Məhkəmə qərarları › İş №2(103)-4244/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4244/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4244/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(005)-1649/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-157/2022 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə 04 dekabr 2015-ci il təvəllüdlü X6 və 07 oktyabr 2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqadında aliment tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2015-ci il təvəllüdlü X6 və 07 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan aliment məbləği artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 223 manat, ümumilikdə 446 manat məbləğində alimentin və həmçinin mediasiya üçün ödənilmiş 56 manat dövlət rüsumunun dəyərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 20 oktyabr 2014-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə rəsmi nikahdan 04 dekabr 2015-ci il tarixdə Ömər adlı oğlu və xx.xx.2017-ci il tarixdə isə Əsmanur adlı qızı anadan olmuşdur. Nikah Zəngilan Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulan zaman övladları saxlanması üçün cavabdehin qazancını və başqa gəlirlərinin 1/3 hissəsi miqadında aliment tutulması qət edilmişdir. Daha sonra İddiaçı tərəfindən 2022-ci ildə Zəngilan Rayon Məhkəməsinə iddia ilə müraciət olunmasına baxmayaraq, aliment artırılmasına dair iddiası təmin edilməmişdir. Lakin cavabdeh hazırda 450 manat civarında əmək haqqı almasını bildirir. Cavabdeh əlavə gəlirlərini gizləyir. Bu isə uşaqların saxlanılmasında böyük problemlər yaradır. İddiaçı tək ana olaraq uşaqları həmin məbləğdə alimentlə saxlanılmasında çətinlik çəkir. Bununla bağlı 8 saylı Mediasiya qurumuna müraciət etsə də, cavabdeh tərəf alimentin artırılmasına razılıq vermədi, buna dair xx.xx.2023-cü il tarixli arayış verildi. Hal-hazırda təyin olunan aliment məbləği uşaqların saxlanması üçün yetərli deyil, bu səbəbdən hesab edir ki, təyin edilmiş aliment artırılmalıdır. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(005)-1649/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizadə) iddia qismən təmin edilərək, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 04 dekabr 2015-ci il təvəllüdlü X6 və 07 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilməsi, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş rüsumun yarısı, yəni 28 (iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-157/2022 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə 04 dekabr 2015-ci il təvəllüdlü X6 və 07 oktyabr 2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqadında aliment tutulması qət edilmişdir. 7.İş materiallarında olan Azərbaycan Respublikası Zəngilan Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ 351955 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur və bu barədə həmin tarixdə 28 nömrəli qeyd aparılmışdır. 8.İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-117/2022 saylı qətnamədən müəyyən olunur ki, İddiaçı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulan aliment məbləğinin dəyişdirilməsini və Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-117/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir və əsas olaraq iddiaçının əmək qabiliyyətli olması, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olması və iddiaçının cavabdeh tərəfindən uşaqların yemək, geyim və dərman vasitələri də daxil olmaqla digər xərclərini ödədiyini təsdiq etməsi göstərilmişdir. 9.İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh gəlir məlumatlarından çıxarışdan görünür ki, "xxxx" QSC-də elektrik çilingər, vəzifəsində işləyir. Əmək haqqı 445,0 manat təşkil edir. 10.Məhkəmə İddiaçı iddia tələbini aliment tutulması qaydasının dəyişdirilməsi hissəsində əsaslı hesab edərək qeyd etmişdir ki, 02 iyun 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə alimentin valideynin qazancından hissə kimi tutulması qət edilən vaxt cavabdeh "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi və Ümumi Tikinti işləri üzrə dəstəsində qəlibçi peşəsində işləmiş və aylıq əmək haqqı 1217 manat təşkil etmişdir. Hazırda isə cavabdehin aylıq əmək haqqı 445 manat təşkil edir. Digər tərəfdən qətnamənin qəbulundan 3 ilə yaxın vaxt ötmüşdür. Bu müddət ərzində uşaqlar da böyümüş, onların xərcləri də artmışdır. Cavabdehin rəsmi aylıq əmək haqqına yönələn 1/3 hissədə tutma təqribən 148,33 manat edir, bu məbləğ isə qanunvericiliklə bir uşağa görə müəyyən edilmiş dolanacaq xərclərindən də çox aşağıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet saytında olan kalkulyator vasitəsilə aparılmış hesablamadan görünür ki, 2023-cü ilin aprel ayında 2020-ci ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 134.0 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 34.0 faiz artmışdır. 11.Sadalanan halları nəzərə alaraq məhkəmə alimentin cavabdehin qazancından hissə formasında tutulmasını uşaqların mənafeyinə zidd hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, uşaqların xərclərinin artmasına, qiymətlərin bahalaşmasına baxmayaraq, uşaqlara ödənilən aliment nəinki artmış, hətta azalmışdır. Halbuki Zəngilan Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 12.Məhkəmə tutulmalı aliment məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmək qabiliyyətli olması və uşağın qayğısına qalmağın hər iki valideyinin üzərinə düşməsi nəzərə alınmalı, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. 13.Məhkəmə öz mövqeyini “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2-ci “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci: “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Mediasiya haqqında AR Qanununun” 36.5-ci: Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra presedentlərinə (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], 135-ci bənd; X Latviyaya qarşı [BP], 96-cı bənd, Şahin Almaniyaya qarşı [BP], 66-cı bənd); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 14.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilmsəini və iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2023 tarixli 2(005)-1649/2023 saylı qətnaməsi çox ciddi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hər iki tərəf, iddiaçı və cavabdeh rəsmi qeydiyyatla Zəngilan rayonunda qeydiyyatda olsa da, məhkəmə hansısa bir arayışla mülki işə Nərimanov Rayon Məhkəməsində baxmağa qəbul edib və daha sonra məhkəmə qətnaməni qəbul edərkən çəkişmə prinsipini kobud şəkildə pozmuş, cavabdehin mövqeyini dinləmədən, cavabdehin əmək haqqısını dəqiqləşdirmədən, uşaqlara olan münasibətini, aliment ödənişlərini, alimentdən savayı uşaqların sağlamlıq, təhsil, istirahət xərclərini (çoxlu yazılı sübutları) tam şəkildə ödədiyini araşdırıb qiymətləndirmədən, bundan əvvəl qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində (Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-117/2022 saylı qətnamə iş materiallarında var) müəyyən edilmiş faktları yenidən araşdırmaqla və qiymətləndirməklə ciddi qanun pozuntusuna yol verməklə, cavabdehin vəkilinin və nümayəndəsinin məhkəməyə üzürlü səbəbdən iştirak edə bilməməsi ilə bağlı təqdim etdiyi sənədləri (vəkil orderi, etibarnamə, xx.xx.2023-cü il tarixində Qəbələ Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixinə Qəbələ Rayon Məhkəməsində mülki işin təyin olunmasına dair məhkəmə bildiriş, elektron kabinetdə məhkəmə iclaslarının sıralanmasına dair məlumatları) qiymətləndirmədən qanunsuz, əsassız və ədalətsiz, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmaqla, həmçinin qadın həmrəyliyi nümayiş etdirərək qərəzli qətnamə qəbul etmişdir. İddiaçı guya cavabdehin 200 manatdan az aliment ödəməsini, əmək haqqısının 445 manat olmasını, kirayədə qalmasını, tibb bacısı işləməsi ilə əlaqədar daimi iş saatlarında çalışmasını, cavabdehin ödədiyi alimentdən başqa bütün əlavə xərcləri özünün ödədiyini və s. sözlərini məhkəməyə yalnış söz şəkilində çatdırsa da bu halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdədən, məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslandığından, cavabdehin və onun nümayəndəsinin və vəkilinin mövqeyini təqdim etməsinə şərait yaratmadığından qanunsuz, qərəzli və tələsik qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh hər ay sabit pul məbləğindlə 300 manat aliment ödəyə bilər və alimentlə yanaşı uşaqlarının xərclərində iştirak edəcəkdir. İddiaçı cavabdehin bu mövqeyi ilə razılaşsa, cavabdeh qeyd olunan qaydada alimenti ödəyəcəkdir. 18.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdehin əmək haqqı dəyişkəndir. Buna görə də, ödənilən aliment azalır. Cavabdeh uşaqlara əlavə heç bir köməklik göstərmir. O, uşaqların artan tələbatlarını ödəməkdə çətinlik çəkir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 19.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 20.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 21.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 22.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 23.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 26.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hisələrdə mübahisələndirmiş, iddiaçı isə iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(034)-157/2022 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə 04 dekabr 2015-ci il təvəllüdlü X6 və 07 oktyabr 2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqadında aliment tutulması qət edilmişdir. 32.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 33.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 34.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 35.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatlarının çoxalması və uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı onların maddi tələbatlarını ödəməyin tək qadın olaraq ona çox çətin olmasına, ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. 36.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşaqların saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 37.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-157/2022 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən uşaqların saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrdə cavabdehin əmək haqqı 1217 manat olmuşdur. Bundan sonra Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-117/2022 saylı qətnaməsi ilə iddiaçının alimentin artırılması barədə iddiası rədd olunduqda, cavabdehin əmək haqqı 847 manat olmuşdur. Hazırkı işə baxılarkən “Elektron məhkəmə” informasiya sistemində cavabdehin əmək haqqı 445 manat olmuşdur. Hazırda isə “Elektron məhkəmə” informasiya sistemində cavabdehin əmək haqqı 512 manat təşkil edir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərdə də cavabdehin əmək haqqının dəyişkən olması müəyyən olunur. 38.Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün 193 manat nəzərdə tutulmuşdur. 2023-cü ildə bu məbləğ 220 manat təşkil edir. 39.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Digər tərəfdən cavabdehin əmək haqqı dəyişkən olmaqla, hissə ilə aliment tutulduqdan sonra azalmışdır. 40.Kollegiya hesab edir ki, cavabdehin əmək haqqı azalma istiqamətində dəyişkən olduundan, iddiaçı Ailə Məcəlləsinin 78.1 maddəsinə əsasən alimentin artırılmasını sabit pul məbləği ilə tələb etməkdə haqlı olmuşdur. 41.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 42.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 43.Məhkəmə kollegiyası apellyatorun iddiaçı və cavabdehin Zəngilan rayonunda qeydiyyatda olmasına baxmayaraq, işə Nərimanov Rayon Məhkəməsində baxılmalı olmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 116 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin №123 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı uşaqları X7 və X4 ilə birlikdə həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 67 saylı evin, 51 nömrəli mənzilində yaşayır. Buna görə də, kollegiya hesab edir ki, məhkəmə işi icraata qəbul edərək baxmağa haqlı olmuşdur. 44.Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 45.Məhkəmə kollegiyası həmçinin məhkəmənin cavabdehin vəkilinin və nümayəndəsinin məhkəməyə üzürlü səbəbdən iştirak edə bilməməsi ilə bağlı təqdim etdiyi sənədləri (vəkil orderi, etibarnamə, xx.xx.2023-cü il tarixində Qəbələ Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixinə Qəbələ Rayon Məhkəməsində mülki işin təyin olunmasına dair məhkəmə bildiriş, elektron kabinetdə məhkəmə iclaslarının sıralanmasına dair məlumatları) qiymətləndirmədən qərəzli qətnamə qəbul etməsiylə bağlı dəlilini aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. 46.Belə ki, MPM-in 185.6-cı maddəsində qeyd olunmuşdur ki, iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. 47.Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə bağlı işin baxılmasının təxirə salınması məsələsinin həlli hakimin mülahizəsinə həvalə edilmiş, nümayəndənin, yaxud vəkilin üzürlü səbəbdən işdə iştirak edə bilmədiyi halda işin baxılmasının təxirə salınmalı olması ilə bağlı heç bir imperativ norma müəyyən edilməmişdir. 48.Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, cavabdeh 29 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lazımi sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə cavabdehin nümayəndəsi və vəkililinin müraciəti əsasında işin baxılmasının təxirə salınmasına lüzum görməmişdir. 49.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(005)- 1649/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmaıdır. 50.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 51.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 53.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 55.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 56.Kollegiya qeyd edir ki, qətnamə ilə tutulan 1/3 hissə aliment 148,33 manat olmaqla, bir uşağa görə tutulan aliment 74 manat təşkil etmişdir. Hazırda bir uşağa görə tutulacaq aliment 220 manat müəyyən olunduğundan, artırmanın fərqi 146 manat olmaqla, iki uşağa görə fərq 292 manat təşkil edir. Onda 292 manat fərqin illik məcmusu (292x12=3504) 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 57.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(005)-1649/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar