Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4238/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı bankın ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bank) Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dairiddiası qismən təmin edilmiş, 22.08.2014-cü il tаriхli 352/14-AYİB seylı kredit müqаviləsinə əsаsən, 13.06.2019-cu il tarixədək olan borca görə cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 416,46 ABŞ dolları əsas borcun, 311,97 ABŞ dolları faiz borcunun, öhdəliyin vaxtında icra edilməməsinə görə hesablanmış 100 ABŞ dolları cərimə borcunun, həmçinin 13.06.2019cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 5,69 ABŞ dollarının, yəni cəmi 834,12 (səkkiz yüz otuz dörd dollar on iki sent) ABŞ dollarının və ödənilmiş dövlət rüsumunun 8 (səkkiz) manat hissəsinin tutulması, ekspertiza tədqiqatına görə 50 manatın iddiaçıdan, 50 manatın isə cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını, “faiz borcunun və müqavilənin müddətinin bitdiyi tarixdən 13.06.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması” tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bankın faiz və gecikdirmə faizi tələbini tam təmin etməməklə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əhəmiyyət verməmiş, düzgün olmayan ekspert rəyini əsas götürmüşdür. Halbuki, cavabdeh öhdəliklərini icra etmədiyi üçün ona faiz hesablanmışdır və məhkəmə faiz borcunu azaltdığı zaman bunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyatorun nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verməklə onun təmin edilməsini xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər gəlmədiklərindən, işin halları və şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyünü də nəzərə almaqla işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçıya münasibətdə və onun faiz borcuna və gecikdirmə faizinə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı bankın nümayəndəsi (ləğvedicinin nümayəndəsi) isə yalnız faiz borcunun və gecikdirmə faizinin azaldılması ilə bağlı hissədən şikayət vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən “13.06.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 5,69 ABŞ dollarının tutulması” hissəsində dəyişdirilməli, qətnamə iddiaçıya münasibətdə və onun mübahisələndirdiyi digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, X4 ilə bank arasında 22.08.2014-cü il tarixdə kreditmüqaviləsi bağlanaraq ona illik 33% ödəməsi şərtilə 18 ay müddətinə 2100 ABŞ dolları kredit verilmiş, kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh1 zamin durmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin müddətinin 22.02.2016-cı il tarixində bitmiş olmasını əsas götürərək həmin tarixə yaranmış faiz borcunun, həmçinin bu tarixdən 13.06.2019-cu il tarixinədək illik 5 faizlə tələb olunan faizin hesablanması üçün ekspertiza təyin etmiş, ekspert qeyd olunan tarixə Sugra Alışovanın 311,97 ABŞ dolları faiz borcunun, 13.06.2019-cu il tarixinə 5,69 ABŞ dolları faiz borcunun olduğunu müəyyən etmiş, məhkəmə də məhz bu rəqəmləri əsas götürərək müvafiq nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin kredit faizinin məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi əsasında gəlinən həmin nəticənin düzgün olmadığına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Qətnamənin mübahisələndirilən digər hissəsi, yənicavabdehlərdən “13.06.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 5,69 ABŞ dollarının tutulması” hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur....Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir”. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “müqavilə müddətinin bitdiyi tarixdən 13.06.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi” tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 447.5-ci maddəsinə istinad etməkdə haqlı olmuş, lakin həmin faiz məbləğini ekspert rəyinə əsaslanaraq müəyyənləşdirərkən səhvə yol vermişdir. Belə ki, sözügedən rəydən ekspertin, qarşısında qoyulan sualı araşdırmaq əvəzinə borcalanın 13.06.2019-cu il tarixinə olan faiz borcunun məbləğini hesabladığı aydın olur; halbuki, ondan tələb edilən əsas borc məbləği 416,46 ABŞ dolları olmaqla bu məbləğə illik 5%-lə hesablanacaq faizin 20,8 ABŞ dolları, müqavilə müddətinin bitdiyi 22.02.2016-cı il tarixindən 13.06.2019-cu il tarixinə kimi hesablanmalı olan faizin isə təxminən 69 ABŞ dolları (416,46 x 5% x 39 ay 21 gün = 69 ABŞ dolları) təşkil etdiyi sadə riyazi hesablama ilə ortaya çıxır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-217/2020 saylı iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 13.06.2019cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 5,69 ABŞ dollarınıntutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 və Cavabdeh113.06.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz qismində müştərək qaydada tutulmalı olan məbləğ 69 (altmış doqquz) ABŞ dolları müəyyənləşdirilsin. Qətnamə İddiaçı ASC-nə münasibətdə və onun mübahisələndirdiyi digər hissədə, yəni “cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 311,97 ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4238/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4238/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver