Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4256/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 25000 manat məbləğində pulun xx.xx.2017-ci ildən hal-hazıradək 25000 manat məbləğinin üzərinə gələn faiz olaraq 5625 manat məbləğin, əldən çıxmış fayda olaraq 6750 manat məbləğin, vəkilə ödənilmiş 200 manat məbləğin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 25000 (iyirmi beş min) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Bundan başqa cavabdeh işdə iştirak edən şəxs kimi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmışdır. Buna görə də cavabdeh hesab edir ki, ona qarşı qaldırılmış iddiaya qarşı öz müdafiəsini hazırlamaq və həyata keçirmək imkanından məhrum olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış və 9 saylı Notariat Kontoru tərəfindən reyestrdə 3-M-494 nömrə ilə qeyd edilmiş xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə cavabdeh iddiaçıdan 25000 manat (iyirmi beş min manat) məbləğində borc pul almış, borcun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı həmin Notariat Kontoruna ərizə ilə müraciət edərək, cavabdehin ona olan 25000 manat 00 qəpik ( iyirmi beş min manat sıfır qəpik) məbləğində borcunu qaytarmadığını göstərmiş, bu səbəbdən icra qeydinin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icra qeydindən görünür ki, xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Hikmət oğlunun xeyrinə Cavabdeh Hikmət oğlundan xx.xx.2017-ci il tarixədək vaxtında ödənilməmiş 25000 manatın tutulması, əlavə olaraq borcludan tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 25010 manat pul tutulması qeydi aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verilən suallara cavab olaraq qeyd etmişdir ki, onların müraciəti əsasında icra qeydi verilmiş, həmin icra qeydi hal-hazırda Xətai rayon icra şöbəsinin icraatındadır. Hazırkı iddia qaldırılarkən icra qeydinin ləğvi ilə bağlı onlar tərəfindən müraciət olunmamışdır. Həmin icra qeydi üzrə icraat hazırkı işin baxılması ilə bağlı dayandırılmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılması mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 və 6.1.4-cü maddələrinə görə, notariat orqanının icra qeydləri icra sənədi sayılır. Lakin birinci instansiya məhkəməsi iddiaya iddia icraatı qaydasında baxmış, bununla da, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-nin 261.0.1-ci maddəsinin mənasına görə bu halda iş üzrə icraata xitam verilməli idi. MPM-nin 391-ci maddəsinin tələbinə görə, məhkəmənin qətnaməsi həmin Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 391, 384.0.4, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-4256/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4256/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver