Məhkəmə qərarları › İş №2(103)-4233/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4233/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4233/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2159/2022 saylı, 27 aprel 2022ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcalan kimi aparılmış qeydin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nikoyl” X1 ilə İddiaçı arasında bağlanılmış 11 mart 2008-ci il tarixli 4FRBB (İ) 08 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi, habelə borcun olmamasına dair müvafiq arayışın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2159/2022 saylı, 27 aprel 2022ci il tarixli qərardadı ilə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Çünki, məhkəməyə təqdim olunmuş iddia mülki prosessual qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna uyğun tərtib edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, elə özünün istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Məhkəmə qərardadında göstərmişdir ki, iş üzrə qətnamə mövcuddur və qətnamə üzrə icra mərhələsində borc ödənildikdən sonra borcun silinməsindən yaranmış münasibətlər olduğu üçün MPM-in tələblərinə əsasən ayrıca icraatda baxıla bilməz. Ümumiyyətlə, belə bir mövqenin necə formalaşdığı və ya hansı maddi və ya prosessual hüquq normasında belə qadağanın mövcudluğu məlum deyildir. Hətta məhkəmə təklif olaraq bildirmişdir ki, bu növ münasibətlərdə borclu kreditora qarşı etirazlarını məhkəmədənkənar qaydada tələbkara şifahi və ya yazılı qaydada bildirmək hüququna malikdir. Bu zaman nəzərə almamışdır ki, iddiaçı tərəfindən məhkəmənin vurğuladığı "hüquq"dan artıq istifadə edilmiş, bu hüquq səmərə vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə aşkar surətdə iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır ki, bu da nə Azərbaycan Respublikasının Konstitusiyası, nə də beynəlxalq Konvensiyaların tələbləri ilə uzlaşmamaqdır. Digər tərəfdən məhkəmə iclasında sədrlik edən tərəfindən qərardad elan edilərkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcud olduğunu və işlər üzrə icraata xitam verildiyi qeyd edilmişdir. Lakin kifayət qədər qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur ki, borcun silinməsi, artıq hesablanmış faizlərin silinməsi qanunsuz hesab edilmişdir. Yekunda məhkəmə hesab etmişdir ki, bu iş məhkəmədə baxılmalı deyil və yalnız tələbkara müraciətlər etməklə tələbkarın "insafı" ilə məsələ həll edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2159/2022 saylı, 06 may 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icraata xitam verərkən qənaətini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.08.2012- ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPMin 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımnan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırda baxılan iş üzrə iddia tələbi iddiaçının “Nikoyl” X1 arasında bağlanmış 11.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-755/2010 saylı, 06.05.2010-cu il tarixli qətnaməsinin qəbulundan və qətnamə üzrə icra mərhələsində borcun tam qaydada ödənilməsindən sonra borclu barədə məlumatların Mərkəzi Reyestrdən silinməsi və borcun olmamasına dair müvafiq arayışın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin yuxarıda sadalanan müddəalarına əsasən hesab etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədənkənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcluya gələcəkdə irəli sürəcəyi müvafiq iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər və borclunun yuxarıda qeyd edilən tələbləri müstəqil tələb kimi yolverilməz olduğundan və artıq icraata qəbul edildiyindən Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi, eləcə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində göstərdiyi tələb məhkəmənin qənaətinə görə müstəqil iddianın predmeti olmadığı əsası ilə dərhal məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçının cavabdehə qarşı tələbi iki hissədən ibarətdir: 1)11 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə "xxxx" MMC-yə məlumat verilməsi; 2)Həmin kredit müqaviləsi üzrə borcun olmamasına dair müvafiq arayışın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması. Birinci instansiya məhkəməsi iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığı əsası ilə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlsə də, əslində bu cür iddialara məhkəmə qaydasında müstəqil iddia kimi baxılması ilə bağlı çoxsaylı məhkəmə qətnamələri mövcuddur. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, qeyd olunan kredit müqaviləsi üzrə artıq Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair 06 may 2010-cu il tarixdə qətnamə çıxarılmış və həmin qətnamədə 25 iyun 2010-cu ildə tam şəkildə icra edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Cavabdeh tərəf təqdim etdiyi 27 aprel 2022-ci il tarixli maliiyə arayışından isə görünür ki, iddiaçının qeyd olunan qətnamə üzrə 33699.39 ABŞ dolları borcu qalmışdır. Məhkəmənin gəldiyi qənaətdən fərqil olaraq qeyd olunan kredit müqaviləsi üzrə bankın iddiaçıya qarşı hansısa yeni iddiası olması mümkün deyil, çünki bununla bağlı artıq məhkəmə qətnaməsi çıxarılmışdır. Demək ki, iddiaçının hazırki tələbi də mahiyyətcə kreditorun borcluya gələcəkdə irəli sürəcəyi müvafiq iddiaya etirazı kimi qəbul olunması da mümkün ola bilməz. Başqa sözlə bankın belə bir iddiasının olması mümkün olmadığına görə iddiaçının da hazırki tələb əvəzinə iddiaya etiraz təqdim etmək şansı da yaranmır. Bununla yanaşı, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10662/2021 nömrəli 19 noyabr 2021-ci il tarixli qərardadında müəyyən edilmiş hüquqi mövqenin hazırki iddia üzrə nəzərə alınaraq icraata xitam verilməsi düzgün sayıla bilməzdi. Çünki, hazırki iddia ilə, həmin işdə olan tələblər fərqli olmuşdur. Həmin işdə qətnamə çıxarıldıqdan sonra hesablanan faiz borcunun və həmin müqavilə üzrə faizlərin hesablanmasının dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb edilirdisə, hazırki işdəki tələblər o cür deyil, fərqli olmuşdur. Hazırki xarakterli iddiaların irəli sürülməsində məqsəd kredit borcu ödənildiyinə görə Mərkəzləşdirilmiş Kredit Reyestrinə bu barədə məlumatların daxil edilməsinə nail olmaqdır. Çünki, Reyestrdə kredit borcu olan şəxs kimi qeydiyyatın qalması şəxsi başqa kredit təşkilatlarından yeni kredit almaq imkanından məhrum edir. Ona görə də son dövrdə bu cür iddiaların sayı artımş və qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktları da mövcuddur. Ona görə də ən azından kifayət qədər araşdırma aparmadan hazırki iddianın müstəqil tələb kimi yolverilməz olduğu qənaətinə gəlinərək MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi əsaslı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2159/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2159/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar