Məhkəmə qərarları › İş №2(103)-4226/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4226/2020

30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4226/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X3 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-635/20 saylı xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3407/2018 saylı xx xxxxxxxx 2018- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2003-cü il təvəllüdlü X1 üçün 154 manat köməklik göstərir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(003)-3412/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 103 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda uşağın 16 yaşı var. Uşaq Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin 1-ci kurs tələbəsidir, ödənişli təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Əlavə olaraq, uşaq həm də xəstədir. Uşaq hər üç aydan bir göz həkiminə aparılır və eynəyi dəyişilir. Uşaq həm də allergik rinitdən, 3-cü dərəcəli onurğa sütununun skaliozundan və zob xəstəliyindən əziyət çəkir və daima müalicə alır. Daimi iş yeri yoxdur. Cavabdehin ödədiyi 154 manat çox azdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onuncun çətindir. Buna görə də alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış, onun ikinci dəfə nikaha daxil olaraq həmin nikahdan uşağının olduğunu, iki gündən bir sürücü işlədiyi, başqa gəlirinin olmaması məhkəmə tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan bir uşaqları, xx xxxxxx 2003-cü il tarixdə X7 doğulmuşdur. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2014cü il tarixli 2(003)-3412/2014 №-li qətnaməsinin surətinə əsasən, tərəflər arasındakı nikah qeydi pozulmuş, xx xxxxxx 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 219334 saylı xx xxxxxx 2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikah ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 167 nömrə ilə qeyd aparılmış, qadına Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3407/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(003)-3412/2014 qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, tərəflərin birgə rəsmi nikahlarından anadan olmuş uşaqları – xx xxxxxx 2003-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 154 manat məbləğində sabit pul alimentin alınaraq iddiaçıya verilməsi müəyyən edilsə də, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən 154 manat məbləğində aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vax-ta-şırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia ver-mək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını Cavabdeh iddiaçı X2 pul məbləğində ödəməyə borcludur. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. X13 BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. X6 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «X13» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanun normalarına əsasən Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində alimentin ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh ikinci dəfə ailə qurması, onun İddiaçıilə birgə nikahdan olan uşağın saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, 170 manat sabit pul məbləğində alimentin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar