Məhkəmə qərarları › İş №2(103)-4233/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4233/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4233/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)-339/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9721,3 ABŞ dolları əsas, 6532,43 ABŞ dolları faiz, 1760,76 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15 oktyabr 2018-ci il tarixdən 22 aprel 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 742,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18756,99 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35.04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35,04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35,04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35.04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «xxxx» İKB ASC-nin «1 saylı» filialından illik 21%-lə 36 ay müddətinə 14200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 35,04 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 54 nömrəli mənzili 15 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 22 aprel 2020-ci il tarixədək Cavabdeh 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9721,3 ABŞ dolları əsas, 6532,43 ABŞ dolları faiz, 742,5 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18014,49 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 20 aprel 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9721,3 ABŞ dolları əsas, 6532,43 ABŞ dolları faiz, 1760,76 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15 oktyabr 2018-ci il tarixdən 22 aprel 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 742,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18756,99 ABŞ dolları borcu vardır. 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)- 339/2021 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia qismən təmin olunmuş, 15 oktyabr 2015-ci il tarixli, 1-G1-1-0-884-15 saylı kredit müqaviləsi üzrə 9721,26 (doqquz min yeddi yüz bir dollar, iyirmi altı sent) ABŞ dollar məbləğində əsas borc, 6532,43 (altı min beş yüz otuz iki dollar, qırx üç sent) ABŞ dollar məbləğində faiz borcu, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 738,55 (yeddi yüz otuz səkkiz dollar, əlli beş sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 17292,24 (on yeddi min iki yüz doxsan iki dollar, iyirmi dörd sent) ABŞ dolları məbləğində borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh qaytarılması, ipoteka predmeti olan mənzilinin ilkin satış qiymətinin 45000 (qırx beş min) manat məbləğində müəyyən edilməsi, həmin mənzil satıldıqda Cavabdeh 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada evdən çıxarılması və həmin mənzilə istifadə hüquqlarının itirilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kreditin xarici valyuta ilə verilməsi, bank tərəfindən restruktruzasiya olunmaması, 5000 manatdan çox pul ödəməsi, lakin nəzərə alınmaması, faizlər və dəbbə pulu ilə razı olmaması, onların şişirdilməsi, ipoteka predmetinin dəyərinin düzgün qiymətləndirilməməsi, mənzilinin qiymətinin daha artıq olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci isntansiya instansiya məhkəməsində icraat zamanı məhkəmə mübahisabatlıq ekspertizası və ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün qiymətləndirmə keçirilmişdir. Həmin rəylərlə razılaşmasalar da, bunun əksini təsdiq edən sübutları yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmişdir. Qətnamədən əsas etirazları ondan ibarətdir ki, kredit borcu üzrə Fərmanın tələblərinə uyğun olaraq restruktruzasiya həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında bağlınmış hazırki kredit müqaviləsi üzrə kredit borcu məlum Fərmanın təsiri dairəsinə düşməmişdir. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mübahisabatlıq ekspertizası və qiymətləndirmə keçirilmiş, kredit borcu dəqiqləşdirilmiş, ipoteka qoyulmuş əmlakın bazar və likvid dəyərləri müəyyən olunmuş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmışdır. Cavabdeh tərəfin məqsədi işi süni yolla uzatmaq, öhdəliyin icrasından yayınmaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 15 oktyabr 2015-ci il tarixli müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, cavabdehə 36 ay müddətinə illik 21 faiz dərəcəsi olmaqla 14200 ABŞ dolları məbləğində kredit verilməsi, öhdəliyin icrasının təmini kimi cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 54 saylı mənzilin ipoteka qoyulması, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun qalıq məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.11.2020-ci il tarixli, 9/4509 saylı rəyi) cavabdehin 15.10.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) borcu ümumilikdə 16254,39 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 9721,26 ABŞ dolları, faiz borcu üzrə 6533,13 ABŞ dolları. 22 aprel 2020-ci il tarixə (maliyyə arayışının tarixinə) isə borc ümumilikdə 16992,94 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 9721,26 ABŞ dolları, faiz borcu üzrə 6533,13 ABŞ dolları, faiz borcu (5%-lə) 738,55 ABŞ dolları təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi kredit borcunun məbləğini ekspertiza təyin etməklə dəqiqləşdirmiş, cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası iş üzrə əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddianı gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği hissədə təmin etməkdə də haqlı olmuşdur. Çünki, işdə olan sübutlara əsasən müqavilənin müddəti 15 oktyabr 2018-ci il tarixdə bitmiş və həmin tarixdən sonra da cavabdeh kredit öhdəliklərini yerinə yetirməmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması da imperativ xarakter daşımır. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq dəbbə pulunu azaldaraq 300 ABŞ dolları həddində təimn etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası dəbbə pulunun daha da azaldılmasına zərurət görmür). Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını göstərmişdir. İşdə olan ipoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka qoyulmuş daşınmaz əmlakın dəyərini qarşılıqlı razılıq əsasında 40000 manat müəyyən etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq, qeyd edir ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, mübahisə olduğundan birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən olunması üçün müstəqil qiymətləndirici təyin olunmuşdur. İşdə olan «xxxx» MMC-nin 22 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 49 saylı evin 54 saylı mənzilinin real bazar qiyməti 53000 manat, likvid dəyəri isə 45000 manat həddində müəyyən olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasında qanunvericiliyin tələblərinə riayət etmiş, qiymətləndiricinin rəyini almış, nəticədə ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq likvid dəyər üzrə 45000 manat həddində müəyyən etmişdir (həmin məbləğ tərəflərin ipoteka müqaviləsini bağlayankən razılaşdırdıqları qiymətdən kəskin fərqlənməyərək, ona uyğundur). Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, ipoteka predimetinin dəyərinin daha artıq olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə də razılaşmayaraq, qeyd edir ki, ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Bu hal, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi də qəbul edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, kreditin xarici valyuta ilə verilməsi faktı da qanunvericiliyin tələblərinə zidd deyildir. Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» X1 14 may 2015-ci il tarixli qərarı). Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh kredit müqaviləsi üzrə borcun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, dəlilləri ümumi ifadələrlə əsaslandırmağa çalışmışdır. Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)-339/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)-339/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar