Məhkəmə qərarları › İş №2(103)-4273/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4273/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4273/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)-2647/2023 nömrəli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2647/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair idia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X4 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət göndərərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2647/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmadığını nəzərə almamışdır. Məhkəmə hüquqi əsas olmadan iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edib. Nəticədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş və qanunu səhv təfsir etmiş, prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Bu pozuntular yanlış qərardad çıxarılmasına səbəb olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)- 2647/2023 nömrəli qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Bakı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023cü il tarixli, 2(008)-2647/2023 nömrəli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddianı geri qaytararkən mübahisənin məhkəməyə qədər nizama salınmasına iddiaçı tərəfindən riayət edilməməsi qənaətinə gəlsə də kollegiya bunu qanuni hesab etməməklə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış nisyə alqə-satqı müqaviləsi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya –yazılı təklif və ya etiraz göndərmək vəzifəsi qoymur. Hazırki vəziyyətdə yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin pretenziya qaydasınada riayət olunmamasına istinadla iddia ərizəsinin geri qaytarılmasına prosessual əsas olmamışdır. Kollegiya hesab edir ki, hazırki halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Bu baxımdan birinci instansiya məhkəməsi məhz həmin əsasla iddianı geri qaytarmaqda haqlı olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı şikayəti təmin edilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)-2647/2023 nömrəli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)- 2647/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi üzrə iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar