermir. Buna görə də, birinci instansiya məhkəməsi ekspert rəylərinin məzmununu düzgün təfsir etməmişdir.
26. Ekspert rəyləri məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş həm ilk, həm əlavə məhkəmə tikinti texniki ekspertizasının rəyləri iddianın rədd edilməsi üçün deyil, iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilməlidir.
27. Şərh olunanlara əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-22/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi olaraq 585 manat alınaraq İddiaçı ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-22/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 585(beş yüz səksən beş) manat alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.