Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4228/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızının və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 200.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 490 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 55.572,50 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 256 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər “Barışıq sazişi” ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) müraciət edərək aralarında bağlanmış həmin “Sazişin” təsdiq edilməsini, iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. “Barışıq sazişindən” görünür ki, iş üzrə tərəflər aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə aşağıdakı şərt ilə razılığa gəlmişlər: “- Cavabdeh 6 ay müddətində İddiaçı 45.000 manat məbləğində pulu hissə-hissə, yəni 25.000 manatı 2024-cü ilin sonuna kimi, qalan 20.000 manat məbləğində pulu isə 20 fevral 2025-ci il tarixədək tam ödəyəcəkdir”. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və “Sazişi” bağlamış şəxslər “Sazişi” imzalamışlar. “Saziş” qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “- Cavabdeh 6 (altı) ay müddətində İddiaçı 45.000 (qırx beş min) manat məbləğində pulu hissə-hissə, yəni 25.000 (iyirmi beş min) manatı 2024-cü ilin sonuna kimi, qalan 20.000 (iyirmi min) manat məbləğində pulu isə 20 fevral 2025-ci il tarixədək tam ödəyəcəkdir”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4228/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4228/2024
20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver