Məhkəmə qərarları › İş №2(103)-4272/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4272/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4272/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh1 Abdülgül oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Abdülgül oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-441/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Abdülgül oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Abdülgül oğlundan və Cavabdeh2 981,90 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 22.01.2017-ci il tarixinə 588,15 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% ilə hesablanmış 188,72 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 792,06 manat cərimənin, cəmi 2550,83 manat (iki min beş yüz əlli manat səksən üç qəpik) borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22.07.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 22.07.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, 2016-cı ildən ödəniş etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 22.07.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 həmin kredit üzrə banka olan əsas borcu 981,90 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 22.01.2017-ci il tarixinə faiz borcu 588,15 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış faiz borcu 188,72 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə 792,06 manat olmaqla, cəmi borcu 2550,83 manat təşkil edir. Cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən 03.11.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin bildirir ki, bundan əvvəl qeyd olunan cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, iddia ərizəsi icraata götürülmədən geri qaytarılmış, geri qaytarılma barədə qərardaddan verilmiş şikayət isə təmin edilməmişdir. Hazırki iddia ərizəsi 03.11.2020-ci il tarixdə tərtib edilməklə məhkəməyə göndərilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-441/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fuad Hüseynov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-441/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Cavabdeh1 Abdülgül oğlu arasında bağlanmış 22 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond” adlanacaq) “kredit borcunun qaytarılması” tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Abdülgül oğlu 981.90 manat əsas, 588.15 manat faiz, 792.06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188.72 manat faiz, cəmi 2550.83 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-441/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən iş üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Qətnamə qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehlə bank arasında 22.07.2015-ci il tarixində kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti 22.01.2017-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən 3 illik iddia müddəti keçməmiş 13 dekabr 2019-cu ildə iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət edilmişdir. Lakin, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixlin Fərmanın icrası ilə əlqadər mülki iş icraata götürülməsini qeyri-mümkün hesab etmiş və geri qaytarmışdır. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin cavabdehə restrukturizasiyasının aparılması məqsədilə təklif göndərilmişdir və fərmanın icrası ilə bağlı müvafiq tədbirlər bank tərəfindən görülmüşdür. Lakin hal-hazıradək cavabdeh göndərilmiş təkliflərə baxmayaraq kredit borcunun restrukturizasiyası üçün müraciət etməmiş və təklif olunan restrukturzasiya məbləğini qəbul etmir. Həmçinin fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmışdir və bank tərəfinizdən yenidən 03 noyabr 2020-ci ildə Qaradağ rayon məhkəməsinə müraciət olunduqda Qaradağ Rayon Məhkəməsinin 2(002)-441/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia müddəti tətbiq edilərək iddia təmin edilməmişdir. Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, iş üzrə qəbul edilmiş qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdir. Fərman vətandaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Çünki, həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarın 1-ci maddəsində göstərilir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu hallar birinci instansiya məhkəməsində bank tərəfinizdən verilən izahatlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri əsasız olaraq nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: İşə baxılasının vaxtı və yeri barədə iddiaçıya və digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiy iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 22.07.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Təbriz” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2015-ci il tarixli, İKM 295 saylı istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 28% olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.07.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 22.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 13.10.2020-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışlardan görünür ki, Cavabdeh1 22.07.2015-ci il tarixli, İKM 295 saylı kredit müqaviləsi üzrə banka 981,90 manat əsas borc, müqavilənin bitdiyi 22.01.2017-ci il tarixinə 588,15 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% ilə hesablanmış 188,72 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 792,06 manat cərimə olmaqla, cəmi 2550,83 manat məbləğində borcu vardır, hesabdan çıxarışlara görə 2016-cı ildən sonra borclu tərəfindən kredit üzrə ödəniş aparılmamışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 22.07.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti 22.01.2017-ci il tarixdə başa çatmışdır. İddiaçının 03.11.2020-ci il tarixli iddia ərizəsi 08.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 3 (üç) ildən çox vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh borclu məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004cü il tarixli qərarları). Daha əvvəl iddia ərizəsinin baxılmamış saxlanması səbəbindən iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddia ərizəsinin baxılmamış saxlanması iddia müddətinin axımının dayanmasına səbəb olan hal olmadığından iddia müddətinin ötürülməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili əsaslı ola bilməz. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Qeyd edilən hüquq normasının tələblərinə əsasən, iddiaçı iddia müddətini ötürdüyündən iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-441/2021 saylı, 10.02.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar