Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4252/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-699/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1124 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-699/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin bütün faktiki hallarını tam nəzərə almamış, məhkəmədə iştirakını təmin etməmiş, bu səbəbdən hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə ədalətsiz qətnamə çıxarmışdır. İşin mahiyyəti belədir ki, 18.05.2016-cı il tarixdən fiziki şəxs olaraq X2 ilə, 17.11.2016-cı il tarixdən isə onun təsis etdiyi «X7» MMC ilə müqavilə bağlayıb 13.04.2017-ci il tarixədək bu MMC-də adminstrator vəzifəsində işləmişdir. Bu sahədə təcrübəli olduğuna görə işində heç bir xətaya və ya nöqsana yol verməmişdir. 2017-ci ilin aprel ayında başqa işə keçməklə əlaqədar rəhbərliyə müraciət edib əmək müqaviləsinə xitam verməyini bildirmiş, son haq-hesabı, əmək kitabçasını və digər sənədləri tələb etmişdir. Onunla olan əmək müqaviləsinə xitam veriləndən sonra hansısa çatışmazlıq barədə bildirib əmək kitabçasını və sənədlərini ona vermədilər. Hüquqlarını qorumaq üçün Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək müfəttişliyi tərəfindən şikayəti üzrə araşdırma aparılmış və şikayəti öz təsdiqini tapıb cavabdeh təşkilat 2.000 manat cərimə olunmuşdur. İşlədiyi dövrdə cavabdeh təşkilat ona qarşı heç bir tələb irəli sürməmişdir. Cavabdehdən Əmək müfəttişliyinə şikayət etdikdən və cavabdeh cərimələndikdən sonra ona qarşı məhkəmədə iddia qaldırılıb fəaliyyəti zamanı güya 1.124 manat borcun əmələ gəldiyini iddia etmişlər. Aşağıdakı hallara görə məhkəmə qərarını əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdeh tərəfindən borcla bağlı ona heç bir bildiriş və ya sənəd təqdim olunmamış, bu barədə ona məlumat verilməyib. Digər tərəfdən cavabdeh təşkilatın ona qarşı tələbi oluğu halda nə səbəbə aralarında olan əmək müqaviləsinə xitam vermiş və həmin vaxt bu məbləği ondan tələb etməmişdir. Məhkəmə barədə bildiriş almamışdır. Bu səbəbdən məhkəmədə iştirak edə bilməmiş və hüquqlarını müdafiə edə bilməmişdir. Məhkəmə qətnaməsini 03 mart 2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Qətnamədən görünür ki, ondan tələb olunan borc 15 mart 2017-ci il tarixdə aparılan inventar yoxlaması zamanı aşkar olunmuşdur. Cavabdeh 3 ildən çox müddətdən sonra məhkəməyə müraciət etmiş və bununla da qanunda bu kimi iddialar üçün nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Birinci instansiya məhkəməsində iştirak edə bilmədiyinə görə iddia müddəti ilə bağlı ərizə verə bilməmişdir. Hazırda həmin hüququnu apellyasiya məhkəməsində həyata keçirir və iddia müddətinin tətbiqi ilə bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, çatışmazlıq barədə cavabdehin məlumatı olmuşdu. Məlumatı olduğu üçün razılaşmayıb və aktı imzalamayıb. Məlumatı olmasaydı, aktı imzalamazdı. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, 17.11.2016-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh “X6” MMC tərəfindən 3 ay sınaq müddəti müəyyən edilməklə administrator vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinə 13.04.2017-ci il tarixdən öz xahişi ilə xitam verilmişdir.Cavabdeh əmək müqaviləsi əsasında İddiaçı MMC-də administrator vəzifəsində, yəni maddi məsul vəzifədə işləmiş, işlədiyi müddət ərzində ona etibar edilən maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edərək rəhbərliyə təqdim etməyi öhdəsinə götürmüş və bu barədə müqaviləyə imza etmişdir. İddiaçı tərəfindən 2017-ci il üzrə aparılmış inventarizasiya nəticələrinə dair aktla müəyyən olunur ki, (dövriyyə satış qiymətindən şirkət tərəfindən edilən 0.5 faiz güzəşt çıxılmış, alınan məbləğdən araşdırma sonrası nəticə çıxılaraq alınmış məbləğ, yəni 600513.09- 3002.45-4126.64=1124) iddiaçının 1124 manat itkisi olmuşdur. Cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlandığından o, işəgötürən “X6” MMC -yə vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşıyır. Buna görə də Cavabdeh işəgötürən “X6” MMC yə vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, iddiaçı iddiasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiası üzrə istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının təqdim etdiyi və məhkəmənin də istinad etdiyi inventarizasiya nəticələrinə dair 15.03.2017-ci il tarixli aktdan, həmçinin həmin tarixli inventarizasiya siyahısından cavabdehin 1124 manat dəyərində mal itkisi olması yaxud iddiaçıya ziyan vurması təsdiq olunmur. Bununla yanaşı, qeyd olunan aktı cavabdeh imzalamamışdır. İddiaçının əməkdaşları tərəfindən qeyd olunan aktın tərtib edilməsi iddianın əsaslı və təmin olunması üçün əsas olduğunu təsdiq edə bilməz. Çünki, həmin akt yalnız iddiaçının iddianın əsaslı olmasında marağı olan əməkdaşları tərəfindən tərtib edilmişdir. İkincisi, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. (ƏM.m.296.5). İddiaçı cavabdehin ona ziyan vurduğunu 15.03.2017-ci ildə tərtib etdiyi aktla aşkara çıxardığını iddia etsə də, iddia ərizəsi isə birinci instansiya məhkəməsinin icraatına 21.09.2020-ci ildə qəbul edilmişdir. Demək cavabdeh əmək münasibətləri çərçivəsində iddiaçıya həqiqətən zərər vurmuşdursa sonuncunun ona qarşı 15 mart 2018-ci ilədək iddia irəli sürmək imkanı olmuşdur. Lakin iddiaçı cavabdehin ona ziyan vurduğunu aşkar etdiyini bəyan etdiyi vaxtdan 3 il 6 ay sonra məhkəməyə müraciət etmiş, bununla da 1 illik iddia müddətini ötürmüşdür. Üçüncüsü, işdən görünür ki, hazırki mülki işə birinci instansiya məhkəməsində baxılmasından cavabdehin məlumatı olmamış və onun iştirakı təmin edilməmişdir. Belə ki, cavabdehə göndərilmiş iddia ərizəsi və məhkəmə bildirişi “ünvan düzgün deyil” qeydi yazılmaqla geri qaytarılmış və iş materialına əlavə edilmişdir(i.v.57), digər bildirişlərin çatması isə işdən görünmür. Göründüyü kimi, iddiaçının irəli sürdüyü iddiadan və bununla əlaqədar keçirilən məhkəmə iclaslarından cavabdehin məlumatsız olması da işin mübahisəsiz halıdır. Ona görə də cavabdeh apellyasiya şikayəti ilə yanaşı iddia müddətinin tətbiqi barədə ərizə ilə də apellyasiya instansiyası məhkəməsinə müraciət etməyə hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-699/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçın Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4252/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4252/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver