Məhkəmə qərarları › İş №2(103)-4259/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4259/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4259/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyaşikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onunla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 118240/08092014 saylı kredit müqaviləsi, Cavabdeh2 və Teyyubə Əliyeva arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 118240/08092014 saylı zaminlik müqavilələrinə əsasə, borclulardan birgə qaydada 16.892 ABŞ dolları əsas, 3907 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borclu olmaqla, cəmi 21.299 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh1, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, borc məbləğinin dəqiq müəyyən edilməsi, faiz və cərimənin silinməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh məhkəmə baxışının yeri və vaxtı barədə məlumatlandırılmamış, bu səbəbdən, məhkəmə baxışında iştirak edə bilməmişdir. Bundan əlavə, məhkəmə qətnamədə qeyd olunan məbləğlərdə pulun cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməsini qət edən zaman, tərəflərindən ödənilmiş pulları düzgün hesablamamış və əsassız olaraq faiz borcunun, cərimənin tutulmasını qərara almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Digər cavabdeh Teyyubə Əliyeva da, şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 118240/08092014 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 26 % dərəcəsi ilə 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Teyyubə Əliyeva xx.xx.2014-cü il tarixli, 118240/08092014 saylı zaminlik müqavilələri bağlamaqla, bankın tələb hüququna zamin durmuşlar. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. Bankın xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə borcu -16.892 ABŞ dolları əsas, 3907 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borclu olmaqla, cəmi 21.299 ABŞ dolları təşkil edir. Belə olan halda, Mülki Məcəllənin 739.1-ci, 741-ci, 462.1-ci və 472-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehlərdən iddiaçının xeyrinə tutulması əsaslıdır. MM-in 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1, apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini bildirsə də, Kollegiya həmin dəlilləri əsaslı saymır. Ona görə ki, işdə olan sənədlərdən (şəxsiyyət vəsiqəsinin surəti, DİN BPQMİ-nin MAPS şöbəsinin arayışı) görünür ki, həmin cavabdeh, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan poçt reyestrlərindən görünür ki, rayon məhkəməsi iclasların vaxtı və yeri barədə bildirişləri Cavabdeh1 rəsmi qeydiyyatda olduğu həmin ünvana göndərmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi cavabdehin məlumatlandırılması üçün lazımi tədbiri görmüşdür. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 apellyasiya baxışında da məhkəməyə yeni ünvanı barədə məlumat təqdim etməmişdir. Apellyator, eyni zamanda, şikayətində borcunun düzgün hesablanmadığını bildirir. Kollegiya nəzərə alır ki, bankın əsas borcu, müqavilə müddəti daxilində razılaşdırılmış faiz məbləğini və gecikdirilən borc məbləğinə görə cərimə borcunu müştəridən tələb etmək hüququ vardır. Hazırkı işdə iddiaçının tələb etdiyi 16.892 ABŞ dolları əsas, 3907 ABŞ dolları faiz borcu, tərəflər arasındakı kredit müqaviləsinin müddəti (xx.xx.2017-ci il) bitmədən xx.xx.2017-ci il tarixə hesablanmış məbləğlərdir. Apellyator isə, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4954/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar