Məhkəmə qərarları › İş №2(103)-426/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-426/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-426/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, girov predmetinə tutma yönəldilməsi, girov predmetinin satılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti (MMC) ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-cu il tarixli 921/SM-21 saylı kredit müqaviləsinə əsasən, MMC tərəfindən borcalana 24 ay müddətinə illik 42%-lə 35 910 manat kredit limiti ayrılmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. MMC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-cu il tarixli 35274 saylı girov müqaviləsinə əsasən, Cavabdeh məxsus olan qızıl-zinət əşyaları kredit öhdəliyinin təminatı olaraq girov qoyulmuş, girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti 19 474,00 (on doqquz min dörd yüz yetmiş dörd manat) manat razılaşdırılmışdır.

3. Girov müqaviləsində göstərilmişdir ki, bu müqavilə əsasında girov qoyulan qızıl-zinət əşyaları 07 oktyabr 2021-cu il tarixli 921/SM-21 saylı kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh verdiyi 35 910,00 manat məbləğində kreditin xx.xx.2023-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır.

4. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin təqdim etdiyi maliyyə arayışına görə, Cavabdeh 07 oktyabr 2021-cu il tarixli 921/SM-21 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə MMC-nə 7313,69 manat əsas, 25,59 manat faiz borcu olmaqla ümumilikdə 7339,28 manat borcu vardır.

5. "xxxx" MMC-nin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində 648357 saylı qaimə ilə ünvan 1 ünvanında yaşayan X4 məktubun göndərilməsi sifariş edilmiş, Cavabdeh qeyd edilən ünvanda aşkar edilməmiş, göstərilən telefon nömrəsi ilə əlaqə saxlanılmış, lakin Cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir.

6. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin 11 fevral 2022-ci il tarixli hərrac Şurasının Protokolundan görünür ki, Cavabdeh MMC-yə girov qoyduğu qızıl-zinət əşyalarının X5 31 277,50 manata satılması Hərrac Şurası tərəfindən qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlə 07 oktyabr 2021-ci il tarixli 921/SM-21 saylı kredit və eyni tarixli girov müqavilələri bağlandığını, cavabdehə ödəniş planına uyğun olaraq 24 ay müddətinə ödəməsi şərtilə 35 910 manat kredit verildiyini, lakin onun kredit müqaviləsinin şərtlərini pozduğunu və krediti ödəməkdən yayındığını, ona rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də öhdəliyi yerinə yetirmədiyini bildirmiş, buna görə də cavabdehdən 7313,69 manat əsas, 25,59 manat faiz borcu olmaqla ümumilikdə 7339,28 manat borcun və ödənilmiş 94 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh izahatında bildirmişdir ki, yalnız hesablanan faizləri ödəmiş, hərracın keçirilməsi ilə bağlı ona məlumat verilməmiş, girov qoyulmuş qızıl-zinyət əşyaları dəyərindən aşağı qiymətə satılmışdır. İddiaçı təşkilat hərracdan əldə edilmiş pulun borcun ödənilməsinə kifayət etmədiyini və onun 7339,28 manat borcunun olduğunu iddia etsə də, iddia tələbini qəbul etmir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün hüquqi əsas olan kredit müqaviləsi bağlanmış, kreditor öhdəliyini yerinə yetirmiş, borclu isə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən hərracın cavabdehin iştirakı olmadan keçirilməsi və girov qoyulmuş qızıl-zinyət əşyaların satılmasında qanuna zidd hərəkətlər aşkar edilməmişdir. Belə ki, hərracın keçirilməsi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş, lakin bildirişlər qəbul etməkdən imtina olunması səbəbi ilə geri qaytarılmışdır. Bu halın özü isə qanunvericiliyə uyğun olaraq rəsmi qaydada xəbərdarlıq edilmiş hesab edilir.

11. Məhkəmə cavabdehin girov predmetinin aşağı qiymətə satılması arqumenti ilə bağlı qeyd etmişdir ki, girov predmetlərinin bazar qiyməti tərəflər arasında müqavilə azadlığı prinsipi nəzərə alınmaqla əvvələcədən razılaşdırılmış, hətta razılaşdırılmış qiymətdən daha yuxarı qiymətə hərracda satılmışdır ki, bu da cavabdehin hüquqlarının pozulması demək deyildir. Həmçinin tərəflər arasında bağlanmış 07 oktyabr 2021-cu il tarixli 35274 saylı girov müqaviləsinin 2.4-cü bəndinə əsasən "xxxx" kredit müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə girov qoyulmuş əmlak bütövlükdə MMC-nin balansına keçir, müştərinin iştirakı və razılığı olmadan MMC-nin razılığı əsasında topdan və pərakəndə şəkildə satıla bilər, satışdan əldə edilmiş vəsait MMC-nin hesabına mədaxil olunur və həmin vəsait kreditin, ona hesablanan faizlərin və gecikdirilmiş günlərin sayına görə hesablanmış dəbbə borclarından artıq olduqda həmin məbləğ borc alana qaytarılır. Girov qoyanın iştirakı və razılığı olmadan girov predmetinin satılması və yaxud balansa keçirilməsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən təmin olunur.

12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 279-cu, 295-ci, 385.1-ci, 422-ci, 443.1-ci, 448.1-ci, 449.1-ci, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdir.

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, borc məbləğinin düzgün hesablanmadığını nəzərə almadığı, borc məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etmədiyi, iddiaçı təşkilata hansı məbləğlərdə ödənişlər etdiyini dəqiqləşdirmədiyi, öhdəliyini pozmadığı halda girov qoyduğu qızıl-zinyət əşyalarının qanunsuz olaraq hərraca çıxarıldığı, hərrac barədə ona məlumat verilmədiyi, girov predmetlərinin dəyərindən aşağı qiymətlə satıldığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, cavabdehin izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

16. Apellyasiya baxışı zamanı şikayətin dəliləri nəzərə alınaraq mühasibatlıq ekspertizası təyin olunmuş və müvafiq ekspert rəyi alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

20. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

21. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

22. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

23. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

24. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.

25. Maddə 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.

26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 3.1. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.

33. Maddə 15.1. Yüklülük sahibi yüklülüyün təmin etdiyi öhdəliyin pozulmasından əvvəl və ya sonra yüklülük verənlə yazılı formada bağlanmış razılaşma əsasında yüklülük predmetini sahibliyinə götürə bilər. Belə razılaşma yüklülük müqaviləsində də müəyyən edilə bilər.

34. Maddə 15.2. Borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər.

35. Maddə 15.3. Yüklülük verən və ya borclu yüklülük sahibinin sahibliyində olan yüklülük predmetinə tutma yönəldilməsindən məhkəməyə şikayət etdikdə yüklülük predmetinin satılması dayandırılmır, bu şərtlə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13-cü fəsli ilə müəyyən edilmiş qaydada iddianı təmin etmə tədbiri kimi satışı dayandırmaq barədə qərar qəbul etməsin.

36. Maddə 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.

37. Maddə 16.2. Yüklülük sahibi yüklülük predmetinin satılması ilə bağlı yüklülük predmetinin yaxşılaşdırılması üçün xərc çəkə bilər.

38. Maddə 16.3. Yüklülük sahibinin bu maddə ilə müəyyən edilmiş hüquqları məhdudlaşdırıla bilməz.

39. Maddə 17.1. Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir.

40. Maddə 17.2. Yüklülük predmetinin satılması haqında bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir: 17.2.1. yüklülük predmetinin təsviri; 17.2.2. icra olunmalı öhdəliyin məbləği; 17.2.3. satışın üsulu; 17.2.4. satışın həyata keçirildiyi yer, tarix və vaxt; 17.2.5. bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və imzası.

41. Maddə 17.3. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır.

42. Maddə 17.4. Yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir.

43. Maddə 17.5. Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir.

44. Maddə 17.6. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

56. Kollegiya cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

58. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

59. Tələb edilən borcun düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyi ilə isə xx.xx.2022-ci il tarixinə (iddiaçı təşkilatın borc məbləğini hesabladığı tarixə) onun 7313,73 manat əsas, 187,72 manat faiz borcunun yarandığı müəyyən olunmuşdur.

60. Girov predmetinin dəyərindən aşağı qiymətə satılması ilə bağlı apellyatorun arqumenti ilə bağlı kollegiya qeyd edir ki, girov predmetlərinin bazar qiyməti tərəflər arasında əvvələcədən razılaşdırılmış, razılaşdırılmış qiymətdən daha yuxarı qiymətə hərracda satılmışdır – bu isə o deməkdir ki, cavabdehin hüquqlarının pozulmasından bəhs oluna bilməz. Nəzərə alınmalıdır ki, yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir (§ 43).

61. Birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, 07 oktyabr 2021-cu il tarixli 35274 saylı girov müqaviləsinin 2.4-cü bəndinə əsasən "xxxx" kredit müqaviləsi üzrə MMC qarşısında öhdəliklərini yerinə yetirmədikdə girov qoyulmuş əmlak bütövlükdə MMCnin balansına keçir, müştərinin iştirakı və razılığı olmadan MMC-nin razılığı əsasında topdan və pərakəndə şəkildə satıla bilər, satışdan əldə edilmiş vəsait MMC-nin hesabına mədaxil olunur və həmin vəsait kreditin, ona hesablanan faizlərin və gecikdirilmiş günlərin sayına görə hesablanmış dəbbə borclarından artıq olduqda həmin məbləğ borc alana qaytarılır.

62. Həmçinin qeyd olunmalıdır ki, hazırkı mübahisə qalıq kredit borcunun tələb olunması ilə bağlıdır və əgər cavabdeh girov predmetinin ağlabatan qiymətdən aşağı qiymətə satıldığını hesab edirsə, yüklülük sahibinə (MMC-nə) qarşı dəymiş ziyanla bağlı iddia irəli sürə bilər (§ 44).

63. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2261/2022 saylı iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar