Məhkəmə qərarları › İş №2(103)-423/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-423/2022

11.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-423/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh1 nümayəndəsi və vəkili X1, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair 2(011)-184/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 50000 ABŞ dolları maddi zərərin tutularaq onlara ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Abbas Səhhət küçəsi, ev 6, 8 saylı mənzilə bitişik, 6 saylı mənzilin üstündə qanunsuz inşa edilmiş tikilinin sökülərək binanın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu, Abbas Səhhət küçəsi ev 6, mənzil 6 onlara məxsus olmaqla mülkiyyətlərindədir, bunu təsdiq edən seriya MH, ******* nömrəli çıxarışları vardır. Həmin yaşayış sahəsi 05.12.2013-cü il tarixdə "xxxx"QSC-yə girov qoyulmuş və kredit götrülmüşdür. 0,0351 ha.torpaq sahəsində yerləşən, 2 mərtəbəli binada,42.7 kv.m yayaış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzil 6 nömrəli binada tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 1012 nömrəli kitabının 91023 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda həmin mənzildə 8 nəfər ailə üzvü qeydiyyatda olmaqla yaşayır. Cavabdehlər 2019-cu ilin yay aylarında onlara qarşı məhkəmədə “qanunusuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarlması” barədə iddia ərizəsi vermiş, 10.12.2019-cu il tarixli, 2(011)- 5816/2019 saylı qətnamə ilə tələbin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bununla belə cavabdehlər onlara məxsus Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 saylı mənzilin üstündə müvafiq icazə olmadan tikinti-quraşdırma işləri aparmağa başlamış, tkilini və mənzili yükləmiş, nəticədə mülkiyyətlərində olan mənzil qəzalı vəziyyətə düşmüşdür. Bir neçə dəfə qanunsuz tikinti aparılmasına görə dava-dalaş düşmüş, ona xəsarətlər yetrilmiş, polis orqanları araşdırma aparmışdır. Lakin cavabdehlər qayda və qanunlara məhəl qoymadan tikintini davam etdirmiş, mənzili yükləmiş, istinad-yük divarları çat vermiş, yaşayış sahəsi qəzalı vəziyyətə salınmılşdır. Hazırda binada yaşamaq həyat üçün təhlükəlidir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmlaklara külli miqdarda - 50000 ABŞ dolları real maddi ziyan vurulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxış zamanı məhkəməyə cavabdehlərin qanunsuz tikinti apardıqları barədə məlumat verib tikintinin dayandırılması barədə ərizə verilsə də, qərardad qəbul edilmədi, əksinə tikinti davam etdirildi və nəticədə iddiaçıların mülkiyyəto qəzalı vəziyyətə düşdü. Digər tərəfdən, mənzilin qəzalı vəziyyətə düşməsi, vurulmuş zərərin miqdarını müəyyən etmək üçün mühasibatlıq və tikinti-texniki ekspertizalar keçrilməli idi. İddiaçılar tərəfindən verilmiş vəsatətə və ərizələrə heç bir əhəmiyyət verilmədi. Nəticədə məhkəmə hüquqdan və hüquq düşüncəsindən kənar qətnamə qəbul etdi və iddiaçıların hüquqları kobudcasına pozuldu. Cavabdehlər Bakı şəhəri, Xətai rayonu,A.Səhhət küçəsi ev 6, 6 saylı mənzilin üstündə müvafiq icazə olmadan tikinti -quraşdırma işləri aparmış, tikilini və mənzili (mülkiyyəti) yükləmiş, nəticədə iddiaçıların mülkiyyətində olan mənzil qəzalı vəziyyətə düşmüşdür. İşə baxan məhkəmə isə bu tikilələri əlavə tikili adlandırır, halbuki qanunun mənasına görə bunun bircə adı varözbaşına tikili. Bir neçə dəfə qanunsuz tikintin aparılmasına görə dava-dalaş düşmüş, iddiaçılara xəsarətlər yetirilmiş, polis orqanları araşdırma aparmışdır. Belə vəziyyətdə cavabdehlər qayda və qanunlara məhəl qoymadan tikintini davam etdirmiş, iddiaçılarımn mülkiyyətini və əlavə tkililərini yükləmiş, mənzilin və binanın əsas istinad - yük divarları çat vermiş, yaşayış sahəsi qəzalı vəziyyətə salınmışdır. Hazırda mülkiyyətdə yaşamaq həyat üçün təhlükəlidir. Apellyasiya baxışı zamanı İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili X.Məmmədova, cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Abbas Səhhət küçəsi, ev 6, yaşayış sahəsi 42.7 kv.m olan 6 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1012 nömrəli reyestr kitabının 91023 nömrəli vərəqində 25.09.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Abbas Səhhət küçəsi, ev 6, sahəsi 26.20 kv.m olan 8 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 02.07.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09.04.2021-ci il tarixli, 10/2711 saylı rəyindən göründüyü kimi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi, 6 saylı evin 8 saylı mənzilinin yaşayış binasının ikinci mərtəbəsində yerləşdiyi nəzərə alınaraq tikinti norma və qaydalarına uyun inşa olunduğu müəyyən edilir. Lakin tədqiq olunan 8 saylı mənzilə bitişik vəziyyətdə əlavə inşa olunmuş tikiliyə (həmin mənzilə ayrıça giriş-çıxış yolu pilləkən qəfəsəsindəndir) dair mülki iş materialında müvafiq icra sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə, yəni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Cavabdeh1 məxsus mənzilin daxilində yenidən qurma işlərinin aparılmadığı müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi 6 saylı evin 8 saylı mənzilinin tikintisi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi 6 saylı evin 6 saylı mənzilinə ziyan (istilik, su sızma, çökmə, qrunt suları və s.) vurulmadığı müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə 07.09.2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.11.2021-ci il tarixli, 10/5012 saylı rəyində qeyd edilmişdir ki, “...Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi, 6 saylı evin 8 saylı mənzilinə bitişik vəziyyətdə əlavə inşa olunmuş tikilinin binanın ikinci mərtəbəsində yerləşdiyini, iddiaçıların 6 saylı mənzilinin binanın birinci mərtəbəsində yerləşdiyini, həmin tikililərə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 öz mənzillərindən istifadə etməsinə hər hansı maneə və məhdudiyyət yaratmadığı müəyyən edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddələrinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı dəlil şikayətə əlavə edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların rəyi ilə Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi 6 saylı evin 8 saylı mənzilinin tikintisi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi 6 saylı evin 6 saylı mənzilinə ziyan (istilik, su sızma, çökmə, qrunt suları və s.) vurulmadığı, 8 saylı mənzilə bitişik vəziyyətdə əlavə inşa olunmuş tikilinin iddiaçılar İddiaçı1 və İddiaçı2 öz mənzillərindən istifadə etməsinə hər hansı maneə və məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Beləliklə, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(011)-184/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar