Məhkəmə qərarları › İş №2(103)-4229/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4229/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4229/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4348/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: "xxxx" MMC və Cavabdeh arasında bağlanmış B/2149 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 18400 manat kredit verilib. Müqavilənin 5.4.2-ci bəndinə əsasən, borclu kreditora ödəniş planı üzrə ödənişi vaxtında və lazımi qaydada etmədikdə, hər gecikdirən təqvim günü üçün 1% məbləğində cərimə ödənişi etməyi öhdəsinə götürüb.

2. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ayın 22-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq 1337.84 manat ödəniş etməlidir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi, iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək cavabdehdən B/2149 saylı kredit müqaviləsi üzrə 10216 manat əsas, 731 manat faiz, 345 manat cərimə, ümumilikdə 11292 manatın və ödənilmiş 123.88 manat dövlət rüsumuna görə xərcin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş edib.

4. İddiada göstərilir ki, məsuliyyətin izah edilməsinə baxmayaraq, borclu krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. Borclu ilə əlaqə saxlanılmasına baxmayaraq, bu günə qədər borclu tərəfindən kredit borcu ödənilməmişdir. Borclunun "xxxx" MMC-yə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə xx.xx.2024-cü il tarixinə 10216 manat əsas, 731 manat faiz, 345 manat cərimə, ümumilikdə 11292 manat borcu yaranmışdır. Borcluya dəfələrlə şifahi (telefonla) və rəsmi xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4348/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia tələbinin təmin edilərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 10216 manat məbləğində əsas borc, 731 manat məbləğində faiz borcu, 345 manat məbləğində cərimə borcu, cəmi 11292 manat borc və 123.88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 18 ay müddətinə 18400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh B/2149 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" MMC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Müqavilə üzrə tərəflər arasında borcalan öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. Məhkəmə cəriməni tənəssübsüz surətdə yüksək hesab etməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunmamasını xahiş edib göstərir ki, kredit müqaviləsi əsasında olan ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəsə də, sonradan maddi çətinlikləri olduğuna görə ödənişlər edə bilməyib. İddiaçı həmin krediti ona verərkən həmin pulun məbləğindən çox qızıl əşyaları girov müqaviləsi bağlamaqla pulu götürmüşdür. Bu barədə iddiaçı məhkəməyə heç nə təqdim etməmişdir. İddiaçı girovsuz həmin məbləğdə pul verməzdi və onun daimi iş yeridə yoxdur. Cavabdehin iddiaçıya iddia ərizəsində göstərilən 10216 manat əsas borcdan daha az borcu qalıb və girov saxlanılan qızıl əşyalarıda qaytarılmayıb və iddiaçı tərəfindən bildirilmişdir ki, həmin qızıl əşyaları qalan borcla əvəzləşdirilib. Məhkəmədə heç bir araşdırma aparmadan iddiaçıya 10216 manat əsas borcu olduğu qənaətinə gələrək tam əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

9. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində bildirmişdir ki, məhkəmənin mübahisə predmeti olan kredit müqaviləsinin təminatı kimi tərəflər arasında Girov müqaviləsi, Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən girov predmetinə tutma məhkəmədən kənar yönəldilməsi öz əksini tapmışdır. Mülki iş üzrə cavabdeh olan Cavabdeh şəxsən özü tərəfindən girov predmeti digər şəxsə satılmışdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklər onun üzərində qalmasına baxmayaraq, digər şəxs həmin öhdəlikləri yerinə yetirməyi üzərinə götürmüşdür. Hazırki məhkəmə iclasının isə iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Maddə 741 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyil.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin məzmunundan, eləcə də nəticə hissəsindən görünür ki, iddia təmin edildiyindən apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Məhkəmə tərkibi hesab edir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

19. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

20. Cavabdeh iddiaçı ilə arasında kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi. Ona görə də cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

23. Cavabdehin kredit alarkən qızıl əşyalarını təminat olaraq girov qoyması həqiqi olsa belə bu hallar iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı etmir. Çünki iddiaçı kredit müqaviləsi verdiyi pulun tutulmasını girov predmetinə yönəldilməsini tələb etmədən də istəyə bilər. Bunu ona qadağan edən hal yoxdur. Buna baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə borcnu ödədikdən sonra, həqiqətən də qızıl əşyalarını girov olaraq qoymuşdursa buna dair məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.

24. İş üzrə ekspertizanın keçirilməsi üçün də əsas və zərurət yoxdur. Çünki tələb edilən əsas, faiz və cərimə borcu müqavilə şərtlərinə uyğun və adekvat olmuşdur. Cavabdeh öhdəliyini hansısa formada icra etmiş olsa idi, yəqin ki, buna dair sübut təqdim edə bilərdi, ancaq etmədi. Demək ki, cavabdehin əsas borcdan daha az borcu qaldığını sübut etmək yükü onun üzərində qaldığından ekspertizanın keçirilməsi formal və işə baxılmasını süni surətdə yubatmaq xarakter daşıya bilər.

25. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4348/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4348/2024 saylı, 04 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, iddiaçı "xxxx" BOKT MMC tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar