Məhkəmə qərarları › İş №2(103)-4264/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4264/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4264/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-54/2019 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001) 54/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X3 müştərək qaydada iddiaçının xeyrinə 27R000000913 nömrəli kredit razılaşması üzrə 70558,21 ABŞ dolları məbləğində kredit borcu, 32639 ABŞ Dolları məbləğində faiz borcu və 16 189 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 119386,21 ABŞ dolları məbləğində borcun, 27K000000010 nömrəli kredit razılaşması üzrə 19266,65 ABŞ dolları məbləğində faiz borcu və 25961 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 45227,5 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı banka ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən şikayət verərək, ləğv edilib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(103)- 2687/2020 nömrəli qətnaməsi apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-3192/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(103)-2687/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(001)-54/2019 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, müddət bərpa edilmişdir. İddiaçı qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(001) 54/2019 nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(103)- 1926/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2023cü il tarixli, 2(001)-54/2019 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(001) 54/2019 nömrəli qərardadı ləğv edilmiş və Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001)- 54/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001)-54/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(001)-54/2019 nömrəli qərardadı ilə ərizə rədd edilməklə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 verdiyi şikayət Məhkəmənin eyni nömrəli, 22 may 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin və şikayətə iddiaçı tərəfindən verilmiş etirazın dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətinə baxılarkən təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri (mülki iş 02-ci cild, 35-ci səhifə), Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(1103)-2687/2020 nömrəli qətnaməsi (mülki iş 02-ci cild, 54-ci səhifə), Cavabdeh2 qeydiyyatda olduğu ünvanda qəbzə imza edilməklə təhvil alınmışdır. Bununla da müəyyən olunur ki, Cavabdeh2 tərəfindən həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(1103)-2687/2020 nömrəli qətnaməsini aldıqdan 3 ilə yaxın müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir və kollegiya hesab edir ki, onun prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində və eyni məzmunlu şikayətində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də məhkəmə haqlı olaraq müddəti bərpa etməmişdir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Cavabdeh isə şikayətində qeydiyyatda olduğu ünvana məhkəmə sənədləri çatdırılsa da qeyd olunan ünvanda yaşamadığını bildirmişdir. Lakin cavabdeh işə baxılarkən başqa ünvanda olması barədə məhkəməyə hər hansı məlumat verməmişdir və belə olan halda da məhkəmə sənədləri cavabdehin məhkəməyə məlum olan ünvanına göndərilmişdir ki, AR MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. AR MPM nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8 ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətin veriməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-54/2019 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar