Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4229/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X5, sonuncunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə» tələbinə dair 2(009)-617/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1-ə istifadə hüququnun tanınması, onun və azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 Bakı şəhəri Y.Mürsəlov küçəsi, dalan 1, ev ö/t 11-ə köçürmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Nikahları Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1450/2021 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından doğulmuş uşaqları onun himayəsində saxlanılmışdır. Evlənən vaxtdan cavabdehlərə məxsus ünvan 1 ünvanda yaşamışdır. Həmin evdə yaşaya-yaşaya onun uşaqları dünyaya gəlmişdir. O, özü işləmişdir və əldə etdiyi qazancının hamısını cavabdehlərə, uşaqlara və evin təmirinə xərcləmişdir. Belə ki, ünvan 1-ə: 1) 450 manata alçıpan vurdurmuş, 2) 200 manata divar kağızı çəkdirmiş, 3) 120 manata döşəməni yondurmuş, 4) divara qiyməti 80 manat olan penoplast vurdurmuş, 5) 30 manat olan «paduqa» vurdurmuş, 6) cəmi qiyməti 100 manat təşkil edən döşəməyə lak+emulsiya+razetkalar çəkdirmiş, 7) qiyməti 70 manat təşkil edən işıq naqilləri çəkmiş, 8) mətbəxin divarına qiyməti 250 manat təşkil edən kafel vurdurmuş, 9) mətbəxin döşəməsini 70 manata yondurmuş, 10) mətbəxin tavanına qiyməti 80 manat olan lambrin vurdurmuş, 11) evin dəhlizinə qiyməti 70 manat olan divar kağızı çəkdirmiş, 12) qiyməti 100 manat olan alçipan vurdurmuş, 13) qiyməti 30 manat lak vurdurmuş, 14) evin 1-ci mərtəbəsinə divara 40 manatlıq emulsiya çəkdirmiş, 15) divara qiyməti 70 manat olan penoplast vurdurmuş, 16) evin eyvanına qiyməti 500 manat olan metlax vurdurmuş, 17) eyvanı genişlətməyə 1.000 manat xərc çəkmiş, 18) hamama qiyməti 150 manat təşkil edən unitaz qoydurmuş, 19) evin çöl girəcəyinə qiyməti 450 manat olan qapı qoydurmuş, 20) evin pəncərələrinin dəyişilməsinə (4 otaq 150 manat + zal 300 manat) cəmi 900 manat xərc çəkmişdir. ünvan 1-ə çəkmiş olduğu xərc cəmi 5160 manat təşkil etmişdir. Hal-hazırda onun bir sıra əşyaları Bakı şəhəri Y.Mürsəlov küçəsi dalan 1 ev ö/t 11-də olmaqla cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Yəni daşınmaz əşya olan evdən və daşınar əşyalardan cavabdehlər faydalanır. Lakin onun həmin evdə yaşamasına maneə törədirlər. Onu və uşaqlarını həmin evə yaşamağa qoymurlar. Buna görə də, o, öz uşaqları ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır. Lakin cavabdehlərin ona və azyaşlı uşaqlarına qarşı olan qanunsuz hərəkətlərinə baxmayaraq hesab edir ki, onun və uşaqlarının Bakı şəhəri Y.Mürsəlov küçəsi dalan 1 ev ö/t 11-dən istifadə etmək hüquqları var. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2005ci il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 3 ünvanda yerləşən evə köçürülmələri qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh X9 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-617/2021 saylı qətnaməsi birtərəfli, qeyriobyektiv, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin qətnamə ləğv edilməlidir. Məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, teztələsik olaraq, yarımçıq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Onlar Ağdam rayonundan məcburi köçkündürlər, 1993-1994-cü illərdə Bakı şəhərinə gəlmişlər. Pul verməklə mübahisəli evi almışlar, mənzilə qeydiyyata düşmüşlər. Evin çıxarışı yoxdur, «litsevoy» hesabı var, ev onun adınadır. Ev köhnə olduğu üçün söküb yenidən tikdirmişdir. Həmin ərəfədə oğlu Vüqarın 13-14 yaşı olmuşdur. Gəlini 2004-cü ildən orada yaşamış, nəvələri onlarda doğulmuşlar. Boşandıqdan sonra gəlini Aynurənin və nəvələrinin onun evinə gəlməsinə və orada yaşamasına razı deyil. Apellyasiya baxışı zamanı cavabdeh X9, həmçinin onun təmsilçisi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etdilər. Cavabdeh Şəhla Məmmədova bildirdi ki, o, Quba rayonunun dağ kəndlərindən birində məktəbdə müəllimə işləyir və həmin rayonda yaşayır. Təqaüdə çıxdıqdan sonra Bakı şəhərinə qayıdıb mübahisəli evdə yaşamaq istəyir. Apellyasiya baxışı zamanı digər Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, o, əri Cavabdeh və iki uşağı ilə birlikdə mübahisəli evdə daimi yaşayıbdır. Həmin ev onlara məxsus olubdur. Ailə qurduğu vaxtdan 17 il müddətində daimi yaşadığı həmin evdən savayı başqa yaşayış yeri yoxdur və yetkinlik yaşına çatmayan uşaqları öz evlərinə qayıtmaq istəyirlər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini cavabdeh X5 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın təmin edimiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X8 adlı iki övladları var. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1450/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Ağdam rayon İcra Hakimiyyəti Başçısının Gülablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 21 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2005-ci il tarixli X7 və xx.xx.2005-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh xx.xx.2005-ci il tarixli X7 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına xx.xx.2021-ci il tarixdən başlanılması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlanılmış, toydan sonra iddiaçı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ö/t 11 saylı evə gəlin köçüb orada yaşamağa başlamış və tərəflərin birgə nikahdan həmin evdə iki övladları doğulmuşdur. Tərəflər arasında olan nikah ərin iddiası əsasında Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı 2004-cü il tarixdən 2021-ci il tarixədək mübahisəli evdə yaşamış və hazırda cavabdehlər iddiaçının və uşaqların mübahisəli evdə yaşamasına maneə törədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, uşaqları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşayır. ünvan 4vin təmirinə onun da şəxsi vəsaiti xərclənmişdir. Bu səbəbdən, iddiaçı həmin evə onun istifadə hüququnun tanınmasını, onun və uşaqlarının həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ö/t 11 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və hüquqi statusuna görə özbaşına tikili hesab edilir. Mübahisəli ev cavabdeh X2 məxsusdur, iş üzrə digər cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır və işin bu halı mübahisəsizdir. Bu səbəbdən, mübahisəyə hüquqi qiymət verilərkən işin bu faktiki halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini əsas tutaraq haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: «...Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).» Mübahisəli hüquq münasibəti üzrə tətbiq olunmalı hüquq normasına münasibətdə haqlı olaraq qeyd olunmuşdur ki, mübahisəli tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması, o cümlədən onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı hallarda mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması, həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi, hazırki mübahisənin evə köçürülmə ilə bağlı olduğu və mübahisəli hüquq münasibətlərinin 2004-cü ildə yarandığı nəzərə alınaraq qeyd edilməlidir ki, bu mübahisəyə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin göstərilən qərarı əsas tutularaq, hazırki mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə cavabdehlərin iddiaçının həmin evə köçürülmələri olmaması barədə gətirdikləri dəlillər üzrə, yəni iddiaçının həmin evə gəlin gəlməmişdən əvvəl onların ailəsi tərəfindən inşa edilməsi və onlara məxsus olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, evə hüququ olduğunu iddia edən hər hansı bir şəxs müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququ müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən iddiaçının mübahisəli ünvanda yerləşən evdə yaşamasına cavabdehlərlə bərabər hüququ var və bu hüququn məhdudlaşdırılması iddiaçının Konstitusiya ilə qorunan yaşayış hüququnun pozulması kimi qiymətləndirilməlidir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqlarının ananın yanında saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir (maddə 49.2). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanılması müəyyən edildiyindən, iddiaçı onların mənafeyi üçün iddia qaldırmaqda tam haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi hissəsində təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-617/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edimiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4229/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4229/2022
21.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver