Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4267/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “Nikoyl” X1 X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bank “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23-M-1-0-596-14 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 7.120 ABŞ dolları, kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.522 ABŞ dolları, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin borcalan Cavabdeh1 və onun yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər borclulardan – Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizəni təmin etmişdir. Cavabdeh1 tərəfindən məhkəmə əmrinə dair verilmiş etiraza baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv etmiş və iddia icraatına keçmişdir. Bundan sonra Bank, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsaslanar “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş və onunla borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” və xx.xx.2015-ci il tarixli “Kredit və zaminlik müqavilələrinə əlavə müqavilələr” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 7.119,51 ABŞ dolları, kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.244,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 897,70 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin borcalan Cavabdeh1 və onun yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən – Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit müqaviləsinin” şərtlərinə əsasən, Cavabdeh1 kredit borcunu ödəniş cədvəlində göstərilənlərə uyğun məbləğdə və vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmini üsulu kimi iş üzrə digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 borcalan Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərinin icrasına zamin durmuş və bu barədə onlarla Bank arasında xx.xx.2014-cü il tarixli “Zaminlik müqavilələri” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq cavabdehlər Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Bank cavabdehlərin müraciətinə əsasən xx.xx.2015-ci il tarixdə onlarla “Kredit və zaminlik müqavilələrinə əlavə müqavilələr” bağlamışdır ki, bu əlavənin şərtinə görə, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 28 faizdən 26 faizə endirilmiş, kredit qaytarılma müddəti isə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Buna baxmayaraq cavabdehlər Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri yenə də icra etməmiş, Banka olan borcu ödəməmişlər. Nəticədə cavabdehlərin Banka 7.119,51 ABŞ dolları məbləğində əsas kredit borcu, 2.244,79 ABŞ dolları məbləğində faiz borcu, 897,7 ABŞ dolları məbləğində cərimə borcları yaranmışdır. Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” və xx.xx.2015-ci il tarixli “Kredit və zaminlik müqavilələrinə əlavə müqavilələr” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.967,92 ABŞ dolları, kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.244,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və cərimə borcu olaraq 30 ABŞ dolları, cəmi isə 9.242,71 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş gününə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 265 manatın ödənilməsi məqsədi ilə 240 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada, 25 manat məbləğində pulun isə iddiaçı Bankdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsini qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh1 əsas kredit borcundan 1.880,49 ABŞ dolları, faiz borcundan isə 1.834,52 ABŞ dolları ödəniş etmişdir. Belə olan halda, əsas borcun məbləği 6.967,92 ABŞ dolları təşkil edə bilməz. Ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 6.967,92 ABŞ dolları müəyyən edilməsi anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmaması nəticəsində rəy əsaslı hesab edilə bilməz. Bundan başqa Rayon Məhkəməsi cərimə borcu əsassız olaraq azaltmışdır. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı Bankın nümayəndəsi və digər cavabdehlər apellyasiya baxışının iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Odur ki, Məhkəmə, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını apellyasiya şikayəti vermiş iddiaçı Banka münasibətdə yoxlamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi iddiaçı Banka münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Cavabdeh1 Bankdan kreditdən istifadəyə görə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit almışdır. “Kredit müqaviləsinin” şərtlərindən görünür, Cavabdeh1 kredit borcunu ödəniş cədvəlində göstərilənlərə uyğun məbləğdə və vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Zaminlik müqavilələrindən” görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmini üsulu kimi iş üzrə digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 borcalan Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərinin icrasına zamin durmuşlar. İşdə olan sənədlərdən görünür ki, qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq cavabdehlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Bank ilə cavabdehlərin arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit və zaminlik müqavilələrinə əlavə müqavilələrdən” görünür ki, bu müqavilələr ilə kreditdən istifadəyə görə illik faiz dərəcəsi 28 faizdən 26 faizə endirilmiş, kredit qaytarılma müddəti isə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İşdə olan sənədlərdən görünür ki, “Kredit və zaminlik müqavilələrinə əlavə müqavilələrin” bağlanmasına baxmayaraq cavabdehlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Bankın Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərdən və hesablamalardan görünür ki, öhdəliklərin icra edilməməsi səbəbindən cavabdehlərin iddiaçı Banka borcları yaranmışdır ki, əsas kredit borcun məbləği 7.119,51 ABŞ dolları, kredit borcuna hesablanmış faiz borcun məbləği 2.244,79 ABŞ dolları, kreditin ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən tətbiq edilmiş cərimənin məbləği isə 897,7 ABŞ təşkil edir. Bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İşin hallarından müəyyən edilir ki, bankın cavabdehlərə etdikləri xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödənilməmişlər. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıda artıq qeyd edildiyi kimi, Bankın Rayon Məhkəməsinə təqdim etdiyi hesablamalardan görünür ki, öhdəliklərin icra edilməməsi səbəbindən cavabdehlərin iddiaçı Banka borcları yaranmışdır ki, əsas kredit borcun məbləği 7.119,51 ABŞ dolları, kredit borcuna hesablanmış faiz borcun məbləği 2.244,79 ABŞ dolları, kreditin ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən tətbiq edilmiş cərimənin məbləği isə 897,7 ABŞ təşkil edir. Rayon Məhkəməsi iddia ərizəsi ilə cavabdehlərdən tutulması xahiş edilən borc məbləğlərinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Rayon Məhkəməsi tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2018-ci il tarixli, 3975 saylı rəydən görünür ki, Cavabdeh1 iddiaçı Banka 6.967,92 ABŞ dolları əsas, 1.323,52 ABŞ dolları faiz borcu var. Rayon Məhkəməsi ekspertizanın rəyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan pul məbləğləri ekspert rəyinə əsasən müəyyən edilməlidir. İddiaçı Bank apellyasiya şikayətində bildirir ki, ekspert rəyi həqiqəti əks etdirmir, lakin Rayon Məhkəməsi rəyə üstünlük vermişdir. Belə ki, Cavabdeh1 əsas kredit borcundan 1.880,49 ABŞ dolları, faiz borcundan isə 1.834,52 ABŞ dolları ödəniş etmişdir. Belə olan halda, əsas borcun məbləği 6.967,92 ABŞ dolları təşkil edə bilməz. Ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 6.967,92 ABŞ dolları müəyyən edilməsi anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmaması nəticəsində rəy əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, ekspert rəyini səhv hesab edən Bank, rəyi şübhə altına ala biləcək digər ekspertin və ya mütəxəssisin alternativ hesablamalarını məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cərimə borcu əsassız olaraq azaldılmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə cərimə borcunun azaldılması ilə bağlı Rayon Məhkəməsinin mövqeyini düzgün hesab edir və bildirir ki, Bankın tələb etdiyi cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan, Rayon Məhkəməsi bu borcu azaldaraq 30 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçı Banka münasibətdə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bankın apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Banka münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi iddiaçı Banka münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “Nikoyl” X1 X2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə iddiaçı Banka münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4267/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4267/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver