Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4247/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “əmlaka dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)- 45/2020 saylı qətnaməsindən iddiaçıların apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, sonuncudan 1000.000 manat dəyərində maddi zərərin tutulmasına dair qətnamə, eləcə də əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılmasını xahiş etmiş, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-309/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 172600 manat məbləğində pul vəsaitinin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2585/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-309/2016 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2016-cı il tarixli qətnamə ləğv edilmiş və işə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsində işə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 və 2007-ci ildə Cavabdeh3 Başçısı işləmiş Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını və mütəxəssis rəyi ilə müəyyənləşmiş 172600 manat zərərin cavabdehlərdən tutulmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-45/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-45/2020 saylı qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərək, iddiaçıya müvafiq tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iddia ərizəsi və iş materiallarından göründüyü kimi, Daşkəsən rayonunun Bayan kəndində iddiaçıların atası X1 mülkiyyətində «Nur-Araz» şirkəti fəaliyyət göstərmişdir. Ayaz Abdullayev vəfat etdikdən sonra onun övladları, hazırkı iş üzrə iddiaçılar mirası qəbul etmişlər. 2006-cı ildə həmin əmlak kompleksi sökülmüş və şirkətin ərazisində iddiaçılara məxsus olan avadanlıqlar dağıdılmışdır, iddiaçılar hazırda bunun nəticəsində vurulmuş 172600 manat zərərin ödənilməsini tələb edirlər. Cavabdeh3 xx.xx.2006-cı il tarixli Sərəncamı ilə Daşkəsən rayonu ərazisinin abadlaşdırılması və yenidən qurulması məqsədi ilə qərara alınmışdır ki, Daşkəsən rayonu ərazisində təmir-tikinti və abadlıq işlərinin operativ aparılması, mövsümdən səmərəli istifadə edilməsi və işlərin tələb olunan müddətə yüksək keyfiyyətlə aparılması məqsədi ilə qərargah yaradılsın. Cavabdeh3 xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Daşkəsən rayonu ərazisində qanunsuz tikililərin sökülməsini təmin etmək məqsədi ilə qərara alınmışdır ki, komissiya yaradılsın. Cavabdeh3 xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Daşkəsən rayonu ərazisinin abadlaşdırılması və yenidən qurulması məqsədi ilə qərara alınmışdır ki, Daşkəsən rayonu ərazisində təmir-tikinti və abadlıq işlərinin operativ aparılması, mövsümdən səmərəli istifadə edilməsi və işlərin tələb olunan müddətə yüksək keyfiyyətlə aparılması məqsədilə qərargah yaradılsın. Görünüyü kimi, iş materiallarından müəyyən edilir ki, iddiaçılara miras qalmış həmin əmlak kompleksi 2006-cı ildə İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları əsasında həyata keçirilmiş tədbirlər zamanı sökülmüş və şirkətin ərazisində iddiaçılara məxsus olan avadanlıqlar dağıdılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə isə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 7.1-ci bəndində vurğulanmışdır ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya onu da qeyd edir ki, inzibati orqanın vəzifəli şəxslərinin hərəkətləri nəticəsində vurulmuş ziyana görə də həmin vəzifəli şəxs (şəxslər) yox, inzibati orqan özü məsuliyyət daşıyır. Odur ki, göstərilən xüsusatı gələcəkdə nəzərə almaq iddiaçılara tövsiyyə olunur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 391, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-45/2020 iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. İzah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-4247/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4247/2020
31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver