Məhkəmə qərarları › İş №2(103)-4242/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4242/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4242/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 2120/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İcarəyəverən İddiaçı və icarəçi Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 nömrəli “İcarə haqqında” müqaviləyə əsasən icarəyəverən **-DU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçiyə verir, icarəçi isə icarəyəverənə hər ay 600 manat icarə haqqı ödəyir.

2. İcarəyəverən İddiaçı və icarədar Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 nömrəli “İcarə haqqında” müqaviləyə əsasən icarəyəverən **-FD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəçiyə verir, icarəçi isə icarəyəverənə hər ay 600 manat icarə haqqı ödəyir.

3. İcarəyəverən İddiaçı və icarədar Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02 nömrəli “İcarə haqqında” müqaviləyə əsasən icarəyəverən **-FK- *** dövlət qeydiyyat nişanlı və **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəçiyə verir, icarəçi isə icarəyəverənə hər ay 600 manat icarə haqqı ödəyir.

4. Həmin müqavilələrə əsasən müəyyən olunmuş vəzifələrin icra müddəti “İcarəçi” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 1%-i həcmində icarəyə cərimə ödəyir. Müqavilələrin 6.1-ci maddəsinə əsasən müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən etibarən qüvvəyə minir və 12 ay müddətinə qüvvədə qalır.

5. xx.xx.2022-ci il tarixli 01 nömrəli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən İddiaçı (Tərəf 1) və Cavabdeh1 MMC (Tərəf 2) tərəflər taksi xidməti işinin təşkili sahəsində birgə fəaliyyət sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “Tərəf 1” dövriyyə üçün lazım olan maliyyə vəsaitini 12.000 AZN, Tərəf 2 isə işin tam təşkilini öz üzərinə götürür. Birgə fəaliyyət bu müqavilənin qüvvəyə mindiyi gündən 6 ay müddətində nəzərdə tutulur. Müddət bitdikdən sonra birgə fəaliyyət sonlandırılır və tərəflər təhvil-təslim edirlər. “Tərəf 1” yatırım etdiyi maliyyə vəsaitini (12 000 AZN) tam şəkildə təhvil alır, “Tərəf 2” isə həmin vəsaiti təhvil verir. Həmin müavilənin 1.2-ci maddəsinə əsasən “Tərəf 1” işin təşkilindən əlinəldə edilən mənfəətdən yalnız yatırım etdiyi vəsaitin (12.000 AZN) aylıq 5% miqdarında yəni 600 gəlir əldə edir. “Tərəf 2” isə işin təşkilindən əldə edilən mənfəətin “Tərəf 1”-ə çatacaq miqdarından başqa bütün gəlirləri əldə edir.

6. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və X1 Azər Əmirulla oğlu tərəfindən aldadılaraq 13.277 manat və 38.600 manat məbləğində pullarının ələ keçirilməsi barədə Xətai RPİ-yə şikayət etmiş, mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanmasından rədd edilmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı avtoservisdə çəkilən xərclərlə bağlı iddiası ilə qətiyən razı deyil. Faktiki olaraq avtomobilləri təmir etdiyi gün qaimələri təqdim etməmiş, fəaliyyətləri dayandırıldıqdan sonra şifahi formada yadında saxladığı işləri sonradan ümumiləşdirərək qaimələr hazırlamış və həmin qaimələr əsasında ondan reallığa uyğun olmayan şişirdilmiş məbləğ tələb etmişdir. Qaimələrdə qeyd olunan işlərin görülübgörülməməsi ilə bağlı dəqiq xəbəri yoxdur, həmin qaimələr İddiaçı tərəfindən sonradan hazırlanmışdır, həmçinin qeyd etmişdir ki, məsələn **-BG-*** d.q.n-lı “Toyota Prius" markalı avtomobilin mühərrikinin orta bazar giyməti 1.000 manat təşkil etdiyi halda İddiaçı həmin mühərrik üçün qaimədə 1.750 manat göstərmişdir. Cavabdeh2 etiraf etmişdir ki, onun bu gün üçün Vəli Noruzova həqiqətən də təxminən 12.000, 533, 500 və icarə haqqı üçün 2.500-3.000 manat arası borcu yaranmışdır, lakin qeyd etmişdir ki, 12.000 manatdan başqa digər məbləğlər dəqiq hesablanmamışdır, dəqiqləşdirilməsi üçün bir daha hesabat aparmaq lazımdır.

7. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqavilələrindən görünür ki, İddiaçı **-FD-***, **-FK-***, **-DU-*** və **-FP-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitələrinin hər birini X7 Munzera aylıq 600 manat müqabilində icarəyə vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat əsas borc, 2.790 manat cərimə borcu olmaqla, ümumilikdə 4.590 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat əsas borc, 3.690 manat cərimə borcu olmaqla, ümumilikdə 5.490 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2.400 manat əsas borc, 5.520 manat cərimə borcu olmaqla ümumilikdə 7.920 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12.000 manat əsas borc, 3.600 manat əlavə gəlir borcu, 8.400 manat əldən çıxmış fayda olmaqla, ümümilikdə 24.000 manat, inzibati cərimə borcu 539 manat, servis xidmətləri üzrə borc 7.076 manat olmaqla ümumilikdə 49.615 manat məbləğində pul vəsaitinin və ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı özünə məxsus olan **-DU-***, **-FD-***, **-FK-*** və **-FP-*** qeydiyyat nişanlı Toyota Prius (HİBRİD) minik markalı avtomobilləri ayda 600 manat icarə haqqı müqabilində cavabdehin istifadəsinə vermişdir. Bundan əlavə, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 12.000 manat pul vəsaitini ayda əlavə gəlir kimi 600 manat ödənilməsi şərtilə vermişdir. Cavabdeh tərəfindən əsas səlahiyyətli şəxs kimi təsisçi və direktor Cavabdeh2 çıxış etmişdir. Qeyd olunan müqavilələr üzrə cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün avtomobillər ondan geri alınmışdır. Lakin cavabdeh, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməmişdir və həmin borc aşağıdakı kimidir: **-DU-*** qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1.800 manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 155 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 2.790 manat, ümumilikdə 4.590 manat; **-FD-*** qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1.800 manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 205 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 3.690 manat, ümumilikdə 5.490 manat; **-FK-*** qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1.200 manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 230 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 2.760 manat, ümumilikdə 3.960 manat; **-FP-*** qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1.200 manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 230 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 2.760 manat, ümumilikdə 3.960 manat; 12.000 manat pul vəsaitinin verilməsi ilə əlaqədar əsas borc 12.000 manat, müqavilənin qüvvədə olduğu 6 aylıq müddət üçün hər ay 600 manat gəlir ödənişi üzrə yaranmış borc 3.600 manat, müqavilənin bitmə tarixindən 2022-ci ilin noyabr və dekabr ayları, 2023-cü il üzrə bütövlükdə 12 ay, hər ay üçün 600 manat olmaqla əldən çıxmış fayda 8.400 manat, ümümilikdə 24.000 manat – cəmi: 42.000 manat. Bundan əlavə, cavabdehlərin iddiaçıya inzibati xəta cərimələri üzrə ödənilməmiş borcu mövcuddur. Belə ki, sözügedən avtomobillərə cavabdehlərin istifadəsində olduğu müddətdə yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar inzibati qaydada cərimələr tətbiq edilmişdir ki, həmin cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Ödənilmiş cərimələr ümumilikdə 539 manat təşkil edir. Bundan əlavə, cavabdehlərin iddiaçıya servis xidməti ilə bağlı ödənilməmiş borcu mövcuddur. Belə ki, mülkiyyət hüququ ilə iddiaçı və digər şəxslərə məxsus olan, cavabdehlərin istifadəsində olan avtomobillərə göstərilmiş servis xidməti (mühərrik yağının dəyişimi, nasaz ehtiyat hissələrinin dəyişilməsi, yenisi ilə əvəz edilməsi, usta xərci və s.) ilə bağlı haqlar (xərclər) iddiaçı tərəfindən ödənilmişdir. Sözügedən xərclər yağ dəyişimi üzrə 1.792 manat, digər xidmətlər üzrə 5.284 manat olmaqla, ümumilikdə 7.076 manat təşkil edir. Ümumilikdə 49.615 manat iddia tələbi üzrə iddiaçı tərəfindən 240 manat dövlət rüsumu ödənilmişdir ki, həmin məbləğ də cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 2120/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən birgə fəaliyyət haqqında müqaviləyə əsasən 12.000 manat, müqavilənin qüvvədə olduğu 6 aylıq müddət üçün 3.600 manat, 1.000 manat servis xidmət haqqı və 520,5 manat inzibati cərimə borcu olmaqla, cəmi 17.120,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141,36 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən 12.000 manat pul vəsaitinin qaytarılmaması işin mübahisəsiz halıdır. Belə ki, bu fakt Cavabdeh1 MMC-nin təmsilçisi Cavabdeh2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatı ilə təsdiq edilmişdir. Buna görə də müqavilənin qüvvədə olduğu müddət üçün cavabdeh tərəfindən ödənilməyən 6 ay müddət üzrə 600 manat olmaqla, ümumilikdə 3.600 manat və 12.000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə iddia tələblərinin müqavilənin bitmə tarixindən 2022-ci ilin noyabr və dekabr ayları, 2023-cü il üzrə 12 ay, hər ay üçün 600 manat olmaqla əldən çıxmış fayda 8.400 manat pulun tutulması hissəsinə hesab etmişdir ki, iddia əsassızdır.

13. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən sonradan iddia tələbinin “Əldən çıxmış fayda” hissəsinə dair əsaslandırmasını təqdim edərək, qeyd etmişdir ki, Cavabdeh2 izahatı dolayı yolla onu deməyə əsas verir ki. İddiaçı 12.000 manat pulunu şərtləşdirilmiş vaxtda (xx.xx.2022-ci il tarixdə) əldə etsəydi, həmin dəyərə sahib olan “Toyota Prius” markalı avtomobili ala və digər mülkiyyətində olan avtomobillər kimi icarəyə verərək mənfəət əldə edə bilərdi. Belə ki, İddiaçı, mülkiyyətində olan **-DU-***, **-FD-***, **-FK-*** və **-FP-*** qeydiyyat nişanlı avtomobillərin hər birini xx.xx.2022-ci il tarixli icarə müqavilələri əsasında X7 Munzera bir təqvim ayı üçün 600 manat olmaqla icarəyə vermişdir. Həmin müqavilələr isə X7 Munzer və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/129 nömrəli “Avtopark müqaviləsi” əsasında, icarəyə verilmiş avtomobillərin sərnişin daşıma xidmətlərinin göstərilməsi üçün bağlanmışdır. Yəni ki, iddiaçı həmin nəqliyyat vasitələrinin icarəyə verməklə, normal mülki dövriyyədə əldə edəcəyi gəliri əldə etmişdir.

14. Məhkəmə xüsusi ilə vurğulamışdır ki, cavabdehin müqavilə şərtlərini yerinə yetirmədiyi təqdirdə, yəni pulu ödəmədiyi təqdirdə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz tələb edə bilərdi. Lakin həmin əsaslandırma ərizəsindən görünür ki, iddiaçı əldən çıxmış fayda olaraq cavabdehlərdən pulun qaytarılmalı olduğu müddətdən məhkəmədə iddia qaldırılan tarixə hər ay 600 manat olmaqla 14 ay müddətinə ümumilikdə 8.400 manat məbləğində pul vəsaitini tələb edir.

15. Məhkəmə iddia tələblərinin xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat əsas borc, 2.790 manat cərimə borcu olmaqla ümumilikdə 4.590 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat əsas borc, 3.690 manat cərimə borcu olmaqla ümumilikdə 5.490 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2.400 manat əsas borc, 5.520 manat cərimə borcu olmaqla, ümumilikdə 7.920 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, iddia tələbləri həmin hissədə rədd edilməlidir.

16. Belə ki, adıçəkilən icarə müqavilələrinin 12 ay müddətinə bağlanmış, lakin sonradan **-FK-*** və 77-FP-53 qeydiyyat nişanlı avtomobillərin 2022-ci ilin avqust ayının əvəllərində iddiaçı tərəfindən geri götürülməsi, **-DU-*** qeydiyyat nişanlı avtomobil 2022ci ilin sentyabr ayının əvəllərində iddiaçı tərəfin geri götürülməsi, **-FD-*** qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin sentyabr ayının əvvələrində iddiaçı tərəfindən geri götürdüyü müəyyən edilmişdir.

17. Tərəflər arasıda olan müqavilə münasibətlərinin qüvvədə olduğu dövrdə isə iddiaçının cavabdehdən həmin icarə ödənişlərini tələb etmək hüququ olsa da, lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən icarə haqlarının ödənilməsi, hansı tarixdən başlayraq cavabdeh tərəfindən ödənilməməsi, habelə 1.800 manat, 1.800 manat və 2.400 manat icarə haqqlarının hansı tarixdən hesabladığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, aylıq icarə haqqının hər maşın üçün 600 manat olduğunu nəzərə alsaq, belə olan halda müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən 77-FK 807 və 77-FP 534 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hər biri üçün iddiaçı 1.200 manat icarə haqqı tələb etdiyi təqdirdə cavabedhin 2 aylıq icarə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən **-DU-*** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsi üçün iddiaçı 1.800 icarə haqqı tələb etdiyi təqdirdə cavabdehin 3 aylıq icarə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün iddiaçı 1.800 icarə haqqı tələb etdiyi təqdirdə cavabdehin 3 aylıq icarə borcu var. Adıçəkilən nəqliyyat vasitələrinə görə icarə haqlarının cavabdeh tərəfindən ödənilməməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

18. Məhkəmə iddia tələblərinin iddiaçı tərəfindən ödənilmiş inzibati cərimələrin ödənilməsi hissəsində hesab etmişdir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bildirişləri tədqiq edərkən müəyyən edilir ki, **-FP-*** nömrəli NV-nə aid olan EQ9809936 protokola görə xx.xx.2022-ci ildə 53,80 manat, **-FK-*** nömrəli NV-nə aid EQ10024813 protokola görə xx.xx.2022-ci ildə 28,00 manat, **-FP-*** nömrəli NV-nə aid olan İXP4743711 protokola görə xx.xx.2022-ci ildə 42,60 manat, **-DU-*** nömrəli avtomobil 60 AZN 3 bal cərimə edilmişdir, İXP ******* saylı protokola görə 61,60 manat manat, **-DU-*** nömrəli NV-nə aid olan EQ10506347 protokola görə xx.xx.2022-ci il tarixində 26,80 manat, **-FK-*** nömrəli NV-nə aid olan EQ10072773 protokola görə xx.xx.2022-ci ildə 14,10 manat, **-FD-*** nömrəli NV-nə aid olan EQ11015032 protokola görə xx.xx.2022-ci il tarixində 11,00 manat, BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərara görə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən 29,80 manat, EQ10509472 protokola görə xx.xx.2022-ci ildə 10,00 manat, EQ10565333 protokola görə xx.xx.2022-ci ildə 46,00 manat, İXP ******* saylı protokola görə xx.xx.2022-ci ildə 59,00 manat, İXP4673298 saylı protokola görə xx.xx.2022-ci ildə 57,80 manat ödənilmişdir.

19. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən inzibati cərimələrə görə 500.5 (53.80+28.00+42.60+60+61.60+26.80+14.10+11+29.80+10+46+59+57.80=500.5) manat məbləğində pulun ödənildiyi öz təsdiqini tapmışdır.

20. Bundan başqa, iş materiallarında olan BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, **-FD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı maşının sürücüsü AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20,00 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən həmin cəriməni təsdiq edən sübutlar təqdim edilməsə də, məhkəmə qeyd edir ki, həmin müddətdə **-FD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı maşın cavabdehin istifadəsinə olduğundan və cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığından 20 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulmalıdır.

21. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən İXP ******* saylı protokola görə 65,50 manat məbləğində ödənilməsi ilə bağlı bildirişi sübut kimi qiymətləndirməməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyayt vasitəsinin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə iddiaçı ilə cavabdeh arasında olan icarə müqavilələrinin predmeti olmamışdır.

22. Məhkəmə iddia tələblərinin servis-xidmət haqqı hissəsinə münasibət olaraq bildirmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, servis xidmət haqqına dair sübut olaraq yalnız iddiaçı tərəfindən imzalanmış qaimələr təqdim edilmişdir. Lakin həqiqətən də belə xidmətlərin göstərilməsi müəyyən edilməmişdir.

23. Bundan başqa Cavabdeh2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatdan görünür ki, o, avtoservisdə çəkilən xərclərlə bağlı iddiası ilə qətiyən razı deyil. Faktiki olaraq avtomobilləri təmir eldiyi gün qaimələri təqdim etməmiş, fəaliyyətlərini dayandırıldıqdan sonra şifahi formada yadında saxladığı işləri sonradan ümumiləşdirərək qaimələr hazırlamış və həmin qaimələr əsasında ondan reallığa uyğun olmayan şişirdilmiş məbləğ tələb etmişdir. Qaimələrdə qeyd olunan işlərin görülüb-görülməməsi ilə bağlı dəqiq xəbəri yoxdur, həmin qaimələr İddiaçı tərəfindən sonradan hazırlanmışdır, həmçinin qeyd etmişdir ki, məsələn **-BG-*** d.q.n-lı “Toyota Prius" markalı avtomobilin mühərrikinin orta bazar giyməti 1.000 manat təşkil etdiyi halda İddiaçı həmin mühərrik üçün qaimədə 1.750 manat göstərmişdir. Odur ki, iddia həmin hissədə yalnız cavabdehin etiraf etdiyi hissədə təmin edilərək, servis xidmət haqqı olaraq 1.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbləri yalnız Cavabdeh1 MMCyə aid edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC-nin hüquqi təmsilçisi olduğundan, icarə münasibətlərindən o, şəxsən öz adına deyil, MMC adına hərəkətlər etdiyindən, eyni zamanda MMC adına gəlir əldə etdiyindən pul tələbi yalnız MMC-yə münasibətdə təmin edilməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 421.2, 421.3, 442, 443.1, 443.5, 445.1, 445.7, 700.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə 12.000 manat pul vəsaiti cavabdehə verildikdən sonra o, heç bir müqavilə üzrə ödəniş etməmişdir. Yəni, cavabdeh icarəyə götürdüyü 4 ədəd avtomobillərə, eləcə də 5-ci avtomobil əvəzi götürdüyü 12.000 manat pul vəsaitinə görə iyun ayından başlayaraq iddiaçıya heç bir ödəniş etməmişdir. Nəticə etibarı ilə ondan avtomobillər yuxarıda göstərilən vaxtlarda geri götürülmüş, borcun hesablanması isə 2022-ci ilin iyun ayından başlamışdır. Borcun ödənişi məsələsinə gəlincə isə, icarə müqavilələrinin 3.2. bəndindən də görünür ki, ödənişlər nağd və ya köçürmə yolu ilə icra edilir. Bundan əlavə,Cavabdeh2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatında da iddiaçıyla hesablaşma qaydası kimi nağd şəkildə icra edilməni göstərmişdir. Belə olan halda isə məhkəmə sanki mövcud olmayan bir şeyin (nağd şəkildə borcun ödənilməməsini) sübutunu iddiaçıdan tələb edir. Bu isə absurddur. Əksinə, cavabdeh tərəf iddiaya olan etirazını, icarə haqqı üzrə ödənişləri icra etdiyini və hər hansı borcunun olmamasını faktlarla, sübutlarla təsdiq etməlidir. Digər tərəfdən, cavabdehin icarə haqqı borcunun olmasını göstərən digər fakt ondan ibarətdir ki,avtomobillər ona ən azı 1 il müddətinə verilsə də, bir neçə aydan sonra geri götürülmüşdür. Cavabdeh isə avtomobillərin vaxtından qabaq ondan götürülməsinə istər həmin an, istərsə də sonradan hər hansı formada etirazını bildirməmiş, bununla bağlı hər hansı quruma müraciət etməmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatında da digər borclarla yanaşı 2.500-3.000 manat arası icarə haqqı borcunun olmasını etiraf etmişdir. Məhkəmə həmin etirafı belə nəzərə almamış, cavabdehin icarə haqqı üzrə heç bir borcunun olmaması qənaətinə gəlmişdir. Cavadeh həmin izahatda iddiaçıya olan borcu ilə bağlı dəqiqləşdirmələr üçün bir daha hesabat apamaq lazım olduğunu vurğulasa da, heç bir məhkəmə iclasına gəlməmiş, bununla da üzləşmədən, hesabatın aparılmasından yayınmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixli müqaviləyə qədərartıq iddiaçı cavabdehə sonuncunun taksi fəaliyyəti ilə məşğul olması, gəlirəldə etməsi və iddiaçıya icarə haqqı ödəməsi üçün artıq 4 avtomobilini icarəyə vermişdir və icarə müqavilələri bağlamışdır. xx.xx.2022-ci il tarixli müqavilə də növbəti müqavilə kimi tərəflərin taksi xidməti işinin təşkili sahəsi və bu sahədə gəlirəldə etmələri ilə bağlı olmuşdur (Müqavilənin 1.1. bəndi). Müqavilənin 2.1.2,2.2.4. və 2.2.5. bəndlərindən və Cavabdeh2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatdan da görünür ki, həmin müqavilə üzrə cavabdeh iddiaçıya nağd şəkildə ya 12000 manat pul vəsaitini, ya da“Toyota Prius” markalı avtomobil təqdim etməlidir. Yəni, cavabdeh sözügedən avtomobili təqdim etmiş olsaydı, yenə də müqavilə şərtini yerinə yetirmiş, iddiaçı isə avtomobilə yiyələnmiş olacaqdı. Qeyd olunanlardan da görünür ki, takşi işinin təşkili ilə əlaqədar iddiaçının 12.000 manat məbləğində yatırım vəsaiti iddiaçı tərəfindən cavabdehə verilmiş 4 avtomobilin davamı olaraq növbəti avtomobil (5-ci) kimi çıxış edir. Digər tərəfdən isə, iddiaçının həmin müqaviləyə qədər 4 eyni markalı avtomobilini cavabdehə icarəyə verməsi, sonradan həmin avtomobilləri geri alaraq digər şəxsə icarəyə verməsi və bu yolla gəlirəldə etməsi kimi xüsusatlar da cavabdehin taksi işinin təşkili ilə əlaqədar iddiaçının 12.000 manat məbləğində yatırım vəsaitini vaxtında qaytaracağı halda iddiaçının həmin vəsait hesabına avtomobil əldə etməsi və analoji avtomobillər kimi icarədən gəlir götürməsi ilə bağlı real ehtimalı yaradır və buna maneə yaradan digər hala rast gəlinmir. Servis haqqı ilə bağlı bildirir ki, məhkəmə iddiaçının əlində olan sübutları düzgün dəyərləndirməmişdir. Məhkəmə sanki cavabdehin etirafından asılı vəziyyətdədir, müstəqil formada araşdırma aparıb mühakimə yürüdüb həqiqəti müəyyən edə bilmir. Sözügedən tələb üzrə borcun əsasını servis xidmətlərindən yaranan borc təşkil edir. Həmin borcun yaranma tarixçəsi belə olmuşdur ki, Cavabdeh2 iddiaçı ilə tanışlığından və icarə münasibətlərindən istifadə edərək iddiaçıdan icarəyə götürmüş olduğu 4 avtomobildən əlavə icarəsində (istifadəsində) olan digər avtomobilləri də (digər mülkiyyətçilərdən götürdüyü) mütəmadi olaraq iddiaçının nəzarətində olan servisə gətirmişdir. Aydın məsələdir ki, davamlı olaraq taksi fəaliyyətində istismar olunan avtomobillər vaxtaşırı servisə getməlidir. Servis xidməti göstərilmiş və qaimələrdə qeyd olunan avtomobillərin cavabdehlə bağlılığı vəkil/məhkəmə sorğuları əsasında alınmış və iş materiallarına əlavə edilmiş etibarnamələrlə sübuta yetirilir. Cavabdeh məhkəmədə iştirak edərək həmin avtomobillərə harada xidmət göstərilməsini və bununla bağlı hara ödənişlər etməsini bildirməmişdir. Bu isə avtomobillərə elə həmin servisdə xidmət göstərildiyini təsdiq etmiş olur. Cavabdeh2 polisdə izahat verərkən bildirib ki, guya qaimələrdə qeyd olunan işlərin görülüb-görülməməsi ilə bağlı dəqiq xəbəri yoxdur, həmin qaimələr İddiaçı tərəfindən sonradan hazırlanmışdır. Halbuki, bu mümkün deyil. Belə ki, həmin avtomobillər cavabdehdən xəbərsiz servisə daxil ola bilməz, digər tərəfdən isə hər hansı tanışlıq, etimad olmadan nisyə xidmət göstərilə bilməz. Digər tərəfdən, əgər həqiqətən də qaimələrdə xidmət göstərilməyən avtomobil və ya göstərilməyən xidmət qeyd olunubsa, cavabdeh məhkəmə araşdırmasında iştirak edib, izahatında qeyd etdiyi kimi borcun dəqiqləşməsi ilə bağlı hesabatların, üzləşmələrin aparılmasını tələb edə bilərdi. Məsələ burasındadırki, cavabdeh iddiaçıdan avtomobillərə həmin servisdə nisyə xidmət göstərilməsini xahiş etmiş, tərtib ediləcək qaimələr əsasında hər ayın sonunda haqqhesab edəcəyinə dair vəd vermişdir. İddiaçı isə ona etibar etdiyi üçün razılıq vermiş və servis xidmətləri nisyə formada (xidmət haqqı ödənilmədən) göstərilmişdir. Servis xidməti göstərən ustalar tərəfindən müvafiq qaimələr tərtib olunmuş və ödənilməsi üçün iddiaçıya yönəldilmişdir. Həmin qaimələrin isə qarşılıqlı, hər iki tərəfin imzalanması ilə tərtibi isə praktik olaraq mümkün deyil. Cavabdeh2 polisdə izahat verərkən ümumi şəkildə tələb olunan borcla razı olmadığını bildirmişdir ki, bu da tərəfin vicdanlılıqdan kənar, etibardan sui-istifadə davranışı olmaqla borcdan yayınmasına xidmət edir. Belə ki, o, konkret olaraq hansı xidmətin göstərilmədiyini, hansı qiymətin doğru olmadığını detallı şəkildə əsaslandıra bilməmiş, sübutlar təqdim etməmişdir. Mühərriklə bağlı hissədə Cavabdeh2 1.000 manatlıq xidmətin göstərildiyini etiraf etmişdir. Halbuki, onun həmin xidmətə görə öz mülahizəsi əsasında 1.000 manat qiymət qoyması həmin xidmətin dəyərinin həqiqətən də 1.000 manat olması anlamına gəlmir. Cavabdeh xidmətin göstərildiyian üçün razılaşmış olduğu istənilən qiymətə sonradan “bahadır”, “bazar dəyəri daha aşağıdır” deyib ödənişdən yayına bilər. Artıq qeyd etdiyi kimi, Cavabdeh2 mühərriklə bağlı xidmətdən savayı qaimələrdə əks olunan digər xidmətlərin araşdırılmasında iştirak etmir, əks olunanları təkzib edəcək hər hansı dəlillər gətirmir. Onun məhkəmədə iştirak etməməsi, araşdırmadan, çəkişmədən yayınması iddiaçının əleyhinə yönəldilə bilməz. Məhkəmə tələbin təmin edilən hissələrinin cavabdehlərin yalnız birindən, Cavabdeh1 MMC-dən tutulmasını bu cür əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC-nin hüquqi təmsilçisi olduğundan, icarə münasibətlərindən o, şəxsən özadına deyil, MMC adına hərəkətlər etdiyindən, eyni zamanda MMC adına gəlir əldə etdiyindən pul tələbi yalnız MMC-yə münasibətdə təmin edilməlidir. İddiaçının 4-cü təsnifat üzrə tələbi həmin an üçün Cavabdeh2 mülkiyyətində yoxsa istifadəsində olması iddiaçıya dəqiq məlum olmayan avtomobillərə göstərilmiş servis xidmətləri üzrə xərclərdən ibarətdir. Sözügedən xidmətlərin iddiaçı və cavabdehin arasında mövcud olmuş icarə münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh2 iddiaçı ilə tanışlığından və icarə münasibətlərindən istifadə edərək digər avtomobilləri mütəmadi olaraq iddiaçının nəzarətində olan servisə gətirmiş, hər ayın sonunda haqq-hesab edəcəyinə dair vəd vermiş, iddiaçı ona etibar etdiyi üçün razılıq vermiş və servis xidmətləri nisyə formada (xidmət haqqı ödənilmədən) göstərilmişdir. Servis xidməti göstərən ustalar tərəfindən müvafiq qaimələr tərtib olunmuş və ödənilməsi üçün iddiaçıya yönəldilmişdir. Qeyd olunanlara istinadən hesab edir ki, iddiaçının 4-cü təsnifat üzrə tələbinə cavab verməli olan şəxs birinci növbədə Cavabdeh2dur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

30. İddiaçı izahatında bildirdi ki, ustalar onun göstərişi əsasında xidmət göstəriblər, o isə əvəzində onların icarə haqqlarından silmişdir. İşlədiyi ərəfədə onun başqa bir avtoservislə iş birliyi var idi. Həmin avtoservisə borclu olduğu üçün ona xidmət göstərmədilər. Maşınların bir hissəsini də girov qismində orada saxlamışdılar. Cavabdeh xahiş etmişdir ki, ona kömək etsin, daha sonra ödəniş edəcəkdir. Köməklik etmişdir, bütün maşınların yağdəyişmə xidməti, təmir xidmətləri onun üzərinə keçdi. Cavabdeh2 oranın iddiaçıya məxsus olduğunu bilirdi, bu səbəblə ondan xahiş etmişdi.

31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

33. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Maddə 7.5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa uyğun olaraq qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın icarə müqavilələri üzrə icarə haqqı və cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əldən çıxmış fayda və təmir xərcləri ilə bağlı təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası iddiaçının icarə müqavilələri üzrə icarə haqqı və cərimənin tutulması tələbi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.

39. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən icarə haqlarının ödənilməsi, hansı tarixdən başlayraq cavabdeh tərəfindən ödənilməməsi, habelə 1.800 manat, 1.800 manat və 2.400 manat icarə haqqlarının hansı tarixdən hesabladığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh2 polis idarəsində verdiyi izahatında iddiaçıya 2.500-3.000 manat icarə haqqı borcu olduğunu bildirmişdir.

41. Beləliklə, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olaraq Cavabdeh2 həmin MMC ilə bağlanmış icarə müqavilələri üzrə icarə haqqı borcunun olduğunu təsdiq etmişdir. Bununla belə, cavabdeh MMC tərəfindən icarə müqavilələri üzrə icarə haqqlarının ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir və həmin ödənişlərin edildiyini sübut etmək vəzifəsi də mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh MMC-nin üzərinə düşür.

42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia bu hissədə təmin edilməli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən tələb olunan icarə haqqı Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə kollegiyası həmin müqavilələr üzrə cərimənin tutulması tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında cərimə ilə bağlı razılaşma olmuş və bu razılaşma yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimənin ödənilməsini tələb edir.

44. Məhkəmə, işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cərimə hesablanarkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hər icarə müqaviləsi üzrə 150 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

45. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli müqavilə üzrə əldən çıxmış fayda tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbi də qismən təmin edilməli, Cavabdeh1 MMC iddiaçıdan alınmış 12.000 manat məbləğində vəsaiti müqavilə müddəti bitdikdən sonra 14 ay müddətində qaytarmadığına görə illik 5% hesablanmaqla 700 manat məbləğində (12.000 x 5% = 600 manat illik, 600 / 12 ay = 50 manat, 50 manat x 14 ay = 700 manat) vəsaiti iddiaçıya ödəməlidir.

47. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 təmir (servis) xərcləri ilə bağlı 7.076 manat məbləğində vəsaitin tutulması tələbi ilə bağlı belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı bu xidmətlərin həyata keçirilməsi ilə bağlı mötəbər sübutları məhkməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qaimələr xidməti göstərən fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs tərəfindən imzalanmamış, üzərində möhür əks olunmamış, yalnız xidmətlərin adı sadalanmışdır.

48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2120/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC-dən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat icarə haqqı və 150 manat cərimə olmaqla, cəmi 1.950 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat icarə haqqı və 150 manat cərimə olmaqla, cəmi 1.950 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2.400 manat icarə haqqı və 150 manat cərimə olmaqla, cəmi 2.550 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 700 manat məbləğində əldən çıxmış fayda İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-2120/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat icarə haqqı və 150 manat cərimə olmaqla, cəmi 1.950 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1.800 manat icarə haqqı və 150 manat cərimə olmaqla, cəmi 1.950 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2.400 manat icarə haqqı və 150 manat cərimə olmaqla, cəmi 2.550 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 700 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 33 manatı (birinci instansiya məhkəməsi tərəfindən tutulmuş 141,36 manatdan əlavə) Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 40 manatı Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar