Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4237/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-200/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxx 2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün aylıq 160 manat, cəmi 320 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün aylıq sabit pul məbləğində 154 manat (cəmi, 308 manat) alimentin tutulması qət edilmişdir. Hazırda qeyd olunmuş aliment məbləği uşaqların tam tələbatının ödənilməsinə kifayət etmir. Belə ki, uşaqlar hazırda litseydə təhsil alır, məsrəfləri yetərincə artmışdır. Uşaqlardan birinin litseyə aparılması üçün ayrıca maşın tutmuşdur. Digər uşağı isə özü məktəbə aparır. Uşaqlarla məşğul olduğu üçün öz ixtisası üzrə fizika müəlliməsi olaraq işləyə bilmir və evdə bir-iki nəfər uşaq hazırlayır. Cavabdeh isə işləyir və 600 manatdan çox əmək haqqı almasına baxmayaraq, arayışda qəsdən az göstərilib. Cavabdeh əlavə gəlirlərə də malikdir, lakin bunları təsdiq edəcək sübutu yoxdur. Hazırda uşaqlar üçün yaşayış minimumu artdığı üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 200/2020 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızolmasını,iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirakedəniddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X8 arasında xx xxxxxx 2006-cı ildə Bakı şəhər Suraxanı rayon VVADQ şöbəsində bağlanmış və «Nikahın bağlanması haqqında akt qeydləri kitabında» 824 №-si ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxx 2011-ci il təvəllüdlü X4 X6 yanında qalması, Cavabdeh X6 xeyrinə xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşuq üçün hər ay sabit pul məbləğində 154 manat (cəmi, 308 manat) aliment tutulması, alimentin tutulmasının əvvəlinin xx xxxxxxxx 2017-ci ildən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2016-cı il tarixdən «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-də sürücü vəzifəsində çalşır və əmək müqaviləsinə əsasən əmək haqqı 576,70 manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» LLC-nin sürücüsü Cavabdeh aylıq əmək haqqından xx.xx.2018-ci il tarixdən etibarən aylıq qazancın 308 manat tutularaq X6 bank hesabına ödənilməsi bildirilmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «X12» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «X12» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «X12 Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşdə olan sübutlardan (məhkəmə qərara, arayış və s.) göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulduqdan sonra Cavabdeh X6 xeyrinə xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər biri üçün hər ay sabit pul məbləğində 154 manat (cəmi 308 manat) aliment tutulması qət edilmişdir. İşəgötürən «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin arayışına əsasən Cavabdeh aylıq əmək haqqından xx.xx.2018-ci il tarixdən etibarən aylıq qazancın 308 manat hissəsi tutularaq X6 bank hesabına ödənilir. İddiaçı hazırki tələbində məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının hər bir uşaq üçün 154 manatdan 160 manatadək artırılmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının sonradan dəyişdirilməsi imkanının yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərlə əlaqələndirmişdir. İddiaçı tələbində cavabdehin işləyərək əmək haqqı almasını, maddi imkanının yüksək olmasını göstərmişdir. Halbuki, işdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-də sürücü vəzifəsində çalşır və əmək müqaviləsinə əsasən əmək haqqı 576,70 manat təşkil edir. Göründüyü kimi, cavabdeh əvvəlki qətnamə qəbul edilən zamanı da eyni vəzifədə işləmişdir. İddiaçı isə əvvəlki qətnaməsinin qəbulundan cavabdehin sonra maddi vəziyyətində dəyişikliklər olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir (iddiaçı cavabdehin əmək haqqının artıq olunduğunu, lakin təqdim edilmiş arayışda qəsdən təhrif edildiyi, həmçinin əlavə gəlirlərə malik olmasını bildirsə də, bununla da bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir). Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə isə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində, həmçinin uşaqların liseydə təhsil almasını, onların liseyə aparılması üçün ayrıca nəqliyyat vasitəsinin tutulmasını və s. zəruri xərclərin mövcudluğunu göstərmişdir. Halbuki, qeyd edilənlər alimentin miqdarının dəyişdirilməsinə deyil, valideynin əlavə xərclərə cəlb olunmasına əsas ola bilər. Beləki, AM-in 81.3-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bu səbəbdən də iddiaçının buna müvafiq əsaslar yarandığı təqdirdə cavabdehin əlavə xərclərdə iştiraka cəlb olunması ilə bağlı müvafiq tələb hüququ istisna olunmur. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-200/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-200/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4237/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4237/2020
16.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver