Məhkəmə qərarları › İş №2(103)-4268/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4268/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4268/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2762/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1874 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1904 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ**********97********) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 06 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən “Soliton LTD" MMC-dən dəyəri 830 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 734 manat borcu qalıb. İş üzrə Cavabdeh 12 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 744 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 130 manat borcu qalıb. İş üzrə Cavabdeh 23 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 832 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 180 manat borcu qalıb. İş üzrə Cavabdeh 04 aprel 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 643 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 295 manat borcu qalıb. İş üzrə Cavabdeh 05 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1020 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 255 manat borcu qalıb. İş üzrə Cavabdeh 22 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMCdən dəyəri 491 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 130 manat borcu qalıb. İş üzrə Cavabdeh 25 noyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 363 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər eldikdən sonra kreditora 150 manat borcu qalıb. Odur ki, cavabdehdən 1874 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1904 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2762/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, 06.05.2016-cı il, 12.08.2016-cı il, 23.09.2016-cı il, 25.11.2016cı il, 04.04.2017-ci il, 05.06.2017-ci il və 22.07.2018-ci il tarixli müqavilələrdəki imzalar ona məxsus deyil. Apellyasiya baxışı zamanı 17 iyun 2020-ci il tarixli qərardad ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və rəy alınanadək işin icraatı dayandırılmış, 07 sentyabr 2021-ci il tarixli qəradad ilə, icraatın dayandırılmasına səbəb olmuş hal aradan qaıxdığı üçün icraat təzələnmişdir. Məhkəmə kollegiyasınıln iclasında iştirak edən apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təqdim edilmiş eskpert rəyi razı olduğunu bilərərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək məhkəmə aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 may 2016cı il tarixli QQK4542448 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCdən hissə-hissə ödəniş şərti ilə 830 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Onun 26 manatını ilkin ödəmiş, qalan 804 manat məbləği 12 ay müddətinə, aylıq 67 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2017-ci il tarixli QQK4641254 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCdən hissə-hissə ödəniş şərti ilə 491 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Onun 47 manatını ilkin ödəmiş, qalan 444 manat məbləği 12 ay müddətinə, aylıq 37 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2017ci il tarixli QQK4640498 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCdən hissə-hissə ödəniş şərti ilə 1020 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Onun 0 manatını ilkin ödəmiş, qalan 1020 manat məbləği 12 ay müddətinə, aylıq 85 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli QQK4608092 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 363 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Onun 63 manatını ilkin ödəmiş, qalan 300 manat məbləği 6 ay müddətinə, aylıq 50 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2016-cı il tarixli QQK4607724 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 832 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Onun 4 manatını ilkin ödəmiş, qalan 828 manat məbləği 12 ay müddətinə, aylıq 69 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2017ci il tarixli QQK4640266 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCdən hissə-hissə ödəniş şərti ilə 643 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Onun 53 manatını ilkin ödəmiş, qalan 590 manat məbləği 10 ay müddətinə, aylıq 59 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016-cı il tarixli QQK4607439 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 744 manat məbləğində məişət avadanlığı əldə etmişdir. Onun 44 manatını ilkin ödəmiş, qalan 700 manat məbləği 10 ay müddətinə, aylıq 70 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC-nin 26.04.2018-ci il tarixli 469 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 06.05.2016-cı il tarixində bağlanmış QQK4542448 saylı müqavilə üzrə ödənilməmiş 734,00 AZN, 12.08.2016-cı il tarixində bağlanmış QQK4607439 saylı müqavilə üzrə ödənilməmiş 130,00 AZN, 23.09.2016-cı il tarixində bağlanmış QQK4607724 saylı müqavilə üzrə ödənilməmiş 180,00 AZN, 25.11.2016-cı il tarixində bağlanmış QQK4608092 saylı müqavilə üzrə ödənilməmiş 150,00 AZN, 04.04.2017-ci il tarixində bağlanmış QQK4640266 saylı müqavilə üzrə ödənilməmiş 295,00 AZN, 05.06.2017-ci il tarixində bağlanmış QQK4640499 saylı müqavilə üzrə ödənilməmiş 255,00 AZN, 22.07.2018-ci il tarixində bağlanmış QQK4641254 saylı müqavilə üzrə ödənilməmiş 130,00 AZN olmaqla ümumilikdə 1874,00 AZN əsas (qalıq) borcu vardır. İddiaçı məhz qeyd olunan müqavilələrə istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də müqavilə əsasında cavabdehin öz öhdəliklərini icra etmədiyi qənaəti ilə iddianı təmin etmişdir. Bununla belə, cavabdeh həmin kredit müqavilələrini mübahisələndirərək iddiaçı ilə adıçəkilən müqavilələri bağlamadığını bildirmişdir. Apellyasiya baxışı zamanı işin obyektiv həlli üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 4/1011 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(103)-4268/2021 nömrəli mülki işin 2-ci vərəqəsində olan QQK4542448 nömrəli, 06.05.2016-cı il tarixli; i.v 5də olan QQK4608092 nömrəli 25.11.2016-cı il tarixli, i.v 6-da olan QQK4607724 nömrəli 23.09.2016-cı il tarixli, i.v 7-də olan QQK4640266 nömrəli 04.04.2017-ci il tarixli kredit müqavilələrində “alıcı Cavabdeh İmza” qrafalarındakı imzalar- CavabdehTofiq oğlu tərəfindən icra olunmuşdur, mülki işin 3-cü vərəqəsində olan QQK4641254 nömrəli 22.07.2017-ci il tarixli, i.v4-də olan QQK4640498 nömrəli 05.06.2017-ci il tarixli, i.v 8-də olan QQK4607439 nömrəli 12.08.2016-cı il tarixli kredit müqavilələrində “alıcı Cavabdeh İmza” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçının istinad etdiyi kredit müqavilələrindən - QQK4641254 nömrəli 22.07.2017-ci il tarixli, QQK4640498 nömrəli 05.06.2017-ci il tarixli, QQK4607439 nömrəli 12.08.2016-cı il tarixli kredit müqavilələrində “alıcı Cavabdeh İmza” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsaslar olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki - QQK4641254 nömrəli 22.07.2017-ci il tarixli, QQK4640498 nömrəli 05.06.2017-ci il tarixli, QQK4607439 nömrəli 12.08.2016-cı il tarixli kredit müqavilələrindəki imzalar cavabdehə məxsus olmadığından, cavabdehin həmin müqavilələr üzrə iddiaçı qarşısında hər hansı öhdəliyinin olmamasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Beləliklə işin materialları ilə müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh tərəfi olduğu - QQK4641254 nömrəli 22.07.2017-ci il tarixli, QQK4640498 nömrəli 05.06.2017-ci il tarixli, QQK4607439 nömrəli 12.08.2016-cı il tarixli kredit müqavilələrinə imza etməmiş, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, həmin müqavilələr əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. İş materiallarından həmçinin görünür ki, Cavabdeh 12.08.2016-cı il tarixində bağlanmış QQK4607439 saylı müqavilə üzrə ödənilməmiş 130,00 AZN, 05.06.2017-ci il tarixində bağlanmış QQK4640499 saylı müqavilə üzrə ödənilməmiş 255,00 AZN, 22.07.2017-ci il tarixində bağlanmış QQK4641254 saylı müqavilə üzrə ödənilməmiş 130,00 AZN olmaqla 515 manat borc hesablanmışdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi - QQK4641254 nömrəli 22.07.2017-ci il tarixli, QQK4640498 nömrəli 05.06.2017-ci il tarixli, QQK4607439 nömrəli 12.08.2016-cı il tarixli kredit müqavilələri üzrə tələb edilən 515 manat borcun tutulması hissəsində ləğv edilməli, cəmi borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə cavabdehdən tutulmalı olan borcun cəmi məbləği 1359 manat (1874-515=1359) müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi qismən təmin edildiyindən ekpertiza tədqiqatının dəyəri olan 110 manat pul iddiaçı və cavabdehdən bərabər qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri cavabdehin özünə aid edilməlidir. Belə ki, Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasg Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2762/2019 saylı, 30 avqust 2019cu il tarixli qətnaməsi - QQK4641254 nömrəli 22.07.2017-ci il tarixli, QQK4640498 nömrəli 05.06.2017-ci il tarixli, QQK4607439 nömrəli 12.08.2016-cı il tarixli kredit müqavilələri üzrə tələb edilən 515 manat borcun tutulması hissəsində ləğv edilsin. Qətnamə cəmi borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan borcun cəmi məbləği 1359 manat (bir min üç yüz əlli doqquz) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat pulu 55 (əlli beş) manat hissəsi Cavabdeh, 55 (əlli beş) manatı hissəsi İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar