Məhkəmə qərarları › İş №2(103)-4227/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4227/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4227/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(011)-1311/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianı təmin etmək üçün tədbirin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X2 məxsus 2008-ci il buraxılışlı, ağ rəngli, Az ** SP *** dövlət qeydiyyat nişanlı, VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşədirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(011)-1311/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verib onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(011)-1311/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(011)-1311/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. İddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Göründüyü kimi, iddia tələbi 2954,83 manat məbləğində borcun ödənilməsi barədədir. Tətbiq olunması xahiş olunan iddianı təmin tədbiri isə X2 məxsus 2008-ci il buraxılışlı, ağ rəngli, Az ** SP *** dövlət qeydiyyat nişanlı, VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması və nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunacağı təqdirdə iddianı təmin tədbirinin tətbiq olunmaması nəticəsində gələcəkdə qətnamənin icrasında hər hansı çətinlik yaranacağı barədə iş materiallarında heç bir sübut yoxdur. Bundan əlavə iş materiallarından göründüyü kimi 2008-ci il buraxılışlı, ağ rəngli, Az ** SP *** dövlət qeydiyyat nişanlı, VAZ 21214 minik markalı nəqliyyat vasitəsi etibarnamə ilə iki nəfər şəxsin istifadəsinə verilib (iş v.38). Bu isə onu ehtimal etməyə əsas verir ki, avtomobil mövcud praktikaya əsasən etibarnamə ilə qeyr-rəsmi satılıb. Belə olan halda məhkəmə kollegiyası vurğulayır ki, gələcəkdə iddianı təmin tədbiri ilə bağlı mübahisə yarana bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad kifayət qədər əsaslandırılmışdır. İş materiallarında olan sübutlar qərardadın qanuni və əsaslı olması barədə nəticəyə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(011)-1311/2021 saylı qərardadından iddiaçının şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar