Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4271/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(008)-2955/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2020-ci il tarixdə doğulmuş X6. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2174/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin arasındakı nikah pozulmuş, xx.xx.2020-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 175 manat aliment, eyni zamanda 3 yaşınadək əlavə olaraq 50 manat aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)- 2174/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün tutulan aliment artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin, eyni zamanda mediasiya xərcləri üçün ödənilmiş 51 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X6 doğulmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-2174/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsilə tərəflərin nikahları pozulmuş, cavabdehdən Tapdıqın yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində aliment, 3 yaşına çatandək əlavə olaraq 50 manat aliment tutulmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(008)- 2955/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-2174/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş 175 manat alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulması, mediasiya xidməti üçün ödənilmiş 51 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və ondan xx.xx.2020-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancın (başqa gəlirlərin) dörddə bir hissəsində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə bağlı mövqeyim ondan ibarətdir ki, məhkəmə ondan işlədiyi və başqa gəliri-qazancı olmadığı halda artıq məbləğdə əsassız olaraq hər ay hər bir uşaq üçün 220 manat manat sabit pul məbləğində aliment tutmuşdur, Bildirir ki, o, Fövqəladə Hallar Nazirliyində işləyir və aylıq əmək haqqı 644 manat təşkil edir. Belə hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən onun 644 manat əmək haqqı almağını, başqa qazancı və gəliri olmadığını məhkəmə kollegiyası nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən onun əmək haqqının 1/4 hissəsinin aliment şəklində tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edə bilər. Ona görə də Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, məndən tutulmalı olan alimentin miqdarı azaldılmalı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment təyin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən onun məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün heç bir tədbir görülməmiş, işi yekunlaşdıraraq qətnamə qəbul etmişdir. Halbuki, Аzərbаycаn Rеspubliкаsı Mülki Prosessual Məcəllənin 185.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Məhkəmə cavabdehin maddi vəziyyəti ilə bağlı heç bir araşdırma aparılmamışdır. Lakin buna baxmayaraq məhkəmə əsassız olaraq iddianı aliment hissəsində təmin etmiş, qətnaməsini formal mülahizələrlə bir cümlə ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa ilk dəfə aliment məbləği təyin edilərkən həmin dövr (təqvim ili) üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat müəyyən edilsə də, iddiaçı uşaq üçün 170 manat sabit pul məbləğində alimentin və 3 yaşına qədər 100 manat əlavənin tutulmasını xahiş etmişdir. 2023-cü il üçün isə bu məbləğ 220 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşağının maddi tələblatlarını ödəməyə məcburdur. Apellyasiya şikayətinin hazırki mübahisə üzrə cavabdehin maddi vəziyyətinin məhkəmə tərəfindən araşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəti Sabunçu rayon Məhkəməsinin 2(008)-2174/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 175 manat aliment, eyni zamanda 3 yaşınadək əlavə olaraq 50 manat aliment tutulması müəyyənləşdirilərkən iddiaçının xahişi, eləcə də həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 220 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının artan tələbatını təmin etməlidir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlili iddia tələbinin rədd və ya təmin edilməsinə deyil, alimetin növünün dəyişdirilməsinə yönəlmiş yeni tələbdir ki, bu hal qanunvericinin şərtləri baxımından hazırkı halda yol verilən deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması və uşaqların gündəlik və günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan, eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına, həmçinin onun ***-***-**-** saylı telefon nömrəsinə sms bildiriş göndərilmiş və bildiriş ona çatdırılmış, lakin təyin olunan məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(008)- 2955/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə