Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4233/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Mercedes G55 minik markalı avtomobilə vurduğu maddi zərərə görə 17.985 manat və avtomobilin lizinqinə görə “xxxxxxxxx” ASC-yə ödənilmiş 9.488,25 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 27,503.25 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 05 nömrəli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən, ona məxsus **-AR-*** dövlət qeydiyyat nişanlı, Mercedes G55 minik markalı avtomobil xx xxxxxx 2019-cu il saat 17:55-dən xx xxxxxx 2019-cu il saat 19:00dək iddiaçı tərəfindən cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh icarəyə verilmiş ona məxsus olan Mercedes-Benz G-55 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda qalmış, servisə gətirilərkən isə məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Səbəb isə onun müştərisi tərəfindən avtomobili idarə etdiyi müddət ərzində mütəmadi olaraq kobud surətdə texniki şərtləri və istismar qaydalarının pozulması, avtomobilin düzgün istifadə edilməməsi olmuşdur. Mütəxəssisin rəyinə və qüsür aktına əsasən bunun nəticəsində avtomobilinə 17.985 manat məbləğində maddi ziyan dəymişdir. Elə həmin tarixdə də Cavabdeh hadisə ilə bağlı söhbət aparmaq üçün ofislərinə dəvət etmək istədikdə, telefon əlaqəsi yaradaraq məsələni izah etmiş, lakin, o, çox sərt və kobud şəkildə bildirmişdir ki, onlara dəyən ziyanı ödəməyəcək. Hələ bu azmış kimi telefon söhbəti əsnasında bildirmişdir ki, “Öz maşınlarımı da belə sürürəm, 2 dəfə maşınımın motorunu dağıdmışam Mən qəsdən o cür sürüb zövqünü çıxarmaq üçün 5.5 motor Gelendvaqeni götürmüşəm. Gedib hara istəyirsiz şikayət edin, mənə heç kəs bata bilməz”. Bununla avtomobil sertifikatlı kompyuter diaqnostikası ilə yoxlanılmış və mütəxəssislərin iştirakı ilə baxış keçirilərək “VEV” avtoservis tərəfindən bu barədə ətraflı arayış verilmişdir. Müəyyən edilmişdir ki, avtomobil yüksək sürətlə mütəmadi olaraq idarə edildiyindən, mühərriki stabil sürətlə deyil tez-tez sürət qaldırıb- endirdiyindən, istifadə edilən benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrikin fəsadları ekran tablosunda öz əksini göstərmişdir. Buna baxmayaraq avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək, sürətlə istifadəsinə davam etdiyindən, mühərrik yüksək surətdə sıradan çıxmışdır. Bundan başqa “Geotek” naviqasiya sistemindən də aldıqları çıxarışla müəyyən olunur ki, 01-xx.xx.2019-ci il tarixlərində avtomobilin istismarı zamanı surət həddi 76 dəfə aşaraq mütəmadi qaldırılmış və GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/s, yuxarı sürət həddi isə 183 km/s olmuşdur. Avtomobilə dəyən zərərin ödənilməsini dəfələrlə cavabdehdən tələb etsə də, bu günədək cavabdeh ona vurduğu zərəri ödəməmişdir. Avtomobilə görə “xxxxxxxxx” ASC-yə hər ay 3162,75 manat məbləğində lizinq ödənişini həyata keçirir. Avtomobil gündəlik icarəyə verildiyindən aylıq lizinq ödənişi icarəsinin hesabına təmin olunurdu. Lakin, xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək yararsız hala düşdüyündən iddiaçı lizinq ödənişini şəxsi vəsaiti hesabına ödəmək məcburiyyətində qalmışdır və 9,488.25 manat əlavə ziyana düşmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmaması məsələsini araşdırmalı idi. Belə ki, o, icarə müqaviləsini “xxxxxxxx” ilə bağlanmış və hesab edir ki, bütün suallar onunla MMC arasında həll olunmalıdır. Hesab edir ki, “xxxxxxxx” MMC cavabdeh olmadığı halda o ümumiyyətlə cavabdeh ola bilməz. Vergidən yayınma məqsədilə, xx.xx.2018-ci il tarixli Lizinq müqaviləsinin 9.3-cü bəndinə (lizinq alan obyekti sublizinqə və ya kirayəyə verə bilərlər) zidd olaraq İddiaçı “xxxxxxxx” MMC ilə avtomobilin sublizinqə və ya kirayəyə verilməsi barədə heç bir müqavilə bağlamamışdır. Hesab edir ki, ona verilən avtomobil ona yararsız halda icarəyə verilmişdir. Avtomobilin surət göstəricisi 280 km/s olduqda, texniki parametrlərə uyğun olaraq maksimal surət 210 km/s olduqda, qərnamədə qeyd etdiyi kimi, avtomobili sürən zaman tərəfindən yuxarı surət həddi 183 km/s olmuşdur. Bu halda sual yaranır ki, göstərilən avtomobilin hansı texniki şərtlərini pozmuşdur. Həmçinin, iddiaçı və ya “xxxxxxxx” MMC avtomobili həmin gün yox, 4 gün sonra avtoservisə aparmışlar. Ona elə gəlir ki, avtomobilə digər şəxslər tərəfindən zərər verilə bilərdi. Onu da qeyd edir ki, onlar hadisə yerinə sığorta şirkətini çağırmamışlar. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış və məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili X.Yaqubov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan ziyanın məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 05 nömrəli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsindən görünür ki, **-AR-*** dövlət qeydiyyat nişanlı, Mercedes G55 minik markalı avtomobil xx xxxxxx 2019-cu il saat 17:55-dən xx xxxxxx 2019-cu il saat 19:00-dək hər günü 250 manat olmaqla Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Avtomobilin qiyməti 85.000 ABŞ dolları kimi müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.2-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İş materiallarında olan “xxxxxxxx MMC”nin verdiyi xx xxxxxx 2019-cu il tarixli arayışının və GPS sistemdən alınan hesabatların surətindən aydın olur ki, Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixədək sürət həddini 76 dəfə aşaraq mütəmadi sürət qaldırıb endirmişdir. GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/s yuxarı sürət həddi isə 183 km/s olmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 05 nömrəli qusur aktına əsasən Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 17 985,00 manat hesablanmışdır. İş materiallarında olan “VEV” avtoservis tərəfindən verilən arayışdan məlum olur ki, avtomobil yüksək sürətlə mütamadi olaraq idarə edildiyindən, mühərriki stabil sürətlə deyil tez-tez sürət qaldırıb- endirdiyindən, istifadə edilən benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrikin fəsadları ekran tablosunda öz əksini göstərmişdir. Buna baxmayaraq avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək, sürətlə istifadəsinə davam etdiyindən, mühərrik yüksək surətdə sıradan çıxmışdır. İş materiallarında olan “GeotekBS” naviqasiya sistemindən verilən çıxarışdan məlum olur ki, 01-xx.xx.2019-ci il tarixlərində avtomobilin istismarı zamanı surət həddi 76 dəfə aşaraq mütəmadi qaldırılmış və GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/s, yuxarı sürət həddi isə 183 km/s olmuşdur. İş materiallarında olan 105/LA saylı xx xxxxxxx 2018-ci il tarixli daxili maliyyə Lizinq müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxx” ASC Azadlıq filialı ilə İddiaçı arasında 34 ay müddətinə, lizinq ödənişi 26% olmaqla, ümumi məbləğ 75500 AZN, avadanlığın dəyəri 120.000 AZN olan 1 ədəd Mercedes Benz G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinqə verilməsinə dair lizing müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 9.3-cü maddəsinə görə Lizinq alan Lizinq obyektini sublizinqə və ya kirayəyə verə bilər. Müqavilənin 7.5-ci maddəsinə görə Lizinq alan Lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üçün xərcləri çəkməlidir. İş materiallarında olan AB-22/0402 saylı xx.xx.2019-cu il tarixli etibarnamədən müəyyən olunur ki, “xxxxxxxxx” ASC Azadlıq filialı tərəfindən Mercedes Benz G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə və idarəedilməsini “xxxxxxxx MMC”-yə etibar edir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli razılaşmadan görünür ki, R.X1 G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, 90-AR027 dövlət qeydiyyat nişanlı avtomobilin “xxxxxxxx MMC” tərəfindən istifadəsinə razılıq verir. İş materiallarında olan xxxxxxxxxxxxxx MMC-nin xx xxxx 2019-ci il tarixli, 117 nömrəli arayışından görünür ki, “xxxxxxxx” MMC balansında olan 2011-ci il buraxılışlı Mercedes benz G55 minik markalı 90AR027 dövlət nömrə nişanlı (ban WDCYC7AF3CX193613) avtomobil xx xxxxxx 2019-cu il tarixdə servisə daxil olmuşdur. Avtomobilin mühərriki təmir olunduqdan sonra xx xxxx 2019-cu il tarixdə işlək vəziyyətdətəhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Nərimanov RPİ-nə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin yanvar ayının əvvəllərində təsisçisi olduğu “xxxxxxxx” MMC tərəfindən “Mersedes Benz G-55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil müştəri Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Lakin Cavabdeh özbaşınalıq törədərək, əmlakın istismar qaydalarını kobud surətdə pozmuş və nəticədə müvəqqəti istifadəsinə verilmiş “Mersedes Benz G-55” markalı **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobilə 11000 manat məbləğində maddi ziyan vurmuşdur. İzahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC-dən “Mersedes Benz G-55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin avtomobili xx.xx.2019-cu il tarixədək idarə etmişdir. xx.xx.2019-cu il tarixdə o həmin avtomobil ilə Quba rayonuna doğru hərəkət edən zaman yolda anidən avtomobil dayanmışdır və avtomobili idarə etmək mümkün olmamışdır. O avtomobili icarəyə götürdüyü "xxxxxxxx” MMC-yə zəng edib bu barədə məlumat vermişdir. Bir neçə saatdan sonra “xxxxxxxx” MMC-nin işçiləri ona başqa bir avtomobil gətirib vermişlər, içarəyə götürdüyü avtomobili isə aparmışlar. Həmin gündən bir gün sonra “xxxxxxxx” MMC-dən ona zəng edib idarə ediyi avtomobilin mühərrikinin sıradan çıxdığını demişlər. O, avtomobili icarəyə götürən zaman ona avtomobildə “antizanos” deyilən hissəsində nasazlıq olduğunu və həmin nasazlığında heç bir problem yaratmayacağını bildirmişlər. O, avtomobili idarə edən zaman heç bir texniki şərtləri pozmamışdır, onun istismar qaydalarına riayət etmişdir. Həmin avtomobilin necə və nə cür zədələnməsi haqqında heç bir məlumatı yoxdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material mülki xarakterli olduğundan cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməsi qərar alınmışdır. İş materiallarında olan X2 və qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, LF 32 nömrəli hesabatdan müəyyən olunur ki, “Mercedes Benz G 55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyanın dəyəri 17535 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və haqlı olaraq ekspert rəyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 17535 manat məbləğində pul vəsaiti tutmuşdur. Belə ki, İddiaçı lizinq müqaviləsi əsasında faktiki sahibliyində və istifadəsində olan Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili “xxxxxxxx” MMC vasitəsilə Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 05 nömrəli avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsinə əsasən hər günü 250 manat olmaqla 4 gün müddətinə icarəyə vermişdir. Cavabdeh idarə etdiyi Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin surət həddinin tez tez qaldırılıb endirilməsi nəticəsində avtomobil hərəkətini dayandırmış, sonradan mütəxəssislər tərəfindən avtomobil komputer diaqnostikasından keçirilmiş, avtomobilin mühhərikinin yüksək surətdən sıradan çıxdığı müəyyən edilmişdir. Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən yüksək surətlə idarə edilməsi “GeoTekBS” naviqasiya sistemindən “sürmə stili hesabatında” qeyd edilmiş məlumatlarla təsdiqini tapır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Mercedes Benz markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 17535 manat təşkil edir. Bununla belə birinci instansiya məhkəməsi avtomobilə cavabdeh tərəfindən zərərin vurulması nəticəsində iddiaçı avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün cavabdehdən 9.488,25 manat pulu tutulması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Belə ki iş materiallarında olan “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, “xxxxxxxx.” MMC-nin balansında olan 2011-ci il buraxılışlı “Mercedes Benz G55” minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixdə servisə daxil olmuş, avtomobilin mühərriki təmir olunduqdan sonra xx xxxx 2019-cu il tarixdə işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan Mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən lizinq müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 3163 manat, xx.xx.2019-cu il tarixdə isə 3200 manat məbləğində ödənişlər edilmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün cavabdehdən 9.488,25 manat pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan pulun məbləği 6363 manat müəyyən edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus avtomobil iki ay ərzində təmir edilməsi ilə bağlı avtoservisdə olmuş və həmin müddət ərzində iddiaçı banka ümumi məbləği 6363 manat olmaqla iki ayın ödənişini etmişdir. Apellyasiya şikayətinin iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “xxxxxxxxx” ASC Azadlıq filialı ilə İddiaçı arasında 34 ay müddətinə, lizinq ödənişi 26% olmaqla, ümumi məbləğ 75.500 AZN, avadanlığın dəyəri 120.000 AZN olan 1 ədəd Mercedes Benz G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinqə verilməsinə dair lizing müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 160-cı maddəsinə əsasən əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Göründüyü kimi, Mercedes Benz G55 markalı, Tip universal, buraxılış ili 2011, ağ rəngli, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxx” ASC-yə məxsus olmuş, bank tərəfindən avtomobil lizinq müqaviləsinə əsasən şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün İddiaçı verilmişdir. İddiaçı də avtomobilin sahibi olmuş və onun hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ mövcuddur. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh avtomobilə məhz onun tərəfindən deyil, başqa şəxs tərəfindən ziyan vurulmasını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə Nərimanov Rayon Polis İdarəsində verdiyi ifadəsində sözügedən avtomobil ilə Quba rayonuna doğru hərəkət edən zaman yolda anidən avtomobilin dayandığını və avtomobili idarə etmənin mümkün olmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya, məhkəmə iclasında iştirakının təmin olunmaması barədə apellyatorun arqumentini də əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin ünvanına bildirişlər göndərildiyi, lakin “bu ünvanda yaşamır” qeydi ilə məktubun geri qaytarıldığı aydın olur; məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilsin. İddiaçı avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün Cavabdeh tutulmalı olan ziyanın məbləği 6363 (altı min üç yüz altmış üç) manat, ziyanın ümumi məbləği isə 23898 (iyirmi üç min səkkiz yüz doxsan səkkiz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4233/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4233/2020
12.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver