Məhkəmə qərarları › İş №2(103)-4261/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4261/2021

21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4261/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(003)-599/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5085 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehdən 5085 ABŞ dolları əsas borc, 1017 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabilətlər sifariş verilmişdir. Nəticədə cavabdehin 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq, İddiaçı MMC həmin aviabilətlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər hansısa çətinlik yaratmamışdır. Qeyd edilməsi zəruridir ki, cavabdeh tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunan hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində borcu mövcuddur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, hazırki iş üzrə Cavabdeh 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən, cavabdehdən 5085 ABŞ dolları əsas borc, 1017 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(003)-599/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə qeyd olunur ki, iş materiallarına əlavə edilmiş elektron aviabiletlərin sürətlərindən, hesab faktura və aviaşirkətlərdən alınmış cavablardan da görünür ki, cavabdeh həqiqətən biletlərdən istifadə etmiş və izahatında da sözügedən xidmətlərdən istifadə etməsini və ödəniş etməməsini inkar etməmişdir. Həmçinin, qeyd edilməsi zəruridir ki, cavabdehin qeyd etdiyi Fərhad adlı şəxs onun istifadə etdiyi biletə görə İddiaçı MMC-yə pul ödəməmişdir. Əgər ödəniş edilibsə, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə belə bir sübut təqdim edilmiş olardı. Nəzərə alınması zəruridir ki, cavabdehin bəhs etdiyi Fərhad adlı şəxs şirkətin direktoru Fərhad Tahirov deyildir. Əgər cavabdehin iddia etdiyi kimi onun ezamiyyə xərcləri Fərhad adlı şəxs tərəfindən ödənilməli idisə o zaman cavabdeh bununla bağlı ayrıca reqres qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Bir daha qeyd edilməlidir ki, cavabdeh tərəfindən bəhs edilən Fərhad adlı şəxs ilə İddiaçı MMC arasında hər hansı bir müqavilə olmadığından, eyni zamanda biletlər cavabdehin adına rəsmiləşdirildiyindən və həmin xidmətlərdən istifadə edildiyindən cavabdeh tərəfindən istifadə edilmiş biletlərə görə ödənilməli olan pulun Fərhad adlı şəxsdən tələb edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, onun iddiaçı şirkətlə heç bir əlaqəsi olmamış, onlardan heç zaman bilet sifariş etməyib, aralarında heç bir müqavilə olmayıb. Fərhad adlı şəxs onların şirkətinə kömək etməsi üçün digər şirkətlə görüşməsini xahiş edib və Çinə səyahət etməyi təşkil edib. O da Fərhad adlı şəxsə kömək etmək məqsədilə təklifi ilə Çinə səfər edib. Həmin yolun bilet və s. xərclərini Fərhad adlı şəxs özü çəkib. O özü heç yerdən bilet sifarış etməyib. Ona bildirilmişdir ki, yalnız Çinə digər şəxslərlə birlikdə səyahət edib oradakı nümayəndələrlə görüşmək lazımdır. O, həmin şirkətə köməklik edib. İndi isə onların biletlərinə görə pul ödənilməsi əsassızdır. Çünki o, heç vaxt bilet sifariş etməyib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında işitrak edən cavabdehin vəkili X2 cavabdehin izahatında qeyd etdiklərinə uyğun məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh məktub göndərilərək, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş hesab vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 5085 ABŞ dolları dəyərində bilet və viza ilə bağlı xidmət göstərilmişdir. İş materiallarında olan 14.12.2016, 13.02.2017 və 20.02.2017-ci il tarixli QATAR Airways tərəfindən verilmiş aviabiletlərdən görünür ki, Cavabdeh QATAR Airways şirkəti vasitəsi ilə uçuşlardan istifadə etmişdir. İş materiallarına əlavə edilmiş QATAR Airways tərəfindən verilmiş 17.01.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən 21.02.2017-ci il və 14.02.2017-ci il tarixlərdə uçuşlar həyata keçirilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş debit haqqında bildirişlər və X3 Assosasiyasının “X7 haqqında” məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən satılmış aviabiletlərə görə 25663,42 manat və 45062,48 manat məbləğində ödənişlər olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdeh tərəfindən həyata keçirilmiş səyahətlər üzrə əvvəlcədən haqqı ödənilmədən alınmış aviabiletlərin dəyərinin tutulmasını xahiş etmiş, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, sözügedən aviabiletlərin dəyərinin əvvəlcədən ödənilmədiyi, satışın nisyə şərtlərlə həyata keçirilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, göstərilən hallar işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi üçün İddiaçı MMC ilə aviabiletlər və vizalar sifariş verilmişdir. İddiaçı MMC sifariş olunmuş xidmətləri öz vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətlərdə və tarixlərdə aviabiletləri və vizaları təqdim etmişdir. İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, yəni onun tərəfindən heç bir ödəniş olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.06.2007-ci il tarixli 94 saylı Qərarı ilə təsdiq edimiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi” Qaydasının 2-ci hissəsinə görə, adi bilet (sərnişin bileti və ya baqaj qəbzi) – vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin onun baqajının hava ilə daşınması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron biletdaşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. İş materiallarından görünür ki, İddiaçı MMC 27.10.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmini, Cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və Cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına Cəmiyyətin, Cəmiyyətin işçilərinin və təsisçilərinin iqtisadi maraqlarını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranan münasibətlər xarakterinə görə tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə uyğun gəlir. Tapşırıq müqaviləsinin predmetini vəkalət alan tərəfindən vəkalət verən üçün hər hansı əqdlərin, işlərin görülməsi və ya digər xidmətlərin icrası təşkil edir. Həmin müqavilənin bağlanması forması həm şifahi, həm də yazılı şəkildə ola bilər. Hazırki mübahisə üzrə tərəflər arasındakı tapşırıq müqaviləsi şifahi formada icra edilmişdir. MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən cavabdehə xidmət göstərilərək, dəyərinin ödənildiyi sübuta yetirilsə də, cavabdeh tərəfindən həmin xidmətin dəyərinin ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddia tələbi cavabdehdən 5085 ABŞ dollarının tutulması hissəsində təmin edilməlidir. Kollegiya iddia tələbinin MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 1017 ABŞ dollarının tutulması hissəsində iddianın təmin edilməməsi qənaətinə gəlir. Belə ki, cavabdehin öhdəliyinin icrası müddəti dəqiq müəyyən edilməmiş, iddiaçının xəbərdarlıq müddəti isə cavabdehə yalnız 2020-ci ildə təqdim edilmiş, elə həmin ildə də tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. MM-nin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Prosessual qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 24,90 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(003)- 599/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5085 (beş min səksən beş) ABŞ dolları əsas borc, 24,90 (iyirmi dörd manat doxsan qəpik) manat dövlət rüsumu, cəmi 5109,9 (beş min yüz doqquz manat doxsan qəpik) tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar