Məhkəmə qərarları › İş №2(103)-4236/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4236/2021

08.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4236/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı qarajın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Azadlıq prospektində 156 saylı binanın qabağında Tikinti İnventarizasiya və Mülkiyyət hüququnun qeydiyyatı idarəsində qeydə alınmış, 11.05.2005-ci il tarixli texniki pasportu olan daş qarajı var. 10.10.2016-cı il tarixdə 156 saylı bina sökülərək yerində çoxmərtəbəli binanın tikintisinə başladılmış, qaraj isə tikintidən 30-50 metr aralı məsafədə yerləşir. Həmin vaxtdan ərazi hasara alınmış, Cavabdeh MTK-nın sədri X4 oqlu iddiaçını və maşınını əraziyə buraxmamış, baxmayaraq ki, qarajın tikinti ərazisinə dəxli yox idi. Həmin vaxtdan, yəni 2 il bundan öncə iddiaçının razılığı olmadan qarajının dəmir qapıları sökülmüş, yerinə plastik qapı-pəncərə qoyulmuş və qarajdan yeməkxana kimi istifadə edilməyə başlanmışdır. “X2” MMC-nin rəyinə əsasən, Azadlıq prospekti ərazisində 1 kv.m. sahənin icarə haqqı 14 manat, orta bazar qiyməti isə 2681 manata bərabərdir. Bu hesabla qarajın sahəsi 30.9 kv.m. x 14 manat = 432 manat aylıq icarə haqqı tələb olunur. Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi, 3400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin qismən - “İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarının icrası məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə "‘Mahal” MTK arasında 14 iyul 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən sözügedən ərazidə sökülən mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzində həmin ərazidə tikiləcək yaşayış binasında mənzillərin və qeyri-yaşayış sahələrinin verilməsi öhdəliyini Cavabdeh MTK öz üzərinə götürmüşdür. Göründüyü kimi bu bir növ sosial layihədir. İddiaçıya məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj da məhz Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir və həmin qaraj sahəsindən mülkiyyətçi İddiaçı tərəfindən istifadə olunması qeyri-mümkündür. Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarının icrası məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 14 iyul 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan ərazidən köçürülən vətəndaşlara onların əvvəlki yaşayış və ya qeyri-yaşayış (qarajlar daxil olmaqla) sahələrinin əvəzində əvvəlki sahələrindən aşağı olmamaq şərti ilə yaşayış və ya qeyriyaşayış (qarajlar daxil olmaqla) sahələrinin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı məxsus qaraj sahəsinin yerləşdiyi ərazidə avtomobil dayanacağının tikilməsi layihələndirilmişdir. Hal-hazırda da həmin layihə Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Bir sözlə həmin qaraj layihəsi təsdiq olunduqdan sonra İddiaçı məxsus qarajın da sökülməsi zəruri olacaqdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, həmçinin, bildirmişdir ki, hal-hazıradək qaraj sökülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, ona məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj Cavabdeh MTK-ya icazə verilmiş ərazinin hüdudları daxilində deyil. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın yalnız “İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh şikayətində qətnamənin həmin hissəsini mübahisələndirilmişdir və bu səbəblə iddia tələbinin təmin olunan digər hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 06.08.2003-cü il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə X1 ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısındakı qaraj İddiaçı satılmışdır. İş materiallarında olan texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən 30,9 kv.m. sahəsi olan daş qaraj İddiaçı məxsusdur. İş materiallarında olan ayrıc aktından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 20.07.2017-ci il tarixli, 174 saylı sərəncamı ilə ünvan 1 ünvanında 2314,66 kv.m. torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün Cavabdeh MTKya verilib. İş materiallarında olan 30.07.2018-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, Cavabdeh MTK-ya ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.12.2018-ci il tarixli sərəncamı ilə, Cavabdeh MTK-ya hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair şəhərsalma əsaslandırılması layihəsi təsdiq edilmişdir Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı məxsus olan daş qaraj Cavabdeh MTK tərəfindən çoxmərtəbəli yaşayış binası tikilən ərazidə yerləşir və bir neçə ildir ki, Cavabdeh MTK-nın istifadəsindədir. Daş qaraj hal-hazırda sökülməyib və yardımçı tikili kimi MTK-nın istifadəsindədir. Birinci instansiya məhkəməsi mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunduğundan iddia ərizəsini “qarajın əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi” hissəsində əsaslı hesab etmişdir. Apelyasiya şikayətinə münasibərdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. Qeyd edilməlidir ki, mülkiyyətdən məhrum baş verib-vermədiyini müəyyən etmək üçün belə bir məsələni araşdırmaq lazımdır ki, mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya ötürülməsi baş veribmi, eləcə də mülkiyyətdən de fakto məhrum edilmə baş veribmi, yəni mövcud olan real vəziyyət də araşdırılmalıdır («Yunanıstanın keçmiş kralı və başqaları Yunanıstana qarşı» iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar, «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərar). Kollegiyanın qənaətinə görə, iddiaçı faktiki olaraq əmlakından istifadədən məhrum olmuşdur. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar