Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4252/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehə aid olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağ massivində yerləşən evdə (abonent kodu: **********0005) təbii qazdan sayğacdankənar istifadəyə görə zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi 2.020,80 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 376,3 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehə aid olan ünvanda təbii qazdan sayğacdankənar istifadə ilə bağlı iddiaçı tərəfindən 6 akt tərtib olunub və aktlara əsasən itirilmiş qazın dəyəri müəyyən olunub. Həmin aktlar və itirilmiş qazın dəyəri aşağıdakı kimidir: 1) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt – 913 manat; 2) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt – 626,40 manat; 3) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt – 172,80 manat; 4) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt – 142,20 manat; 5) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt – 122,40 manat; 6) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt – 133,20 manat. Bu məbləğlərin cəmi 2.110 manat təşkil edir. İddiaçı bildirir ki, 1-ci akt üzrə hesablanmış zərərdən 89,20 manat cavabdeh tərəfindən ödənilib, qalan məbləğ 2.020,8 manat (2.110 manat – 89,20 manat = 2.020,8 manat) təşkil edir. İddia ərizəsində həmin məbləğin ödənilməsi tələb olunub. Müəyyən olunur ki, cavabdeh qazdan sayğacdankənar istifadə edib. İşin bu halı iddiaçının məhkəməyə təqdim etdiyi aktlar və fotoşəkillərlə təsdiq olunur. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddiaçının təqdim etdiyi sübutlara etirazını bildirməmişdir. İddiaçı cavabdehin 6 ayda qazdan sayğacdankənar istifadə etməsinə görə zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi 2.110 manat hesablayıb. Lakin bu məbləğ ağlabatan deyil. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən 376,3 manat ağlabatan məbləğ hesab olunmalıdır. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Birinci aktın tərtib edilməsindən sonra iddiaçının işçiləri xidməti vəzifələrinə görə qazdan sayğacdankənar istifadənin qarşısının alınması üçün tədbir görməyə borclu idilər. Lakin onlar tərəfindən heç bir tədbirin görülməməsi zərərin həcminin artmasına şərait yaradıb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, iddianın rədd edilən hissəsində qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın təmin edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4252/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4252/2023
21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver