Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4231/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129A, 7 saylı mənzil İddiaçı, həmin binanın 9 saylı mənzili isə Cavabdeh mülkiyyətində və faktiki istifadəsindədir. İddiaçı qonşu mənzildən onun mənzilinə su axıdıldığını iddia edərək ona dəymiş zərəri tələb edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129A, mənzil 9 ünvanında yerləşən mənzildən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129A, mənzil 7 ünvanında yerləşən mənzilə su axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 10853,1 manat məbləğində pul vəsaitinin, "xxxx" MMC-yə ödənilmiş 300 manat pul vəsaitinin, işin məhkəməyə verilməsinə görə ödənilmiş 124 manat dövlət rüsumunun, ümumilikdə 11277,10 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Mənzilinə su axıdılması nəticəsində evinin divarları, tavanı, döşəməsi sıradan çıxmış və yenidən təmirə ehtiyac vardır. Nəticədə ona 11277,10 manat zərər dəymişdir
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli (hakim N.Tağıyeva, iş № 2(005)-51/2024) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq 6055 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 125 manat pulun 80,55 manatı, cəmi 6135,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 6055 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 6055 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilməlidir ki, iddiaçı tərəf qiymətləndirmə rəyinə əsaslanaraq təmir müddətində əlavə mənzildə qalmaq üçün kirayə haqqı, mənzilin giriş (koridor) hissəsində və 1 otaqda olan mebel-şkafının bərpası, yenidən yığılması, təmiri və s. ağac materialından olan daxili qapıların bərpası, xüsusilə qoşa qapının əsaslı təmiri, islanmış xalçaların yuma şirkətinə verilməsi və digər xərclərin olduğunu bildirərək toplamda 10853,1 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, ekspert rəyində göstərilən məbləğdən daha artıq məbləğin tutulmalı olmasını, həmin məbləğdən artıq zərərin vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1115-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli ekspert rəyindən də göründüyü kimi tədqiqatın nəticəsində 9 saylı mənzilə məxsus mətbəx və sanitar qovşağı tikililəri təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 7 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamış, məhkəmə ekspertizası tərəfindən baxış keçirilən zaman su sızmasının texniki səbəbləri müəyyən edilmədən formal rəy tərtib edilmişdir. Ekspert heyəti tərəfindən cavabdehə məxsus mənzilə ümumiyyətlə baxış həyata keçirilməmiş, qapının astanasından vizual baxış aparılmış, otaqlara nəzər yetirilməmiş və çəkişmə prinsipinə əməl ediləcəyi bildirilsə də, formal ekspert rəyi hazırlanmışdır. 7 saylı mənzildə meydana gələn qüsurların 9 saylı mənzilin mülkiyyətçilərinə məxsus hər hansı hərəkət yaxud hərəkətsizliyindən meydana gəldiyinə dair səbəbli-nəticə əlaqəsi yoxdur. Bu formal ekspertiza rəyində də öz əksini tapmış, sızıntının 9 saylı mənzildən meydana gəldiyinin sübuta yetirilmədiyi bildirilmişdir. Təkrar ekspertiza təyin olunmasına baxmayaraq, ekspert sadəcə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə kifayətlənmişdir. Cavabdehə məxsus mənzilə dair su sızmasının hansı səbəbdən meydana gəlməsinə dair hər hansı qeyd aparılmamışdır. Tərtib edilmiş ekspert rəylərində isə detallı heç bir cavab qeyd olunmamış, hansı şərt və şəraitdə 9 saylı mənzildən 7 saylı mənzilə sızmanın mümkün olduğu bildirilməmiş, ekspertiza qarşısına qoyulmuş suallar səthi cavablandırılmışdır. Halbuki bu halın müəyyən edilməsi ziyanın vurulmasında təqsirkar olan şəxsin aşkar edilməsi ilə yanaşı məhkəmə tərəfindən ədalətli qətnamə qəbul edilməsi ilə də nəticələnə bilərdi. Bina yeni tikili deyil. Binanın lazıminca saxlanmamasından və ya qüsurundan irəli gəldiyi hallar araşdırılmamışdır. Bina yeni tikili olmadığından dolayı su kanalizasiya xətlərində köhnəlmə nəticəsində sızmanın ola biləcəyi, yaxud digər texniki səbəbdən dolayı iddiaçının mənzilinə zərər dəyə biləcəyi halları araşdırılmamışdır. Su sızmasının təzyiqi barədə də hər hansı qeyd aparılmamışdır. Hadisənin baş verdiyi iddia edilən tarixdə cavabdeh mənzildə olmamışdır, onun oğluna hadisə barədə məlumat verildikdən sonra o gəlmiş və çox kiçik sahələrin islandığını müşahidə etmiş, döşəmədə heç bir problem olmadığını bildirmişdir. Sonradan oğlu usta gətirib və iddiaçının iştirakı ilə mənzilə baxış keçiriblər. X1 bildirib ki, təmir xərcləri 1500-2000 manat ətrafında olduğunu bildirmişdir. Hadisədən xeyli müddət sonra alınmış mütəxəssis rəyində isə şişirdilmiş rəqəmlər əks olunmuş, hadisədən xeyli müddət sonra alınmış rəyə əsasən hesablanmış zərər reallığı əks etdirmir. Belə ki, rəyin alınma vaxtına evin olan vəziyyəti həqiqətən su sızmasından yaranan zərərimi əks etdirir məlum deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 15.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 17.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 18.Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən mənzilinə su axıdılmasına istinad edərək ona dəymiş maddi zərərin ödənilməsini tələb edir. 19.Cavabdeh isə iddiaçıya maddi ziyanın dəydiyini etiraf edir, lakin ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğlə razı olmadığını bildirir. 20.Birinci instansiya məhkəməsi isə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cavabdehə məxsus 9 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 7 saylı mənzilin yaşayış otaqları, dəhliz və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 129A saylı evin 7 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 9 saylı mənzildən su axıdılığı və nəticədə 7 saylı mənzilin yaşayış otaqları, dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunur. Qeyd olunur ki, 9 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin mətbəx və sanitar qovşağı tikililəri təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 7 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 7 saylı mənzilə su sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Həmçinin, həmin qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri cəmi 6055 manat müəyyən edilməklə divarda, tavanda, divarda və döşəmədə aparılmalı olan təmir işlərinin, eyni zamanda təmir materiallarının hər birinin dəyəri ayrı-ayrılıqda hesablanaraq rəyə əlavə edilmiş smetada qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənzilinə dəymiş ziyanı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ həcmində müəyyən etmişdir. 21.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. 22.İşdən görünür ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddianı qismən – iddiaçının mənzilinə suyun axıdılması hissəsində etiraf etmiş, yalnız maddi ziyanın həcmini mübahisələndirmişdir. Bundan əlavə ekspert rəyi ilə cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə su sızması nəticəsində sonuncuya ziyan dəydiyi faktı müəyyən olunmuşdur. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə əvvəlki ekspertiza rəyi bir daha təsdiqlənmişdir. 23.Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 24.Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 25.İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığı təsdiq olunmuşdur. 26.Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilə su sızmasının texniki səbəbi, suyun axıdılma halları nəticəsində zərər dəymişdirsə, dəymiş zərərin həcmi, dəymiş zərərin bərpa olunması üçün tələb olunan pulun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspert rəylərinə əsasən 7 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6055 manat məbləğində müəyyən edilmişdir. 27.Məhkəmə kollegiyası məhz bunu nəzərə alaraq apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmasını məqsədəuyğun saymadı. 28.Qeyd edilənlərə əsasən Kollegiya iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. 29.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2). 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 29 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.