Məhkəmə qərarları › İş №2(103)-4260/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4260/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4260/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1352/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərclərin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan 05.04.2014-cü il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatana qədər, Cavabdeh tutulan alimentin miqdarını artırılaraq hər ay 200 manat və uşağın xəstəliyilə bağlı əlavə xərcləri üçün hər ay 100 manat, ümumilikdə alimentin 300 manat olmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə faktiki nikah münasibəti olmuşdur. Həmin faktiki nikah münasibətlərindən 05.04.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 04 noyabr 2016-ci il tarixli qətnaməsi ilə onun aliment iddiası qismən təmin edilmişdir və övladının saxlanmasına görə cavabdehdən hər ay 117 manat onun xeyrinə aliment pulunun tutulması qət edildi. Lakin qətnamədən apellyasiya şikayəti verdi və bunun nəticəsində övladının saxlanmasına görə hər ay cavabdehdən 140 manat aliment pulunun onun xeyrimə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh övladının saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Onun üçün, yəni tənha ana olduğundan övladının saxlanması üçün 140 manat aliment uşağının tələbatını ödəmir. Həmçinin, övladı 05.04.2014-cü il təvəllüdlü X5 xəstədir və o, qanuna müvafiq olaraq uşağının xəstəliyi ilə bağlı əlavə xərclərin cavabdehdən onun xeyrinə ödənilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət göstərmir. Uşağının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbat ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, aliment məbləğinin artırılması və əlavə xərclərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1352/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-705/2017 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 05.04.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment, xəstəlik xərclərinə görə isə 50 (əlli) manat olmaqla, cəmi 243 (iki yüz qırx üç) manat sabit pul məbləğində alimentin cavabeh Cavabdeh İddiaçı xeyrinə ödənilməsi; alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edərək göstərir ki, Murad Əkbərzadə ilə yanaşı digər faktiki nikahından 1990-cu il təvəllüdlü Günay adlı uşağının xəstəliyinə görə Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən 170 manat ödəyir. Şahrud Əkbərzadə ilə olan nikahından 11 sentyabr 2019-cu il tarixdə Əkbərzadə İmran Şadman oğlu, 11 sentyabr 2021-ci il tarixdə Əkbərzadə Məryəm Şadman qızı adlı uşaqları olmuşdur. Sabunçu Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadına əsasən 10 yanvar 2022-ci ildən hesablanmaqla İmran və Məryəmin saxlanılması üçün hər birinə 160, cəmi 320 manat Şahrud Əkbərzadəyə ödəməli olduğu qərara alınmışdır. 4 övladının hər birinin böyüməsi üçün onlara maddi yardım etməlidir. Əmək haqqı isə 850 manat təşkil edir. Yaşı çoxalır şəkər xəstəliyindən əziyyət çəkir. Məhkəmə aliment təyin edərkən onun real vəziyyətini, yaşını və xəstəliyini nəzərə almamışdır. Məhkəmə iclasında İddiaçı iddiadan qismən imtina barədə ərizəni təqdim edərək iddia tələbindən qismən, yəni 50 manat hissəsində imtina etdiyini, 193 manat hissəsində isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiadan qismən imtina barədə ərizəyə etiraz etmədiyini, lakin apellyasiya şikayətini də müdafiə edərək təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da qismən əsaslı olduğu, iddiaçı tərəfindən cavabdehin əlavə qazanc və gəlirlərinin olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-705/2017 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 05.04.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. X2 autizm xəstəliyindən əziyyət çəkməsi və bununla bağlı müalicəyə ehtiyacı olduğu nəzərə alınaraq, xəstəlik xərclərinə görə 50 (əlli) manat aliment cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin artırılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır. İkincisi, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə faktiki nikah münasibətlərindən olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər alimentin artırılmasının rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2022-ci il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumumun 193 manat olmuş və bu məbləğin azaldılması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də ziddi olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Üçüncüsü, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının rədd edilməsi yaxud bu məbləğin azaldılması üçün əsas ola bilməzdi. Dördüncüsü, Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(103)- 4260/2022 nömrəli qərardadı ilə İddiaçı iddiadan qismən imtinasına dair ərizəsi təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1352/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin cavabdehdən xəstəlik xərclərinə görə 50 (əlli) manatın alınması hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Demək, iddiaçının bu humanist addımı da əslində cavabdehin şikayətində göstərdiklərinin nəzərə alınması ilə bağlı olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1352/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1352/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar