Məhkəmə qərarları › İş №2(103)-426/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-426/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-426/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh1 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-2095/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 2269,93 manat əsas, 1333,81 manat faiz, 344,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 4149,67 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.02.2017-ci il tarixli, 165433 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə, 5745 manat məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 22.02.2017-ci il tarixli, 22022017/165433/1 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin kreditor qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 Fərruz qızının 20.11.2020-ci il tarixə borcu 2269,93 manat əsas, 1333,81 manat faiz, 344,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 4149,67 manat təşkil edir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-2095/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2269,93 manat əsas, 1333,81 manat faiz, 34,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 3839,67 (üç min səkkiz yüz otuz doqquz manat 67 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 27,60 (iyirmi yeddi manat 60 qəpik) manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-2095/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, İddiaçı ASC reallığı əks etdirməyən, həddindən artıq şişirdilmiş tələb irəli sürmüşdür. Mövcud qətnamə adıçəkilən bankın əməkdaşlarının cavabdehlərə qarşı qanunsuz hərəkətlərini pərdələmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı ASC, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid kredit borcunun tutulması ilə bağlı hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdeh olan Cavabdeh2 apellyasiya şikayəti verməmiş, Cavabdeh1 onun adından qətnaməni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, qətnamə faiz borcu, cəmi məbləğ dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.02.2017-ci il tarixli, 165433 saylı kredit müqaviləsinin surətindən görünür ki, borcalana 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə, 5745 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış 22.02.2017-ci il tarixli, 22022017/165433/1 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 2269,93 manat əsas, 1333,81 manat faiz, 344,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 4149,67 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan olan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, Cavabdeh1 borcunun yoxlanılması ilə bağlı apellyasiya mərhələsində məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, rəy alınmışdır. Ekspert qarşısında qoyulmuş suallar maliyyə arayışında qeyd olunmuş əsas və faiz borcunun yoxlanılması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2022-ci il tarixli, 9/7109 saylı rəyi ilə müəyyən olunur ki, Cavabdeh1 22.02.2019-cu il tarixə əsas borcu 2.474,73 manat, faiz borcu 355,36 manat təşkil edir. İş materiallarından görünür ki, 22.02.2019-cu il tarixdən sonrakı dövrdə, yəni 15.07.2019-cu il tarixdə 205,34 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir ki, həmin ödəniş hazırki ekspertiza zamanı əsas borcdanq silinir. Belə olan halda Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 22 fevral 2017-ci il tarixli, 165433 saylı kredit müqaviləsi üzrə 22.02.2019-cu il tarixdən 20.11.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 2269,39 manat, faiz borcu 557,38 manat təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert rəyi ilə də müəyyən olunur ki, faiz borcu 355,36 manat təşkil edir. Kollegiya hesab edir ki, əsas borc hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Ekspert 22.02.2019-cu il tarixə faiz borcunu 355,36 manat müəyyən etdiyi halda, məhkəmə faiz borcunu 1333,81 manat müəyyən etmişdir. Buna görə də, kollegiya hesab edir ki, faiz borcu hissədə qətnamə dəyişdirilməli, faiz borcu 355,36 manat müəyyən olunmalıdır. Bütün bunlarla yanaşı faiz borcunun artırılması, cəmi məbləğə təsir göstərdiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş 3839,67 manat cəmi məbləğ dəyişdirilərək, cəmi məbləğ 2861,22 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 145 manatın 98 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 47 manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)- 2095/2021saylı qətnaməsi mübahisələndirilən-faiz borcu və cəmi məbləğ hissələrində dəyişdirilsin, faiz borcu 355,36 (üç yüz əlli beş manat otuz altı qəpik) manat, cəmi məbləğ 2861,22 (iki min səkkiz yüz altmış bir manat iyirmi iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 145 (yüz qırx beş) manatın 98 (doxsan səkkiz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 47 (qırx yeddi) manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar