Məhkəmə qərarları › İş №2(103)-4256/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4256/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4256/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən 25.000 ABŞ dolları və 50.500 manat olmaqla, ümumilikdə 93.000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh iddiaçının yaxın qohumudur. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Tərəflər hər zaman mehriban olmuşlar və iddiaçının cavabdehə inamı olmuş, aralarında qohumluqdan əlavə qarşılıqlı dostluq münasibətləri də olmuşdur. Azərbaycan Respublikasında özünə ev almaq məqsədilə iddiaçı cavabdehlə məsləhətləşən zaman cavabdeh əgər iddiaçı ona pul göndərərsə onun adına ev alacağını bildirmişdir. İddiaçı cavabdehə inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93.000 manat pulu cavabdehə göndərmişdir. Həmin pulun bir hissəsini 25.000 ABŞ dolları, bir hissəsini isə 50.500 manat şəklində vermişdir. İddiaçı həmin pulun bir hissəsini cavabdehin arvadı X2 və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğlu vasitəsilə cavabdehə göndərmişdir. Sevinc Mustafayevaya 5.000 ABŞ dolları və Hicran Əsgərova isə 20.000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25.000 ABŞ dollarını iddiaçıdan alaraq cavabdehə verdiklərini bildirmişlər. Cavabdeh iddiaçıya bildirmişdir ki, 93.000 manata Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində iki ədəd ev ala bilər. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı Rusiyada olduğu üçün həmin evləri iddiaçının adına ala bilməz, lakin iddiaçı razılıq versə evləri öz adına alar və gələcəkdə iddiaçı Azərbaycana gəlsə evləri dərhal onun adına keçirər. İddiaçı cavabdehə inanmış və evlərin onun adına alınmasına razılıq vermişdir. Təxminən bir həftə sonra cavabdeh iddiaçıya zəng edərək bildirmişdir ki, iddaçının göndərdiyi 93.000 manata 2 ədəd ev almışdır. 2022-ci ilin mart ayında iddiaçı Azərbaycana gəlmiş və cavabdehdən həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və iddiaçı işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. İddiaçı Rusiyaya qayıtdıqdan sonra cavabdehə zəng edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Cavabdeh isə həmin anda etiraz etməmiş, evləri iddiaçı Azərbaycana gələndə satıb 93.000 manatı ona qaytaracağını, amma alğısatqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. İddiaçı isə bununla razılaşmış və xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə cavabdehin evinə gedərək evlərin satılmasını və 93.000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə iddiaçının ona pul verdiyini danmış və boynuna almamışdır. Eyni zamanda bununla bağlı istənilən yerə şikayət edə biləcəklərini bildirmişdir. İddiaçı qohumları vasitəsilə 93.000 manat pulu geri verməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh onun etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq etmişdir. Aradan 2 il keçməsinə baxmayaraq, cavabdeh nəinki 93.000 manat pulu ödəmir, hətta iddiaçının telefon zənglərinə belə cavab vermir. Bu səbəbdən iddiaçı Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Şöbəsinə şikayət etmiş və cavabdeh PŞ-nə dəvət olunaraq izahatı alınmışdır. İzahatında cavabdeh qeyd etmişdir ki, guya iddiaçı ona hissə-hissə olmaqla ümumilikdə 42.000 manat pul vermişdir, geri qalan 51.000 manatın ona verilməsini boynuna almamışdır. Əlavə olaraq, PŞ-də ayrı-ayrı izahatları alınmış, cavabdehin arvadı Sevinc Mustafayeva və cavabdehin qonşusu Hicran Əsgərov izahat verərək bildirmişlər ki, iddiaçı tərəfindən Sevinc Mustafayevaya 5.000 ABŞ dolları və Hicran Əsgərova 20.000 ABŞ dolları göndərilmi, onlar isə həmin pulu cavabdehə vermişlər. Beləliklə, məzənnəyə uyğun olaraq 42.000 manat məbləğində pulun cavabdehdə olması barədə kifayət qədər sübut vardır. Bundan əlavə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 məktubundan görünür ki, cavabdehin arvadı Sevinc Mustafayevanın adına xx.xx.2018-ci il tarixli “Reyestrdən çıxarış” ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 22, mənzil 15 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçının arvadı və uşaqları Rusiyadan Azərbaycana gələndə həmin mənzildə yaşamışlar. Bu hallar isə bir daha təsdiq edir ki, qeyd olunan mənzil iddiaçının 2018-ci ilə qədər göndərdiyi pul vəsaiti hesabına alınmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdehin iddiaya qarşı verdiyi etirazı onunla əsaslandırmışdır ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında həm qohumluq, həm də dostluq münasibətləri olmuş, aralarında heç bir mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə zəng edərək ona pul göndərəcəyini və həmin pulu iddiaçının arvadı Çinarə Salahovaya verməli olduğunu bildirmişdir. 2021-ci ilin 27-29 dekabr ayında hissə-hissə olmaqla iddiaçı ümumilikdə 42.000 manat pulu cavabdehə göndərmiş, həmin pulun 5.000 ABŞ dolları hissəsi cavabdehin arvadı Sevinc Mustafayevanın adına, 20.000 ABŞ dolları hissəsi isə cavabdehin qonşusu Hicran Əsgərovun adına göndərilmiş, cavabdeh də həmin pulu aldıqdan sonra qəbzləri ilə birlikdə iddiaçının arvadı Çinarə Salahovaya vermişdir. Tərəflər arasında bundan başqa pul münasibəti olmamışdır. Cavabdehin hal-hazırda iddiaçıya heç bir borcu yoxdur və həm polis orqanında, həm də məhkəmədə tədqiq olunan bütün sübutlar bunu təsdiq edir. İddiaçı cavabdehin 42.000 manatla bağlı polis orqanında verdiyi izahatını borcun etirafı kimi qələmə verir, halbuki cavabdeh öz izahatında həmin pulu aldıqdan sonra iddiaçının həyat yoldaşına verdiyini bildirmiş, iddiaçının həyat yoldaşı da öz izahatında bunu təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfin guya 42.000 manata dair kifayət qədər sübutun olması barədə dəlili həqiqətə uyğun deyildir. Qalan məbləğlə bağlı isə iddiaçı tərəfin ümumiyyətlə hər hansı sübutu yoxdur. Belə ki, cavabdehin arvadının adına 2018-ci ilin yanvar ayında qeydiyyata alınmış mənzilin guya iddiaçının vəsaiti hesabına alınması tamamilə yalandır. Nə polis orqanında verilən izahatlarda, nə də iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı pul vəsaitinin göndərilməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, iddiaçının arvadı Rusiyadan gələndə yaşadığı mənzilin cavabdehin ailəsinə məxsus olduğunu, iddiaçıya heç bir aidiyyətinin olmadığını özü də təsdiq etmişdir. İddia tələbi həqiqətə uyğun olmadığından və hər hansı mötəbər sübuta əsaslanmadığından əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla təkzib edildiyindən iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, iş üzrə hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı işə baxmış Rayon Məhkəməsinə bildirmişdir ki, onun anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi diski sübut kimi qəbul etməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışında iştirak etmiş cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya etirazın, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, xx.xx.1978-ci il tarixdə Azərbaycanda doğulmuş və hazırda Rusiya Federasiyasının vətəndaşı olan iddiaçının Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, qohumu olan cavabdehə inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93.000 manat pulu cavabdehə göndərmişdir. Daha sonra cavabdeh ona zəng edərək göndərdiyi 93.000 manata 2 ev aldığını bildirmişdir. 2022-ci il mart ayında Azərbaycana gəlmiş və cavabdehdən həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin cavabdeh onun Azərbaycana qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və o, işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Rusiyaya qayıtdıqdan sonra cavabdehə zəng edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Cavabdeh isə həmin anda etiraz etməmiş, evləri satıb 93.000 manatı ona qaytaracağını, amma alğı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə cavabdehgilə gedərək evlərin satılmasını və 93.000 manatın geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə ona pul verildiyini danmış və boynuna almamışdır.

12. Cavabdehin 11-ci Polis Bölməsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, qohumu olan iddiaçı, 2021-ci ilin dekabr ayının sonlarında ona zəng edərək, Rusiya Federasiyasının pul vahidi olan rublun məzənnəsinin düşdüyünü, ona pul göndərəcəyini bildirmiş və göndərəcəyi pulları iddiaçının arvadı Çinarə Salahovaya çatdırmasını xahiş etmişdir. 2021-ci ilin dekabr ayının 27-29 tarixlərində iddiaçı ona hissəhissə olmaqla, ümumilikdə 42.000 manat pul göndərmiş, o isə həmin pulu iddiaçının arvadı Çinarə Salahovaya vermişdir. O, iddiaçıdan yalnız 42.000 manat pul almış, aralarında əlavə pul məsələsi olmamışdır.

13. Cavabdehin arvadı X1 11-ci PB-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, ərinin iddiaçı ilə olan danışıqlara qarışmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında iddiaçı onun adına 5.000 ABŞ dolları göndərmişdir. O, əri ilə birlikdə həmin pulu bankdan götürmüş və ərinə vermişdir. Qalan məsələlərdən xəbəri olmamışdır.

14. Cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğlunun 11-ci PB-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, cavabdehin qohumu olan iddiaçı xx.xx.2021-ci il tarixdə onun adına 10.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə yenidən 10.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Ümumilikdə onun adına göndərilən 20.000 ABŞ dolları məbləğində pulu cavabdehə təhvil vermişdir.

15. İddiaçının arvadı X3 Qaradağ RPİ-yə verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, o, 2014-cü ildə iddiaçı ilə ailə qurmuşdur. Birgə nikahdan 3 azyaşlı övladları var. İddiaçı, RF-nin Yakutiya şəhərində işləyib yaşadığından onlar ailə qurduqdan sonra oraya yaşamağa getmişlər. 2017-ci ildə o, Azərbaycana qayıtmış, 1 il Azərbaycanda yaşamış və yenidən iddiaçının yanına qayıtmışdır. O, ikinci dəfə Azərbaycana qayıtdıqda iddiaçının orada başqa qadınla yaşadığını bilmişdir. Bir neçə il buna birtəhər dözmüş, lakin iddiaçı həmin qadını yaşamaq üçün evə gətirəndə o dözməmiş və 2021-ci ildə Azərbaycana qayıtmışdır. İddiaçı onu yola salanda hissə-hissə ona pul göndərəcəyini, həmin pulu toplayaraq ev alacaqlarını və birgə yaşayacaqlarını demişdir. İddiaçı, həmin pulları müxtəlif adamların adından və öz adından qohumu olan cavabdehin adına yollayırdı. İddiaçı ona pul göndərən kimi ona zəng edərək hansı məbləğdə pul göndərdiyini deyirdi. Həmin gün, yaxud bir gün sonra cavabdeh həmin pulu götürüb qəbzi ilə birlikdə ona verirdi. O, Azərbaycana qayıtdıqdan sonra nikahın pozulması ilə bağlı məhkəməyə ərizə vermiş, lakin həmin ərəfədə qohumlar onları boşanmağa qoymayaraq, onları barışdırdırmışlar. Bir müddət sonra o, iddiaçının artıq tüfeyli həyat sürüb yenidən öz əməllərinə davam etdiyindən bezmiş və ona son xəbərdarlığını etmişdir. 2023-cü ilin mart ayında baldızı Mirvari onların yaşadıqları və Ələt qəsəbəsində yerləşən evlərinə gəlmiş və evdə münaqişə yaratmışdır. Həmin vaxt o, bilmişdir ki, iddiaçı, bacısının adına Bakıda ev almışdır. Qeyd edir ki, iddiaçının göndərdiyi bütün pulları cavabdeh ona gətirib çatdırmışdır. Lakin iddiaçı iki dəfə Bakıya gəlib və həmin pulları onun əlindən alıb özü ilə aparmışdır. İddiaçı, Azərbaycana gəldikdə cavabdehin bacısı qızı ilə ailə həyatı qurmaq və onunla bir evdə saxlamaq istəyirdi. Buna görə o, iddiaçı ilə mübahisə etmiş, iddiaçı onu döymüş və demişdir ki, onun da, cavabdehin də başına oyun açacaq.

16. Qaradağ RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırkı iş üzrə iddiaçının müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, toplanmış material üzrə cinayət işinin başlanması üçün əsas yoxdur, çünki iddiaçının müraciətində göstərdiyi faktlar öz təsdiqini tapmır. Buna görə də, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir.

17. “Zolotaya korona” pul köçürmə sistemi ilə iddiaçının arvadı Çinarə Salahovanın adına göndərilmiş pul qəbzlərindən görünür ki, onun adına Rusiya Federasiyasından xx.xx.2023-cü il tarixdə 37.098,37 rubl (1 rubl = 0,01954 manat), xx.xx.2023-cü il tarixdə 34.386,59 rubl (1 rubl = 0,02036 manat), xx.xx.2023-cü il tarixdə 39.637,08 rubl (1 rubl = 0,01766 manat), xx.xx.2023-cü il tarixdə 43.000 rubl (1 rubl = 0,01585 manat), xx.xx.2023cü il tarixdə 42.500 rubl (1 rubl = 0,01653 manat), xx.xx.2023-cü il tarixdə 42.850 rubl (1 rubl = 0,01657 manat) məbləğində pul göndərilmişdir.

18. Rusiya Federasiyası Saxa Respublikasının Mirninskiy rayonun “Poselok Svetlıy” Bələdiyyəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş İ-CH seriyalı, 668234 №-li “Nikahın bağlanması haqqında şəhadətnamədən” görünür ki, iddiası ilə Çinarə Salahova xx.xx.2014-cü il tarixində nikaha daxil olmuşlar.

19. Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-928/2023 saylı qərardadından görünür ki, həmin qərarla iddiaçı Çinarə Salahovanın hazırkı iş üzrə iddiaçıya qarşı “nikahın pozulması və aliment tələbi barədə” iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin Çinarə Salahovaya qaytarılması qərara alınmışdır.

20. Azərbaycan Respublikasının Mərkəzi Bankının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qanunvericiliyə əsasən qeyri-bank hüquqi şəxslərə və fiziki şəxslərə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilmir və onların maliyyə əməliyyatları barədə məlumatlar Mərkəzi Bankda toplanmır.

21. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı ünvan ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, (cavabdehin arvadı) Sevinc Mustafayevanın adına ümumi sahəsi 51,55 kv.metr, yaşayış sahəsi 30.15 kv.metr təşkil edən və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 22-də yerləşən 15 saylı mənzil xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzil hazırda da həmin şəxsin mülkiyyətindədir.

22. Həmin X10 işə baxmış Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, PHŞ-in ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, hazırkı iş üzrə cavabdehin adına xx.xx.2017-ci il tarixindən hal-hazıradək dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

23. “Zolotaya korona” və “Contact” pul köçürmə sistemləri ilə cavabdehin qonşusu Hicran Əsgərovun adına xx.xx.2021-ci il tarixdə 5.000 ABŞ dolları, 5.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 5.000 ABŞ dolları, 4.990 ABŞ dolları, cavabdehin arvadı Sevinc Mustafayevanın adına isə xx.xx.2022-ci il tarixdə 5.000 ABŞ dolları məbləğində pul göndərilmişdir.

24. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, iş üzrə iddiaçı onun qardaşı, cavabdeh isə atasının bibisi oğludur. Qardaşı 17 yaşından Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Qardaşı 2014-cü ildə Çinarə Salahova ilə nikaha daxil olmuş və elə həmin il onlar birlikdə Rusiya Federasiyasına köçmüşlər. Qardaşı ilə Çinarənin 3 övladları var. Qardaşı Rusiyada yaşadığı dövrdə həmişə Azərbaycana gəlib ev alacağını deyirdi. Lakin iddiaçı, ata-anasına və ona xəbər vermədən özünə ev almaq məqsədilə cavabdehə 2017-ci ildən etibarən hissə-hissə olmaqla 93.000 manat məbləğində pul göndərmişdir. O, atası və anası bu məsələdən xeyli vaxt keçəndən sonradan xəbər tutmuşlar və atası cavabdehə hətta təşəkkür etmişdir. Lakin cavabdehin iddiaçının etibarından sui-istifadə edərək biri öz adına, digərini isə arvadı Sevinc Mustafayevanın adına olmaqla 2 ev almışdır. İddiaçı və iddiaçının arvadı Çinarə Salahova birlikdə Azərbaycana gəldikdə cavabdeh hələ ki bir ev almışdır. Çinarə uşaqları ilə birlikdə həmin evdə yaşamağa başlamış, iddiaçı isə işləri ilə əlaqədar Rusiya Federasiyasına qayıtmışdır. İddiaçı, Rusiyaya qayıtdıqdan sonra 2021-ci ilin dekabr ayının sonuna kimi hissəhissə pul göndərməyə davam etmiş və cavabdeh 2022-ci ildə ikinci evi almışdır. Hətta cavabdeh həmin evə ləvazimatların alınıb evin kirayə verilməsi üçün əlavə 3.000 manat da almışdır. Amma sonradan kirayə pulunu iddiaçıya göndərməmişdir. İddiaçı, 2022-ci il mart ayında Azərbaycana qayıtdıqda cavabdeh evlərin hər ikisini onun adına keçirəcəyi barədə verdiyi sözlərdən yayınmağa başlamışdır. Buna görə də iddiaçı həmin evlərin satılıb 93.000 manatın geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Həmin vaxt iddiaçıda şübhə yaranmışdır ki, arvadı Çinarə Salahova ilə cavabdeh arasında qeyri-rəsmi münasibət yaranmıdır. İddiaçı pulun qaytarılmasını tələb edən zaman cavabdeh ikinci evi satmış, lakin əldə etdiyi pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmadığı üçün o, atası, anası və iddiaçı cavabdehin evinə getmişlər. Orada onların arasında mübahisə yaranmış, cavabdeh onları polisə zəng edəcəyi ilə hədələmiş və evi tərk etmələrini tələb etmişdir. Onlar mübahisə böyüməsin deyə cavabdehin evini tərk etmişlər. İddiaçı atasına cavabdehdən borcunu tələb edə bilməsi üçün etibarnamə verib Rusiyaya qayıtmışdır. Pulların iddiaçı tərəfindən cavabdehə göndərilməsində və verilməsində şəxsən iştirak etməsə də, həmin məbləğin cavabdehə verilməsinə tam əmindir.

25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, iddiaçı onun öğlu, cavabdeh isə onun bibisinin oğludur. İddiaçı Rusiyada yaşayır. İddiaçının hissə-hissə olmaqla 93.000 manat pulu cavabdehə göndərdiyini və cavabdehin iddiaçı üçün 2 ev aldığını 2022-ci ildə öyrənmişdir. Bunu eşidəndən sonra cavabdehə təşəkkür etmişdir. Bir müddət sonra iddiaçı televizor, soyuducu, mətbəx mebeli alınması və 2-ci evin kirayəyə verilməsi məqsədilə cavabdehə yenə pul göndərmişdir. Hətta bəxşiş kimi cavabdehin özünə avtomobil alması üçün pul da vermişdir. Lakin sonradan münasibətlər pisləşdiyi üçün iddiaçı evlərin satılaraq verdiyi 93.000 manat pulun ona geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Hətta o, arvadı, qızı iddiaçı ilə birlikdə cavabdehin evinə gedərək, məsələni həll etməyə çalışmışlar. Bir az söhbət edəndən sonra mübahisə yaranmış və cavabdeh polisə zəng edəcəyi ilə onları hədələyib onları evdən qovmuşdur. Evlərin alınması üçün iddiaçı pulu cavabdehə onun iştirakı ilə verməmişdir.

26. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, iddiaçının ailəsi ilə 25 ildir ki, yaxın ailə dostudur. Cavabdehi isə onların xeyir-şər məclislərində görmüş, şəxsən bir dəfə toyda üzüzə gəlmişdir. Onun bildiyinə görə, tərəflər arasında münasibətlər çox yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında oğlu üçün ev almaq istədiyini iddiaçının bacısı Mirvariyə bildirmişdir. Mirvari isə iddiaçının ev satdığını demiş və ətraflı məlumat almaq üçün iddiaçının telefon nömrəsini ona vermişdir. İddiaçı ilə telefon danışığı zamanı iddiaçı həmin məsələ ilə bağlı ona cavabdehə müraciət etməsini məsləhət görmüşdür. O, cavabdehə zəng edib evin qiymətinin 50.000 manat olduğunu öyrənəndə bu məbləğin Ələt qəsəbəsi üçün çox yüksək olduğunu bildirmişdir. O isə cavabında evin iddiaçıya məxsus olduğunu, qiyməti də iddiaçı tərəfindən müəyyən olunduğunu demişdir. Növbəti gün cavabdehə telefon vasitəsilə zəng vuranda onun telefon nömrəsinə artıq zəng çatmamışdır. O, iddiaçı ilə cavabdeh arasında hər hansı pul məbləğinin alınıb-verilməsində iştirak etməmiş və bunun şahidi olmamışdır. Sadəcə iddiaçı ilə telefon danışıqları zamanı iddiaçı ona məxsus iki evinin olduğunu, birində ailəsinin yaşadığını, digər evi isə satmaq istədiyini bildirmişdir.

27. Şahid qismində dindirilmiş Əsgərov Hicran Xeybər oğlu Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, cavabdeh onun qonşusudur. İddiaçını isə cavabdehə görə tanımışdır. 2021-ci ilin dekabr ayında cavabdeh ona bildirmişdir Rusiyada rublun inflyasiyası səbəbindən iddiaçının pul göndərəcəyini bildirmişdir. Cavabdeh pandemiya dövründə peyvənd vurdurmadığı üçün evdən çölə çıxa bimirdi deyə, iddiaçı 27 və 29 dekabr 2021-ci il tarixlərində hissə-hissə olmaqla ümumilikdə 20.000 ABŞ dolları məbləğində pulu onun (şahidin) adına göndərmişdir. O, həmin pulu qəbul etdikdən sonra cavabdehə təhvil vermişdir. Cavabdeh isə həmin pulu iddiaçının arvadına çatdırmalı idi.

28. Şahid qismində dindirilmiş X7 Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, əri olan iddiaçı 2021-ci ilin avqust ayında onu və uşaqları Rusiyadan Azərbaycana göndərmişdir. İddiaçının Bakıda ev almaq fikri var idi. Buna görə də Rusiyadan ona pul göndərirdi. Uşağı balaca olduğu üçün banka gedə bilmədiyindən iddiaçı pulları cavabdehin adına göndərirdi. İddiaçı ona əvvəlcədən telefonla zəng edərək cavabdehə hansı məbləğdə pul göndərdiyi deyirdi. Cavabdeh isə iddiaçının göndərdiyi pulları qəbul edir və bunu təsdiq edən qəbzlər ilə birlikdə ona təhvil verirdi. Dəqiq vaxtlarını deyə bilər, çünki qəbzlər hal-hazırda ondadır və qəbzləri məhkəməyə təqdim edir. xx.xx.2021-ci ildə 10.000 dollar, xx.xx.2021-ci ildə 9.990 dollar, xx.xx.2022-ci ildə 5.000 dollar pulu iddiaçı cavabdehə göndərmiş, cavabdeh də həmin məbləğləri ona təhvil vermişdir. Bu məbləğlərdən başqa iddiaçı tərəfindən cavabdehin adına pul göndərilməmişdir. O, gündəlik xərclərini həmin pulla ödəyir, qalan məbləği isə saxlayırdı. 2022-ci ilin sentyabr ayında Azərbaycana qayıtmış iddiaçı ondan 37.000 manat məbləğində pulu götürüb Bakıda ev almışdır. Qalan məbləği cavabdehə məxsus evdə kirayədə yaşadığı üçün hər ay 200 manat kirayə pulu vermiş, uşaqların bağça və sağlamlıq problemlərinə xərcləmişdir. İddiaçının əslində ondan boşanmaq fikri yox idi. Ailəsi ona təzyiqlər göstərdikdən sonra münasibətləri bir qədər pozulmuşdur. Həmin vaxtlarda, daha dəqiq 2023-cü ildə iddiaçı bir müddət ayda 700 manat pul göndərmişdir. Artıq uşaq bir qədər böyümüşdü və o, sərbəst surətdə özü banka gedib pulu qəbul edə bilirdi. O, 2021-ci ilə kimi bir neçə dəfə Azərbaycana gəlib yenidən Rusiyaya qayıtmış, o cümlədən 2018-ci ildə gəlib bir il qaldıqdan sonra Rusiyaya qayıtmış, 2021-ci ildən sonra isə getməmişdir. Əgər iddiaçı 2018-ci ildə cavabdehin vasitəsilə Bakıda ev alsaydı, onun bu hadisədən mütləq xəbəri olardı. O, Rusiyadan qayıtdıqdan sonra cavabdehə məxsus evdə kirayədə yaşamışdır. İddiaçı ilə cavabdehin münasibətlərinin pisləşməsinin səbəbi pul məsələsi deyil, şəxsi münasibətlər zəmində yaranmış problemlərdi. Belə ki, iddiaçı onunla nikahı pozulmadan cavabdehin qohumu olan qadınla ailə qurmaq istəyirdi. Bu niyyətinin alınmaması səbəbindən onlar arasında münasibət kəskinləşmişdir. O, hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 22-də yerləşən və cavabdehin ailəsinə məxsus 15 saylı mənzildə kirayə yaşayır. İddiaçının cavabdehə ev almaq məqsədilə guya 93.000 manat pul göndərməsi və həmin pula cavabdeh tərəfindən ev alınması həqiqətə uyğun deyildir.

29. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3.). Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir (maddə 324.6.). öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394.).

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (məsələn: “Van de Hurk Hollandiyaya qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli, “Elsholz Almaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli, “Blucher Çex Respublikasına qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli qərarlar).

31. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (məsələn: “S.Əliyevanın şikayəti üzrə” xx.xx.2006-cı il tarixli, “N.Əbilovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarlar).

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

34. Hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. İddiaçının cavabdehə Rusiya Federasiyasından “Zolotaya korona” və “Contact” pul köçürmə sistemləri ilə Hicran Əsgərov və Sevinc Mustafayeva vasitəsilə 42.000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının arvadı Çinarə Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid Hicran Əsgərovun ifadəsi, habelə iddiaçının arvadı olan şahid Çinarə Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır.

36. İddia tələbinin 51.000 manata dair hissəsi ilə bağlı isə iddiaçı tərəfindən ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının atası Mirbaba Miriyev, bacısı Mirvari Miriyeva, ailə dostu Şölə Hüseynovanın şahid ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür.

37. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 məktubları, eyni zamanda iddiaçının arvadı Çinarə Salahovanın ifadəsi ilə təkzib olunur.

38. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

39. İddiaçı apellyasiya şikayətində göstərir ki, o, işə baxmış Rayon Məhkəməsinə bildirmişdir ki, onun (hazırda mərhum) anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi diski sübut kimi qəbul etməmişdir.

40. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur (maddə 95.1.). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2.).

41. Qeyd edilən disk apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən dinlənildi və bu zaman müəyyən edildi ki, həmin danışıq MPM-in 95.2-ci maddəsinin tələbi pozulmaqla yazılmışdır. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi həmin diski sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

42. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

45. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

46. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

47. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar