Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4274/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi, iddia müddəti fərdi müdafiə vasitəsidir”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)- 1103/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" İKB (İddiaçı) ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borcalan Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verilməsi və zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən bu müqavilə üzrə borc öhdəliklərinin yerinə yetiriməməsinə görə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla borcalanla eyni həcmdə bank qarşısında birgə cavabdeh olması haqqında bağlanmışdır.
2. Kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 19000 ABŞ dolları məbləğində pul verilmişdir.
3. xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, "xxxx" İKB (İddiaçı) ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kreditin verilməsi haqqında qeyd olunan müqaviləyə dəyişiklik edilməsi, kreditin 30 ay 18 gün müddətinə, yəni xx.xx.2016-cı il tarixədək verilməsi haqqında razılıq əldə edilmişdir.
4. xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələrdən görünür ki, "xxxx" İKB (İddiaçı) ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kreditin verilməsi haqqında qeyd olunan müqaviləyə dəyişiklik edilməsi, kreditin 52 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək verilməsi, kreditin illik 26 % dərəcəsi ilə verilməsi haqqında razılıq əldə edilmişdir.
5. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 22-M-1-0-808- 14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 494,84 ABŞ dolları, sonuncu ay isə 488,45 ABŞ dolları məbləğində ödəniş etməklə yerinə yetirməlidir.
6. Maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2022-ci il tarixə 12306,3 ABŞ dolları əsas, 4500,06 ABŞ dolları faiz borcu və 574,25 ABŞ dolları məbləğində cərimə, əldən çıxmış fayda kimi 2091,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 19471,66 ABŞ dolları məbləğində borcu mövcuddur.
7. Cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərdən 5 gün müddətində yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. Hesabdan çıxarışdan görünür ki, tərəflər arasında kredit müqaviləsinin müddətinin bitməsindən sonra borc üzrə 05.01.22, 09.02.22 və 11.03.22-ci il tarixlərində ödənişlər aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 29 may 2014 il tarixli kredit müqaviləsi üzrə 12306,3 ABŞ dolları əsas borc, 4500,06 ABŞ dolları faiz borcu, 143.5625 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29 sentyabr 2018 il tarixdən, 28 yanvar 2022 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 2091,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 19040.9725 ABŞ dolları borcun və 187.11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 may 2014 il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 29 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28 yanvar 2022-dək Cavabdeh1 banka 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12306,3 ABŞ dolları əsas borc, 4500,06 ABŞ dolları faiz borcu, 574,25 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29 sentyabr 2018-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 2091,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 19471,66 ABŞ dolları borcu vardır. Cavabdeh1 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 574.25 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 143,5625 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. 11.Birinci instansiya məhkəməsindəki icraatda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/3217 nömrəli məhkəmə mühasibatlıq ekspertiza tədqiqatına dair ekspert rəyinə əsasən, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinin bitmə müddətinə, yəni xx.xx.2018-ci il tarixədək 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, cəmi 14099,52 ABŞ dolları, tələb olunan tarixə yəni xx.xx.2022-ci il tarixədək 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716,72 ABŞ dolları olmaqla cəmi 15816,24 ABŞ dolları məbləğində borcun mövcüd olması müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
12. Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər və iş üzrə verilmiş ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC qarşısında 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716,72 ABŞ dolları olmaqla cəmi 15816,24 ABŞ dolları məbləğində borcu yaranmışdır.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Lakin iş üzrə Cavabdeh2 tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq edilməsinə dair verilmiş ərizəni nəzərə almaqla, məhkəmə, tərəflər arasında yaranmış münasibətlərin aralarında bağlanmış kredit müqaviləsi əsasında yerinə yetirilməmiş öhdəliklər üzrə irəli gəlməsini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə müddətinin xx.xx.2018-ci il tarix olmaqla iddia müddətinin axımı həmin tarixdən, yəni öhdəliklərə dair icra müddəti bitdikdən sonra başlanmış, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehlərin üzərinə götürdüyü öhdəliyin icra etməyə məcbur edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddia isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə borcun tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Eyni zamanda məhkəmə, kredit müqaviləsinin müddətindən bitməsindən sonra aparılmış ödənişlərə münasibətdə həmçinin qeyd etmişdir ki, həmin ödənişlər qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti bitdikən sonra aparıldığından bu halın iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilməsi, müddətin yenidən hesablanması üçün əsas kimi qəbul edilməsi yolverilməzdir və qanuna uyğun deyil. Həmçinin həmin pul məbləğlərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən geri tələb edilməsi də qanunla nəzərdə tutulmamışdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci, 375.2-ci, 377.1-ci, 377.2-ci, 380-ci, 383-cü, 385-ci, 425-ci, 427-ci, 439-cu, 442-ci, 448-ci, 462-ci, 470-ci, 472-ci, 739-cu eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373- cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
16. İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə kredit və zaminlik müqavilələri bağlanmış və cavabdehlər bank qarşısında öhdəlik götürmüşdürlər. Kredit müqavilələri üzrə öhdəliklər icra edilmədiyindən tərəflər arasında kredit müqavilələrinin mübahisələndirilməsinə dair İddiaçıASC məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekpert rəyinə əsasən tərəflərin bank qarşısında öhdəliyinin mövcud olması müəyyən olunmuşdur. Həmçinin cavabdehlər tərəfindən müxtəlif tarixlərdə ödənişlər aparılmışdır. Bu səbəbdən qeyd edilən kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq edilərək təmin edilməməsi əsassızdır. Bununla yanaşı qeyd edilməlidir ki, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7232/22 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdeh ilə bank arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı üçün məhkəməyə müraciət etmək tarixi son olaraq xx.xx.2021-ci il tarixə qədər olmuşdur. Hazırki iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367, 377.2, 380, MPM-nin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat:
22. İddiaçı ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1341/2023 saylı, 01 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7232/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
24. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, iddiaçının tələbləri irəli sürdüyü dəlillər əsasında hər bir cavabdehə münasibətdə mülki qanunvericiliyə uyğun qaydada yoxlanılmalı, mübahisə maddi və prosessual hüquq normalarına uyğun qaydada həll edilməlidir. Baxılan işdə məhkəmələr bütün cavabdehlərə qarşı yönəlmiş iddia tələblərini zamin Cavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişlər. Qeyd olunmalıdır ki, əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə zaminə münasibətdə bundan qabaq bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi müddətinin) keçib-keçmədiyinə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır. Baxılan işdə isə məhkəmlər hər bir cavabdehə yönəlmiş tələb üzrə sözügedən müddətlərin keçib-keçmədiyinə lazımi şəkildə hüquqi qiymət verməmiş, iddianı zamin Cavabdeh2 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin ərizənin nəinki başqa cavabdehlərə, hətta Cavabdeh2 özünə münasibətdə hüquqi əhəmiyyətini müzakirə etməmişlər. O da nəzərə alınmalıdır ki, cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da iddianın rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünü müdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər bir borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər bir cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Kollegiya onu da vurğulayır ki, zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürmək imkanına dair Mülki Məcəllənin 474.1-ci maddəsi bu mövqeyi istisna edən müddəa kimi qiymətləndirilə bilməz. Ona görə ki, əvvəla, MM-in 474.1-ci maddəsində zaminin irəli sürə biləcəyi “etiraz”lardan söhbət gedir. İddia müddəti isə dar (maddi) anlamda iddiaya qarşı etiraz olmayıb, bir müdafiə vasitəsidir. Kollegiya vurğulayır ki, cavabdehin iddiaya qarşı etirazı prosessual mənada müdafiə vasitələrindən istifadə imkanlarını da ehtiva etsə də, maddi hüquqi mənada “etiraz”la “müdafiə vasitəsi” bir-birindən fərqli institutlardır. Belə ki, etiaz bir hüququn yaranmasını və ya davam etməsini inkar edən hadisəyə istinad olunmasıdır. Başqa sözlə, etiraz qarşı tərəfin hüququnun mövcud olmadığını təsdiqləyən bir hadisənin irəli sürülməsidir - məsələn, əqdə əsaslanan iddia üzrə həmin əqdin etibarsızlığı, öhdəliyin icra səbəbilə xətm olması və s. Etiraz hadisə ilə bağlı olduğu üçün əgər həmin fakt iş materialları ilə təsdiqlənirsə hakim öz xidməti vəzifəsinə görə onu nəzərə almağa haqlıdır. Bu baxımdan cavabdehin baş vermiş hadisəni irəli sürməməsi və ya bundan imtina etməsinin hüquqi əhəmiyyəti olmur. Müdafiə vasitəsi isə kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir - məsələn, iddia müddəti, ləngitmə hüququ və s. Qeyd olunduğu kimi, tələb iddia müddətinin keçməsinə görə rədd edildikdə öhdəlik aradan qalxmır, sadəcə məhkəmə yolu ilə təqib edilməsi mümkün olmayan natamam öhdəlik vəziyyətinə keçir (bu səbəbdən müddət keçəndən sonra icra edilmişlər geri qaytarılmır). Müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə - cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil. Mülki Məcəllənin 474-cü maddəsindəki “etiraz” ifadəsi geniş mənada iddia müddətinin tətbiqini də ehtiva edən anlayış kimi qəbul edildikdə nəzərə alınmalıdır ki, normanın birinci cümləsindəki müddəanın məqsədi əsas borclunun irəli sürə biləcəyi etirazlardan zaminin də yararlana biləcəyini göstərməkdir. Odur ki, həmin qayda məqsədi xaricində, yəni zaminin əsas borclunun əvəzinə də iddia müddəti tətbiq etmək səlahiyyəti kimi təfsir və tətbiq oluna bilməz. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn zamin) iddia müddətini tətbiq etdikdən sonra borcludan asılı olmadan bu hüququndan imtina edə bilər. Yaxud əksinə, borclu iddia müddətindən istifadə etməsə belə, zamin bu hüquqdan yararlanmaqda sərbəsdir. Mülki Məcəllənin 474.1-ci maddəsinin ikinci cümləsində də qeyd olunur ki, “zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir” Kollegiya təkrarən qeyd etməkdə yarar görür ki, mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər zaminliyi daha uzun müddətə razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır. Beləliklə, yuxarıda göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Hazırkı işdə isə əsas borclu Cavabdeh1, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia da digər Cavabdeh2 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir. Bu mövqe iddia müddətinin tətbqinə dair yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
Yeni apellyasiya baxışı: apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
25. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
26. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etmir və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
30. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
32. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
33. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə nfv yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
34. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməsi düzgün olmamışdır.
35. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Cavabdeh1 münasibətdə maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia ona münasibətdə qismən haqlı sayılrdı.
36. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
37. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin iddia tələbinin Cavabdeh1 münasibətdə iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.
38. Kassasiya instansiyası məhkəməsi qərarında göstərildiyi kimi, birinci instansiya məhkəməsi bütün cavabdehlərə qarşı yönəlmiş iddia tələblərini zamin Cavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişdir. Lakin əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə zaminlərə münasibətdə əvvəlcə bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi müddətinin) keçib-keçmədiyinə hüquqi qiymət verməli idi, lakin bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Normada bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Zaminlərin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan ehtiyac qalmır. Ona görə də məhkəmə iddianı zamin Cavabdeh2 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin ərizənin artıq zaminliyə xitam verildiyi üçün onlara münasibətdə əhəmiyyətinin qalmadığını və bu cür ərizənin digər cavabdehlərə tətbiq edilməsinin mümkün olmadığını nəzərə almamışdır. Yəni, cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da iddianın rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır.Çünki, iddia müddətinin keçməsindən istifadə etmək hər bir borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir.Bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər bir cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. Bununla bağlı, Mülki Məcəllənin 387.1 və 512-ci maddələrinin tələbləri mövcuddur.
39. Göründüyü kimi, kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər zaminliyi daha uzun müddətə razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır. Demək ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməzdi. Yəni, əsas borclu Cavabdeh1, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ona qarşı iddia da digər Cavabdeh2 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir ki, bu da qanuni və əsaslı sayıla bilməz.
40. Göstərilənlərlə yanaşı, iddiaçı 29 may 2014 il tarixli kredit müqaviləsi üzrə 12306,3 ABŞ dolları əsas borc, 4500,06 ABŞ dolları faiz borcu, 143.5625 ABŞ dolları cərimə və 29 sentyabr 2018 il tarixdən, 28 yanvar 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 2091,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 19040.9725 ABŞ dolları tələb etsə də birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspertiza rəyinə əsasən 29 may 2014 il tarixli kredit müqaviləsi üzrə 28 yanvar 2022-ci il tarixə 11.180.40 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 2417,40 ABŞ dolları faiz borcu, 29 sentyabr 2018 il tarixdən, 28 yanvar 2022 il tarixədək geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716.72 ABŞ dolları məbləğində borcun olduğu müəyyən edilir, həmin məbləğin üzərinə 143.5625 ABŞ dolları cərimə məbləğini gəldikdə isə, cəmi 15458.0825 ABŞ dolları borcun mövcud olduğu təsdiq olunur. Ona görə də həmin məbləğ yalnız borcalandan alınaraq iddiaçıya ödənilməlidir. 41.Beləliklə, yuxarıda şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)-1103/2022 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməli; Cavabdeh1 29 may 2014 il tarixli kredit müqaviləsi üzrə 11.180.40 ABŞ dolları əsas borc, 2417,40 ABŞ dolları faiz borcu, 143.5625 ABŞ dolları cərimə və 29 sentyabr 2018 il tarixdən, 28 yanvar 2022 il tarixədək geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716.72 ABŞ dolları, cəmi 15458.0825 ABŞ dolları borcun ödənişin icra olunduğu vaxtda Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və 187.11 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməli; İddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)-1103/2022 nömrəli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 29 may 2014 il tarixli kredit müqaviləsi və ona əlavələr üzrə 11.180.40 ABŞ dolları əsas borc, 2417,40 ABŞ dolları faiz borcu, 143.5625 ABŞ dolları cərimə və 29 sentyabr 2018 il tarixdən, 28 yanvar 2022 il tarixədək geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716.72 ABŞ dolları, cəmi 15458.0825 ABŞ dolları borcun ödənişin icra olunduğu vaxtda Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və 187.11 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri-100 (yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.