Məhkəmə qərarları › İş №2(103)-4266/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4266/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4266/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e2(006)-970/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Nəqliyyat vasitəsindən istifadə edilməsinə” dair 03 aprel 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-GE-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (hibrid)” markalı minik avtomobilindən istifadə hüququnu Cavabdeh 1 il 5 ay 13 gün müddətinə etibarnamə ilə vermişdir. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius» minik markalı, **-GE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı şəhər DYPİ YNH inspektoru polis serjantı X7 tərəfindən tərtib edilmiş 06 may 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh 06 may 2024-cü il tarixdə, saat 20:44-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.

3. Bakı şəhər DYPİ YNH inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 04 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh 04 may 2024-cü il tarixdə, saat 13:59-da “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **- GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.

4. Bakı şəhər DYPİ polis X1 tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2024-ci il tarixdə, saat 13:59-da “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir.

5. Bakı şəhər DYPİ YNH inspektoru polis serjantı X7 tərəfindən tərtib edilmiş 06 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqındaqərara əsasən, Cavabdeh 06 may 2024-ci il tarixdə, saat 20:44-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir.

6. Bakı şəhər DYPİ Polis X1 tərəfindən tərtib edilmiş 04 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarar əsasən, Cavabdeh 04 may 2024-ci il tarixdə, saat 13:59-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir.

7. Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli, EQ 20900364 inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh xx.xx.2024-ci il tarixdə, saat 09:30:57-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir.

8. "xxxx" ASC-nin İddiaçı məxsus 438750******2207 nömrəli kart çıxarışından görünür ki, o, 15 oktyabr 2024-cü il tarixində cərimələrə görə 448 manat pul vəsaiti ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən ona məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (hibrid) markalı minik avtomobilindən istifadə zamanı yaranmış cərimələrə görə ödədiyi 448 manat vəsaitin, eləcə də iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırmışdır ki, mülkiyyətində olan **-GE-*** dövlət qeydiyyat nişanlı (DQN) Toyota Prius (hibrid) markalı minik avtomobilini 03 aprel 2024-cü il tarixində (Reyestrdə 7E-3879 nömrə ilə qeyd edilən) nəqliyyat vasitəsindən istifadə hüququnu Bakı şəhəri S.Əsgərova küç. ev 183, mənzil 24-də qeydiyyatda olan Cavabdeh (sürücülük vəsiqəsinin nömrəsi BB043286, verilmə tarixi 16 sentyabr 2023-cü il, verən orqan - Bakı şəhəri 1 saylı ASAN Xidmət Mərkəzi) etibarnamə ilə vermişdir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə Cavabdeh 02 may 2024cü il tarixli EQ20900364 nömrəli Protokolla 40 manat (dəbbə pulu ilə yekun məbləğ 64 manat), 02 may 2024-cü il tarixli EQ20917871 nömrəli Protokolla 80 manat (dəbbə pulu ilə yekun məbləğ 128 manat), 06 may 2024-cü il tarixli İXP6234661 nömrəli Protokolla 80 manat (dəbbə pulu ilə yekun məbləğ 128 manat), 15 may 2024-cü il tarixli İXP6229598 nömrəli Protokolla 80 manat (dəbbə pulu ilə yekun məbləğ 128 manat) məbləğində cərimə olunmuş, həmin cərimə məbləği müəyyən olunmuş müddətdə cavabdeh tərəfindən ödənilmədiyi üçün üzərinə dəbbə pulu gələrək yekunda 448 manat təşkil etmişdir. 15 iyul 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il tarixinədək 3 ay müddətində mülkiyyətində olan nəqliyyat vasitəsinə həbs qoyulduğu üçün avtomobildən istifadə edə bilməmişdir. Barəsində inzibati tənbeh tətbiq edilən şəxs (cavabdeh) qanunla müəyyən edilmiş əsaslar olmadan sözügedən cərimələri ödəməmiş və nəqliyyat vasitəsindən istifadə edilməsi zərurəti ilə bağlı o məcbur qalaraq Cavabdeh İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə səlahiyyətli orqan tərəfindən tətbiq olunmuş cərimələri (cəmi 448 manat) 15 oktyabr 2024-cü il tarixində Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsilə ona məxsus bank kartı ilə dövlət büdcəsinə ödəmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e2(006)- 970/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh maddi ziyana görə 448 manat pul və 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Qətnamənin əsaslarına görə iddiaçının tələbi təqdim olunmuş sübutlarla əsaslandırılmış və məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materialarından görünür ki, İddiaçı nəqliyyat vasitəsindən istifadə hüququnu etibarnamə əsasında Cavabdeh vermişdir. Cavabdeh həmin etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə etdiyi dövrdə inzibati xəta törətmiş və barəsində müvafiq inzibati protokollar tərtib olunaraq cərimələr tətbiq edilmişdir. Bu cərimələrin ilkin ümumi məbləği 280 manat təşkil etsə də, cavabdehin onları müəyyən olunmuş müddətdə ödəməməsi səbəbilə üzərinə dəbbə pulu əlavə edilmiş və yekun məbləğ 448 manata çatmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş protokollar və ödəniş qəbzləri göstərir ki, barəsində inzibati tənbeh tədbirləri tətbiq olunmuş şəxs – Cavabdeh bu cərimələri ödəməkdən yayınmış, nəticədə avtomobilin mülkiyyətçisi olan iddiaçı 448 manat məbləğində cərimələri 15 oktyabr 2024-cü il tarixində öz bank kartı ilə ödəmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya hər hansı borcunun olmadığını bildirsə də, onun tərəfindən törədilmiş inzibati xətalar nəticəsindən yaranmış 448 manat məbləğində cərimələrin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, o, avtomobildən istifadə etdiyi hər gün üçün iddiaçıya 15 manat xidmət haqqı ilə yanaşı əlavə 10 manat depozit ödəyib və tərəflər arasında əlavə məbləğin gələcəkdə yarana biləcək mümkün cərimələrin əvəzinə istifadə olunacağı barədə razılaşma olub. Məhkəmə cavabdehin göstərdiyi dəlil ilə razılaşmır. Belə ki, cavabdeh bu ödənişləri təsdiqləyən müəyyən pul qəbzlərini məhkəməyə təqdim etsə də, tərəflər arasında bu şərtləri əks etdirən hər hansı yazılı müqavilə, razılaşma və ya hər hansı sübut mövcud deyildir. Məhkəmə qeyd edir ki, yalnız ödənişin həyata keçirilməsini təsdiq edən qəbzlərin mövcudluğu bu vəsaitlərin konkret hansı məqsəd üçün verildiyini və razılaşdırılmış şərtlərə uyğun istifadə olunacağını sübuta yetirmir. Beləliklə, cavabdeh tərəfindən iddia olunan razılaşma yəni gündəlik ödənilən 10 manatın gələcək cərimələrin qarşılanması məqsədi daşıması rəsmi şəkildə təsdiqlənmədiyi üçün hüquqi qüvvəyə malik hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, etibarnamə ilə avtomobildən istifadə hüququ əldə etmiş cavabdeh öz hərəkətləri ilə inzibati xətalar törətmiş və bu xətalara görə tətbiq olunmuş sanksiyaları ödəmədiyi üçün onun bu hərəkətləri nəticəsində yaranmış maliyyə öhdəliyinin icrası iddiaçı tərəfindən təmin olunmuşdur. Beləliklə, iddiaçının cavabdehdən həmin məbləğin geri tutulmasına dair tələbi əsaslı olduğundan, iddia təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd olunması xahiş edilmişdir.

15. Apellyasiya şikayətlərinin dəlillərinə görə məhkəmə prosesində həm qarşı tərəf, həm də o başqa sübut təqdim etməmiş ifadə vermişdir. Lakin nədənsə məhkəmə onun ifadəsini şübhə altına almış, iddiaçının ifadəsini isə əsaslı hesab etmişdir. Məhkəmə qanunun bu ali prinsipini pozaraq nədənsə onun dediklərinə və təqdim etdiyi sübutlara məhəl qoymamış, əksinə iddiaçının ifadəsini doğru qəbul etmişdir. Məhkəmə prosesində iştirakı təmin edilməmiş, qarşı tərəfin təqdim etdiyi sübuta şahid ifadəsinə münasibəti öyrənilməmiş, ümumiyyətlə şahidin ifadəsindən xəbəri olmamışdır. Onun məhkəmədə verdiyi ifadəni məhkəmə araşdırmadan mötəbərliyini şübhə altına almış, lakin qarşı tərəfin ifadəsini mötəbər hesab edərək sübut kimi qəbul etmişdir. Onun iddiaçıya 420 manat depozit ödədiyi halda məhkəmə bu faktı ayıdnlaşdırılmamış, həmin faktı sübut etmək üçün şahid dəvət etməyinə şərait yaradılmamışdır. O yuxarıda qeyd etdiklərii birinci instnasiya məhkəməsində də bildirərək bunları təsdiq edəcək şahidim olduğunu da məhkəməyə demişdir. Məhkəmə şahidə ehtiyac olmadığını bildirmişdi. 02 aprel 2024-cü il tarixdə Bəhruzla söhbət edən zaman yanında olmuş X5 (*** *** ** **) da dediklərini təsdiq edə bilər. Bu dediklərinin doğru olduğunu məhkəmə 02 aprel 2024-cü il tarixdə saat 09:00-dan 24:00-dək olan vaxt ərizində onun, Bəhruzun, Nemətin və Elnurun telefon nömrələrinə əsasən anten dairəsini çıxartdırsa birlikdə olduğuqları faktını görə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsii) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

23. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, məhkəmə prosesində iştirakı təmin edilməmiş, qarşı tərəfin təqdim etdiyi sübuta şahid ifadəsinə münasibəti öyrənilməmiş, ümumiyyətlə şahidin ifadəsindən xəbəri olmamışdır

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. İş materiallarından görünür ki, Cavabdeh adına rəsmiləşdirilmiş nömrəyə 01 may 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məlumat əks etdirən sms göndərilmişdir. Belə olan halda qanunvericiliyin də mənasına görə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış, lakin o üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməişdir. Mülki prosessual qanunvericiliyə görə isə tərəfərin məhkəmə iclasına gəlməməsi onların iştirakı olmadan işə baxılmasına mane olmur. (səhifə 103)

26. Apellyasiya şikayətinin digər dəili kimi ona istinad olunur ki, onun iddiaçıya 420 manat depozit ödədiyi halda məhkəmə bu faktı aydınlaşdırılmamış, həmin faktı sübut etmək üçün şahid dəvət etməyinə şərait yaradılmamışdır. O yuxarıda qeyd etdiklərini birinci instnasiya məhkəməsində də bildirərək bunları təsdiq edəcək şahidi olduğunu da məhkəməyə demişdir.

27. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, AR MPMnin 184.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. AR MPM-nin 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. İş materiallarından cavabdehin şahid dindirilməsi barədə vəsatət verməsi öz əksini tapmır.

28. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma və qiymətləndirmə aparılmışdır, buna görə də əlavə qiymətləndirmə aparılmasına zərurət yoxdur.

29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e2(006)-970/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, e2(006)-970/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar