Məhkəmə qərarları › İş №2(103)-4263/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4263/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4263/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (cavabdeh) bacıdır. İddiaçının cavabdehin hərəkətləri ilə bağlı şikayətinə əsasən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında cavabdeh iddiaçıdan ümumilikdə 23.530 ABŞ dolları və 7.000 manat məbləğində pulu borc aldığını etiraf etmişdir. Həmin idarənin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən X7 və Cavabdeh barəsində AR CM-nin 178-ci və 182-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş və ərizəçilər Şahid, X5 və Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23.530 ABŞ dolları və 7.000 manat borcun, gecikdirilmiş faizə görə 3.700,67 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 243 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bacısı, həyat yoldaşı Şahid isə baldızıdır. 2021-ci ilin fevral ayında həyat yoldaşı ona məxsus olan “Albalı” yaşayış massivində olan 24 sot torpaq sahəsində yerləşən bağ evini 40.000 manata satmış və həmin pul vəsaitini ABŞ dollarına çevirərək, əldə edilmiş 23.530 ABŞ dollarını və əlavə olaraq 7.000 manatı evdə saxlamışdır. Cavabdeh evini girov qoyduğunu və evi qaytarmaq üçün pul lazım olduğunu ona bildirdikdən sonra onun müraciətinə əsasən ilk öncə cavabdehə 2.500 manat, hər dəfə ayrı-ayrı olmaqla 2022-ci ilin fevral ayına qədər ümumilikdə 7.000 manat, sonda isə 23.500 ABŞ dolları 3 dəfəyə vermişdir. Cavabdeh aldığı pulu uzağı bir həftəyə qaytaracağını bildirmişdir. Lakin bu barədə həyat yoldaşına məlumat verməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə uşaqlarına qızıl zinət əşyaları almağa gedərkən həyat yoldaşı pulların verilməsindən xəbər tutmuşdur. Lakin cavabdeh pulu qaytarmamışdır. Bununla bağlı pulların alınması üçün ərizə ilə polis şöbəsinə müraciət etsə də, xx.xx.2023-cü il tarixli qərarla işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Polis şöbəsində cavabdehin izahatı alınmış və o izahatında iddiaçıdan borca pul almasını etiraf etmiş, ümumilikdə ondan 23.530 ABŞ dolları və əlavə olaraq 7.000 manat məbləğində pulu borc aldığını göstərmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal rayon Polis idarəsinin qərarında da bu barədə məlumatlar əks olunmuşdur. Bununla belə, cavabdehin ondan borc allmasını etiraf etməsi, bu günədək həmin vəsaiti qaytarmaması Yasamal rayon Polis idarəsinin qeyd edilən qərarında da öz təsdiqini tapmışdır. Lakin sonradan cavabdeh işi düzgün getmədiyi üçün almış olduğu pulu geri qaytara bilmədiyini qeyd etmişdir. Bununla da, cavabdeh özü də mübahisələndirilən məbləği, yəni 23.530 ABŞ dollarını və əlavə olaraq 7.000 manat hissəsini qəbul etmiş və nəticədə onun hesabına gəlir əldə etməklə əsassız varlanmışdır. Cavabdeh tərəfindən öhdəliklərin ötən müddət ərzində yerinə yetirilməməsinə görə ümumi borc məbləğindən faiz məbləğləri də tutulmalıdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1263/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 23.530 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 231 manat məbləğində pul vəsaitinın İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X9)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 23.530 ABŞ dolları və 7.000 manat məbləğində pul götürdüyünü və ödəniş etmədiyini etiraf etdiyini nəzərə almış və qeyd etmişdir ki, nə qədər ki, cavabdeh iddiaçıdan pul götürdüyünü və qaytarmadığını etiraf edir, cavabdeh iddiaçıdan götürdüyü pulu ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır. Hazırda onun cavabdehə 23.530 ABŞ dolları və 7000 manat borcu qalmışdır. Buna görə də məhkəmə iddianın borcun tələb edilməsi hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir. Gecikdirilmiş vaxt üçün fazin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Bu isə həmin gecikdirilmiş müddət ərzində kreditorun əldə edə biləcəyi, lakin borclu tərəfindən pulun gecikdirilməsi ucbatından əldə edə bilmədiyi qazanc və ya faydanın təmin edilməsi məqsədi daşıyır. Hazırkı halda isə iddiaçının cavabdehə verdiyi pul onun şəxsi qazancı deyil, ailəsinə məxsus olan puldur. Hansı ki, iddiaçının əri məhkəmə iclasında şahid qismində dindirilərkən həmin pul vəsaitindən hər hansı qazanc əldə etmək məqsədinin olmadığını, yalnız övladının toy mərasiminin təşkil edilməsi məqsədilə bağını sataraq pulu götürdüyünü bildirmişdir. Həmçinin cavabdehin götürdüyü pul vəsaitini hansı tarixdə qaytarması tərəflər arasında razılaşdırılmamışdır. İşin faktiki hallarından isə bunu müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri, yəni pulu gec qaytarması nəticəsində iddiaçının hər hansı qazancından məhrum olması sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci, 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini, həmçinin apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 116 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, tərəflər arasında olan münasibətlər üzrə borclunun kreditor qarşısında öhdəliyi icra etməməsi və onun pul vəsaitindən qanunsuz istifadə etməsi işin mübahisəsiz halıdır. Pul vəsaitindən borclunun qanunsuz istifadə etməsi nəticəsində kreditora zərər dəyirsə, kreditorun tələbi ilə hər bir halda borclu ona dəymiş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Bu zaman bank uçot dərəcəsi nəzərə alınmaqla kreditora məsuliyyət faizinin (vəya sanksiya faizinin) ödənilməsi qanunun tələbindən irəli gəlir. Məhkəmənin qənaətinə görə əgər borc verilən pul şəxsi vəsaitdirsə, şəxsin həmin pul vəsaitindən hər hansı qazanc əldə etmək məqsədi yoxdursa, bu zaman həmin məbləğə gecikdirilmiş faiz hesablanmır. Lakin qanuna görə pul vəsaitindən qanunsuz istifadə olduğu zaman hər bir halda borclu bank uçot dərəcəsi ilə faizin ödənilməsi vəzifəsi daşıyır. Yəni, qanunda mübahisə predmeti olan “pul vəsaitinin iddiaçının şəxsi vəsaiti olması, toya yığılan vəsait olması və ya məqsədin hər hansı qazanc əldə edilməsi olması” xüsusi olaraq fərqləndirilmir, buna görə gecikdirilmiş faizin tutulmaması barədə göstəriş nəzərdə tutulmur. Məhkəmənin qeyd etdiyi digər bir məsələ ondan ibarətdir ki, “cavabdehin götürdüyü pul vəsaitini hansı tarixdə qaytarması tərəflər arasında razılaşdırılmamışdır. İşin faktiki hallarından isə bunu müəyyən etmək mümkün deyildir”. Lakin bununla bağlı məhkəmənin gedişi zamanı pulun verilməsi müddəti xüsusi araşdırılmış və bu barədə məhkəmə iclasının protokoluna qeyd edilmişdir. Belə ki, iddiaçı tərəfindən pulun cavabdehə verilməsi ilk dəfə 2021-ci ilin sentyabr ayında olmuş və sonuncu dəfə isə 23.530 ABŞ dolları 2022-ci ilin aprel ayında verilmişdir. Cavabdehə 2022-ci ilin aprelin 18-ə kimi pulun qaytarılması barədə vaxt qoyulsa da, cavabdeh yenidən 10 günlük möhlət istəmiş, lakin bunun da bir nəticəsi olmamışdır. Buna görə də, cavabdehdən 2021-ci ilin sentyabr ayından (ilkin olaraq borc məbləğinin verildiyi tarixdən) xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət edilənədək) öhdəliklərini yerinə yetirilməməsinə görə toplanan faiz məbləğləri də tutulmalıdır. Borcun ilk verildiyi tarixdən son borcun verildiyi tarixədək olan müddət təxmini 1 il 6 aydan çox olsa da, iddia ərizəsində yalnız 1 illik müddət üçün gecikdirilmiş faiz tələb edilmişdir. Digər tərəfdən, tərəflər yaxın qohumluq əlaqəsində olmuş və onlar arasında olan münasibətlər şifahi borc müqaviləsidir. Həmin borcun qaytarılması müddəti zamanla öz aralarında müxtəlif vaxtlara dəyişdirilmişdilər. Hər bir halda borcun qaytarılma müddəti olsa da, olmasa da cavabdeh onun vəsaitindən qanunsuz olaraq istifadə etmişdir. Qanunda eyni zamanda “pul vəsaitinin qaytarılması müddətinin nəzərdə tutulmadığı halda” gecikdirilmiş faizin tutulması barədə qadağa nəzərdə tutulmamışdır. Məhkəmənin gəldiyi qənaəti hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Nəzərə alsaq ki, cavabdeh tərəfindən öhdəliklərin 2021-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək yerinə yetirilməməsinə görə faiz məbləği də tutulmalıdır. Belə ki, hər bir halda pul vəsaitindən qanunsuz istifadə halına yol verilmişdir. Belə olan halda cavabdehdən 23.530 ABŞ dolları və əlavə olaraq 7.000 manat, cəmi 47.001 manatla birlikdə Mülki Məcəllənin 449.1-ci maddəsinin şərtlərinə əsasən, dəymiş zərərin illik bank uçot faiz dərəcələrini nəzərə alınmaqla 3.700 manat vəsait tutulmalıdır. Lakin məhkəmə 2021-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək gecikdirilmiş faizlərlə bağlı yaranmış münasibətlər üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Gecikdirilmiş faizlərin tutulması hissəsində məhkəmə tərəfindən iddianın rədd edilməsi qanunsuz və əsassızdır.

9. Bundan sonra İddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, əgər borcun qaytarılma tarixi müəyyən edilməmişdirsə, birinci instansiya məhkəməsi ümumiyyətlə borcu cavabdehdən tutmaqda haqlı deyildi. Hazırki halda borcun qaytarılma tarixi müəyyən olunduğundan, başqa sözlə, borcun qaytarılma tarixi başa çatdığından borcun cavabdehdən tutulması hissəsində iddia haqlı olaraq təmin edilmişdir. Əks halda əgər tərəflər arasında borcun qaytarılma tarixi müəyyən olmasa və borcun qaytarılma tarixi başa çatmasa idi, ümumiyyətlə, borcun qaytarılmadan söhbət gedə bilməzdi və bu tip iddianın heç bir prespektivi olmazdı. Tərəflər arasında borcun qaytarılmasının son tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Belə ki, iddiaçının həyat yoldaşı xx.xx.2022-ci il tarixdə cavabdehə borcun qaytarılması üçün 10 gün vaxt vermiş və tərəflər arasında xx.xx.2022-ci il tarixədək cavabdehə möhlət verilməsi razılaşdırılmışdır. Hər bir halda borcun qaytarılma müddəti olsa da, olmasa da cavabdeh onun vəsaitindən qanunsuz istifadə etmişdir. Digər tərəfdən, “pul vəsaitinin qaytarılma müddətinin nəzərdə tutulması” gecikdirilmiş faizin tutulmamasına dəlalət etmir. Bu görə də, cavabdehdən xx.xx.2022-ci il (borcun qaytarılmasının son tarixindən) tarixdən xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət edilənədək) öhdəliklərin yerinə yetirilməməsinə görə toplanan faiz məbləğləri də tutulmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi belədir ki, əgər pul vəsaiti şəxsin şəxsi vəsaitidirsə, ondan qazanc əldə etmək məqsədi yoxdursa, bu halda gecikdirilmiş faiz tələbi irəli sürülə bilməz. Halbuki, qanunvericilikdə gecikdirilmiş faizin hesablanması tələbinin irəli sürülə biləcəyi hallar ayrıca qeyd edilməmişdir. Bundan əlavə, iddiaçı ancaq 2022-ci ilə görə gecikdirilmiş faiz tələbi ilə çıxış etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirilməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

16. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 8.6-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilməyən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tutulmasının rədd edilməsi hissəsində mübahisələndirildiyindən və qətnamənin məhz bu hissədə ləğv edilərək, təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulmaması ilə bağlı qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

21. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, cavabdeh həm Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma zamaı, həm də birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıdan ümumilikdə 23.530 ABŞ dolları və 7 000 manat məbləğində pul vəsaitini götürdüyünü və qaytarmadığını etiraf edir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianı bu hissədə əsaslı hesab edərək, qeyd edilən məbləğin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Məhkəmənin bu barədə qətnaməsi də cavabdeh tərəfindən mübahisələndirməmiş və hazırda qüvvədədir.

22. Qeyd edilən məbləğ 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək müəyyən hissələrlə verilmişdir. İddiaçı öz aralarında həmin borcun qaytarılması müddətinin müxtəlif vaxtlara dəyişdirdiklərini və sonuncu dəfə cavabdehə xx.xx.2022-ci il tarixədək (son tarix xx.xx.2022-ci il) vaxt verilməsinə baxmayaraq, cavabdehin yenidən 10 günlük möhlət istədiyini (son tarix xx.xx.2022-ci il), lakin yenə də öhdəliyini icra etmədiyini bildirir. Cavabdeh də xx.xx.2022-ci il tarixdə yazdığı izahatında iddiaçıdan aldığı pulu məhz həmin, yəni xx.xx.2022-ci il tarixdə qaytarması barədə vəd verdiyini etiraf edir.

23. Bununla belə, tərəflər öz aralarında borc məbləğinin xx.xx.2022-ci il tarixdə qaytarılmasını razılaşdırsalar da, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Bununla da iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, cavabdehin gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur.

24. Məhkəmə kollegiyası borc məbləğinin 23.530 ABŞ dolları və 7.000 manat təşkil etdiyini, bu məbləğin xx.xx.2022-ci il tarixdə ödənilməli olduğunu, ödənilməməsi səbəbindən cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və hazırki iddianın xx.xx.2023-cü il tarixdə qaldırıldığını nəzərə alıb, belə qənaətə gəlir ki, yaranmış borc məbləğinə illik 5 faiz xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixləri əhatə edən 9 aylıq müddət üzrə hesablanmalıdır.

25. Həmin dövr üçün də ödənilməli olan faiz məbləği (23.530 x 5% / 100 % = 1.176,50 – 1 il üzrə, 1.176,50 / 12 ay x 9 ay = 882,38 – 9 ay üzrə) 882,38 ABŞ dolları və (7.000 x 5% / 100% = 350 – 1 il üzrə, 350 / 12ay x 9 ay = 262,50) 262,50 manat təşkil edir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 116 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə (882,38 x 1.70 = 1.499,91 + 262,50 = 1.762,41) 1.762,41 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni (1.000 manata görə 30 manat + 1000 manatdan yuxarı olan 762,41 manatın 1 faizi, yəni 7,62 manat = 37,62 / 2 (50%) = 18,81) 18,81 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (116 – 18,81 = 97,19) 97,19 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 882,38 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 262,50 manat məbləğində faiz borcu, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 18,81 manat məbləğində hissəsinin əvəzi iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1263/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 882,38 (səkkiz yüz səksən iki ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 262,50 (iki yüz altmış iki manat, əlli qəpik) manat məbləğində faiz borcu, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 18,81 (on səkkiz manat, səksən bir qəpik) manat məbləğində hissəsinin əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar