Məhkəmə qərarları › İş №2(103)-4277/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4277/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4277/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun qaytarılması” tələbinə dair 2(007)-425/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 5 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılması ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 06 iyul 2020ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10003 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 və Cavabdeh3 ilə bağlanan 06 iyul 2020-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra elməkdən boyun qaçırır. 2021-ci il noyabrın 12-dək Cavabdeh1 banka 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7575,5 manat əsas, 661,62 manat faiz, 97,23 manat cərimə borcu olmaqla, cəmi 8334,35 manat borcu vardır. Cavabdeh1 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 97,23 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 48,62 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qeyd olunanlara əsasən Cavabdeh1, Cavabdeh2 Fərmail oğlundan və Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 06 iyul 2020-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə 7575,5 əsas, 661,62 manat faiz borcu və 48,62 manat cərimə olmaqla, cəmi 8285,75 manat kredit borcunun və 102,86 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7053,85 manat əsas, 1134,04 manat faiz, 04 manat cərimə olmaqla, cəmi 8192,25 manat kredit borcunun və 102,86 manat dövlət rüsumu tutulması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, borcun tam ləğvi və ya güzəşt edilməklə faiz və cərimələrdən azad olunması barədə yeni qətnamə qəbul xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçı ilə bağladığı 06 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10003 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 və Cavabdeh2 ilə 06 iyul 2020ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. O, bir müddət qrafik üzrə ödəmələri müntəzəm həyata keçirmiş, sonradan maddi durumu pisləşdiyindən ödənişləri edə bilməmişdir. Bundan sonra 2-ci Qarabağ müharibəsində, həmçinin Şuşa döyüşlərində iştirak etmişdir. O, kredit borcunu heç vaxt ödəməkdən boyun qaçırmamışdır. Hazırda da qrafik üzrə ödəməyə hazırdır, buna baxmayaraq iddiaçı öz mülahizəsinə uyğun əsas borcdan əlavə 661,62 manat faiz borcu, 97,23 manat cərimə olmaqla, cəmi 8334,35 manat borc hesablamışdır, bu da işin faktiki halları ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi bu faktları nəzərə almayaraq iddiaçının xeyrinə 7053,85 manat əsas, 1134,04 manat faiz, 04 manat cərimə hesablamışdır. Apellyasiya baxışı zamanı xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, hazırda banka olan bütün borcunu ödəmişdir, onun iddiaçı banka heç bir borcu yoxdur. O, kredit öhdəliyini tam icra etməsi barədə bankın ona ünvanladığı məktubu məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tam hissəsində yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli, 22- MX-1-164-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10003 manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər həmin kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 9900 manat kredit nəğd olaraq verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixili maliyyə arayışından görünür ki, Cavabdeh1 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 7053,85 manat əsas, 1134,04 manat faiz, 368,18 manat cərimə olmaqla, cəmi 8556.07 manat borcu vardır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan məbləğdə krediti nəğd şəkildə cavabdehə vermişdir. Lakin sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir və xx.xx.2022-ci il tarixinə Cavabdeh1 Fərmail oğlunun 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 7053,85 manat əsas, 1134,04 manat faiz, 04 manat cərimə olmaqla cəmi 8192,25 manat borcu qalmışdır. Digər cavabdehlər Cavabdeh2 Fərmail oğlu və Cavabdeh3 isə müqavilə ilə üzərinə götürdükləri zaminlik öhdəliklərinə əməl etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçının iddia ərizəsində 661,62 manat faiz borcu tələb etdiyi və iş üzrə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilmədiyi halda iddia tələbindən kənara çıxaraq 1134,04 manat faiz borcunun tutulmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş "xxxx" ASC-nin 17 may 2022-ci il tarixdə Cavabdeh1 ünvanladığı məktubdan görünür ki, hal-hazırda 22-MX-1-164-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında heç bir öhdəliyi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh hazırda iddiaçı bank qarşısında öz öhdəliyini tam icra etmiş, kreditor icranı qəbul etmişdir, beləliklə də, öhdəliyə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.4-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(007)-425/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar