Məhkəmə qərarları › İş №2(103)-4266/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4266/2024

13.09.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4266/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “mənzilə sahiblik etməyə və mənzildən istifadə etməyə yaradılan maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 1449/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanında yerləşən mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil miras qoyan X1 mülkiyyətində olub. O, xx.xx.2020-ci ildə vəfat edib və mənzil vərəsəlik qaydasında onun vərəsələrinə keçib. 2.İddiaçı miras qoyanın övladıdır. Hazırda 9 yaşı var, xx.xx.2015-ci il təvəllüdlüdür. İddiaçının anası (qanuni nümayəndəsi) Qanuni nümayəndə ilə miras qoyanın arasında nikah olmayıb. Mənzildə iddiaçının miras payı 1/12 hissə təşkil edir. Həmin hissə üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. 3.Cavabdeh miras qoyanın rəsmi nikah üzrə arvadıdır. Mənzilin 7/12 hissəsi üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Bunun 6/12 hissəsi ər-arvadın ümumi mülkiyyətində arvadın payı, 1/12 hissəsi isə miras payıdır. 4.Mənzilin qalan hissəsində miras qoyanın digər vərəsələrinin – X4, X3, X5 və X2 hər birinin miras payı 1/12 hissə təşkil edir. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, iddiaçının mənzilə sahiblik və istifadə hüququnu həyata keçirməsinə cavabdehin yaratdığı maneələrə son qoyulsun və həmin maneələr aradan qaldırılsın. 6.Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 1/12 hissəsi iddiaçının mülkiyyətində olan mənzilə iddiaçının sahiblik və istifadə hüququnu həyata keçirməsinə cavabdehin yaratdığı maneələrə son qoyulsun və həmin maneələr aradan qaldırılsın. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və idda təmin olunmasın. Şikayət onunla əsaslandırılıb ki, iddiaçının mənzilə köçürülməsi yaşayış sahəsinin ayrılma normasının pozulmasına səbəb olacaq. Birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, iddiaçının mənzildə yaşayış qaydaları müəyyən edilmədən iddia təmin edilmişdir. 8.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.İddiaçının anası (qanuni nümayəndəsi) iddia ərizəsində qeyd edib ki, mənzildə övladı ilə birlikdə yaşamaq üçün istifadə etmək istəyini bir neçə dəfə cavabdehə bildirmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Sonuncu dəfə cavabdehlə danışarkən təklif etmişdir ki, mənzili ya onun övladına versin, ya da övladının payına görə pul kompensasiyası ödəsin. 10.İddiaçı mənzildən istifadə hüququna, yəni mənzildə yaşamaq hüququna malikdir, çünki paylı mülkiyyətçilərdən biridir. Lakin mənzildə yaşamaq hüququ öz xarakterinə görə nümayəndə vasitəsilə həyata keçirilə bilməz, çünki şəxsiyyət ilə qırılmaz bağlıdır. Odur ki, iddiaçının anası onun qanuni nümayəndəsi kimi mənzildə yaşaya bilməz. İddiaçı isə 14 yaşınadək müstəqil surətdə özünə yaşayış yeri seçə bilməz. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyətinin 14 yaşından sonrakı məzmunu (Mülki Məcəllə, maddə 30) ona özü üçün ayrıca yaşayış yeri müəyyən etmək imkanı verir. İddiaçı 14 yaşına çatdıqdan sonra mənzildə yaşamaq hüququnu reallaşdıra, yəni mənzilə köçürülməsini və mənzildə yaşamasına maneə yaradılmasının digər şəxslərə qadağan edilməsini tələb edə bilər. Hazırda isə onun 9 yaşı var. 11.Fəaliyyət qabiliyyətinə görə iddiaçının istifadə edə bilmədiyi mənzilə onun sahibliyinin məhkəmə qaydasında təmin edilməsinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Əgər mənzil qanunsuz sahiblikdə olsayıdı, iddiaçı sahibliyin müdafiəsini tələb edə bilərdi. Mənzil digər mülkiyyətçilərin sahibliyindədir. Fəaliyyət qabiliyyəti mənzildən istifadə hüququnu reallaşdırmaq (mənzildə yaşamaq) imkanı verdikdə, iddiaçı sahibliyin müdafiəsini digər mülkiyyətçilərdən məhkəmə qaydasında tələb edə bilər. 12.Beləliklə, iddiaçının mülki hüquqi fəaliyyət qabiliyyətinin məzmunu ona mənzildə tək (anasından ayrı) yaşamaq imkanı vermədiyindən, iddia təmin oluna bilməz. Əgər iddia formal mülahizələr əsasında təmin olunarsa, qətnamənin icrası mümkün olmayacaq. Odur ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmalıdır. 13.İddiaçı mənzildəki payının (1/12 hissənin) ayrılmasını tələb edə bilər. Bunun üçün o, anasının (qanuni nümayəndəsinin) vasitəsilə Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş qaydada məhkəməyə iddia vermək hüququna malikdir. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 1449/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar