Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4243/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov X7 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1838/2024 saylı işi üzrə 30 aprel 2024-cü il tarixli qərardadından iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində “X8 X2” tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X8 X3 Cavabdeh ASC-yə qarşı «istehsal tullantılarından istifadə ilə əlaqədar yaranmış əsassız varlanma, dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1838/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi və iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh ASC tərəfindən 2,776,651.10 kub metr həcmində istehsalat tullantılarından istifadəyə görə əsassız varlanma nəticəsində dəymiş zərərin əvəzi olaraq 2,776,651.10 manat pulun alınaraq Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bundan öncə eyni tələblə məhkəməyə müraciət etmiş, təbiətə vurulmuş eyni məbləğdə ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(002)-1104/2024 saylı qərardadından göründüyü kimi, X8 X3 PHŞ-nın Cavabdeh ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından qəbulundan imtina edilmişdir. İddiaçı X8 X3 PHŞ həmin qərardaddan qanunla müəyyən edilmiş vaxt ərzində şikayət verməmiş, mahiyyət etibarı ilə eyni tələblə eyni tərəfə qarşı eyni əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(002)- 1104/2024 saylı qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə, iddia ərizəsində qeyd olunan məsələyə (inzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliyinə) qiymət verilməsi mülki mühakimə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tələbini «istehsal tullantılarından istifadə ilə əlaqədar yaranmış əsassız varlanma, dəymiş zərərin əvəzinin ödənilməsi» kimi göstərsə də, iddiaçı tərəfindən öncələr məhkəməyə verilmiş iddia ərizəsində irəli sürülən real tələb mahiyyət etibarı ilə dəyişməmişdir. İddia tələbi xarakterinə görə inzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliyinə qiymət verilməsi növündədir və iddia tələbində qeyd olunan məsələyə qiymət verilməsi mülki mühakimə icraatı qaydasında işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid deyil. Göründüyü kimi, iddiaçı tərəf eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1838/2024 nömrəli qərardadı ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1, 153.2.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 974 nömrəli fərmanının 13-cü bəndinə uyğun olaraq, dağ-mədən işləri ilə əlaqədar istehsalat tullantılarından istifadəyə görə ödənişlərin miqdarı müvafiq faydalı qazıntının hasilatına görə ödənişin 50 faizi miqdarında olmaqla müəyyən edilmişdir. Müvafiq fərmanın tələbinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X8 X3 2020- 2022-ci illərdən istifadə olunmuş 2, 776,651.10 kub metr həcmində mişardaşı tullantısına dair ödənişin X8 X1 ödənilməsini tələb etmişdir. Həmin məktuba cavab olaraq, “Norm“ ASC 24 noyabr 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X8 X1 həmin tələbin qanuni əsası olmadığını, tərəflərindən Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 974 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması qaydalarına” görə həmin ödənişlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X8 X3 tərəfindən tələb edilməsi üçün qanuni və hüquq əsasların olmadığı qənaətinə gəldiklərini bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X8 X3 tərəfindən istehsal tullantılarından istifadəyə görə tələb olunan məbləğ cavabdeh Norm ASC tərəfindən ödənilməsinə imtina edildiyindən hazırki iddia ilə Qaradağ rayon məhkəməsinə müraciət olunmuşdur. İddia ərizəsi MPM-in tələblərinə riayət edərək verilsə də məhkəmə tərəfindən bu maddənin tələbi pozularaq iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İddiaçı Norm ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə xx.xx.2024-cü il tarixdə Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi Qaradağ rayon məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından qəbulundan imtina edilmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X8 X3 Norm ASC-nin istehsal tullantılarından istifadə ilə əlaqədar əsassız varlanmasını nəzərə alaraq, əsassız varlanma nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hər iki iddianın predmetini eyni qəbul edərək yanlışlığa yol vermişdir. Belə ki, yerin təkindən istifadə ilə bağlı dəymiş ziyanın ödənilməsi tələbi mülki məhkəmə qaydasında deyil, inzibati məhkəmə qaydasında baxılmalı olması səbəbindən məhkəmə tərəfindən imtina edilmişdir. Hazırki iddia tələbi isə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsassız varlanması ilə bağlı olduğundan belə iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qanunvericiliyin tələblərinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur ki, iddiaçı predmetin tələbetmə formasını dəyişsə də, predmetin özü eyni predmet olaraq qalmışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1838/2024 saylı işi üzrə 30 aprel 2024-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X8 X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1838/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4243/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4243/2024
08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver